Nəşr bu fikri Patriarx Kirillin açılış nitqindən sitat gətirib: “Radikal əhalinin qeyri-mütənasib şəkildə fərqli siyasi kod, başqa tarixi təcrübə daşıyan miqrantlarla əvəzlənməsi mədəni qeyri-bərabərlik böhranına gətirib çıxara bilər, bu da öz növbəsində, şübhəsiz ki, əsasını pravoslav inancı təşkil edən rus dünyası üçün təhlükədir”.
İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin “Krokus Siti Hol” terror aktından sonra Rusiyada yanlış miqrasiya siyasəti ilə bağlı ilk ictimai həyəcan təbilini çalıb. Son bir ildə Dövlət Duması miqrasiya qanunvericiliyinə bir sıra düzəlişlər və əlavələr edib. Rusiya-Ukrayna müharibəsi səbəbindən əmək miqrantlarının axınının müəyyən qədər azalması da vəziyyətin idarəolunanlığına töhfə verir. Eyni zamanda hərbi and imzalamayan şəxslərin Rusiya vətəndaşlığından məhrum edilməsinə dair qanunvericilikdəki son sərtləşdirmə açıq şəkildə miqrantlara qarşıdır.
Görünür, hakimiyyətin atdığı addımların məntiqinə görə, Patriarx Kirill rus dünyasının sivilizasiyalı gələcəyindən bu qədər narahat olmamalı idi ki, pravoslav inancına qarşı təhlükədən danışsın. Hər halda Rus Pravoslav Kilsəsinin lideri daha dərin bir məsələyə toxunub. Rusiya-Ukrayna müharibəsi artıq pravoslav xristianlığına ağır zərbə vurub: Ukrayna ayrıca kilsə yaratmağa məcbur olub.
Moskva Patriarxlığı Kiyev üzərində mənəvi hegemonluğunu itirib. Paralel olaraq Rusiyada müsəlman ruhanilərin də təsiri artıb. Putin hakimiyyəti açıq şəkildə İslamı dəstəkləyir. Qeyri-rəsmi məlumatlara görə, Rusiya hakimiyyəti Moskva Patriarxlığını Kazanda pravoslav xristianlığını qəbul etmiş tatar icmasının yaradılması, ruhani lider təyin edilməsi təşəbbüsünə son qoymağa çağırıb və Patriarx Kirill geri addım atıb.
Tatarıstan lideri Rüstəm Minnixanov isə ona qarşı Vladimir Putinə şikayət təqdim edib. Görünür, Patriarx Kirill pravoslav inancına qarşı bu təhlükəyə eyham vurur. Moskva və Bütün Rusiya Patriarxlığı ilə Kreml arasında ziddiyyətlər barədə məlumatlar uzun müddətdir ki, dolaşır. Məlumatlar var ki, Putin və Kirill arasındakı soyuqluq patriarxın İvan Qroznını müqəddəsləşdirmək ideyasını rədd etməsi və onu “dəli qatil” adlandırması ilə başlayıb.
Bundan əlavə, o bu təsviri ictimai duada səsləndirdi. Bu, Putinin yaxın ətrafına belə təəssürat yaradıb ki, Kirill Rusiya prezidentinin də bənzər eyham vurur. Belə olub-olmamasından asılı olmayaraq, fərziyyə üçün yer var, lakin bu halda rəsmi şəkildə formalaşdırılmış nöqteyi-nəzərlə üzləşirik. Şübhəsiz, bu nöqteyi-nəzər Rus Pravoslav Kilsəsinin ruhani təbəqəsinin kollektiv baxışını ifadə edir və bəlkə də Patriarx Kirill bunu mümkün qədər diplomatik, incə şəkildə hazırlanmış formada səsləndirib.
Rusiya Ukraynaya qarşı müharibədən obyektiv olaraq nə qazanacaq və ya Avrasiya seçiminin praktiki faydası nədir? Bu sualları, görünür, təkcə bir neçə rusiyalı ekspert deyil, həm də Rus Pravoslav Kilsəsi, rus ziyalılar, elm, incəsənət və mədəniyyət xadimləri, siyasi qruplar səsləndirirlər. Patriarx Kirillin fikrini ünvana uyğun deşifrə etsək, Putinin geosiyasi seçimi ilə Rus Pravoslav Kilsəsinin mənəvi-dəyər inancı bir-birinə ziddir.
Asif Cəfərov
Ordu.az