Türkiyə MİT-in illərdir istifadə etdiyi gizli cihazlar – Kərpicdə dinləmə cihazı, robot qalstuk? (FOTOLAR)

2024/11/1730532587.jpg
Oxunub: 806     15:28     09 Dekabr 2024    
Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) internet saytındakı “Xüsusi Kolleksiya” bölməsində keçmişdə casusluq və kəşfiyyat fəaliyyətlərində istifadə edilən köhnə dinləmə cihazlarını nümayiş etdirməyə başlayıb.

Ordu.az-ın məlumatına görə, bu kolleksiyada 1965-ci ildən 2000-ci illərin əvvəllərinə qədər məxfi əməliyyatlarda istifadə edilən maraqlı cihazlar diqqət çəkib.

MİT-in internet saytında sərgilənməyə başlayan bəzi parçalar kəşfiyyat tarixi baxımından diqqət çəkib. Məsələn, Türkiyə səfirliyinin binasında səfirin otağına kərpicin içinə gizlədilmiş dinləmə cihazı gizli şəkildə yerləşdirilib.

Diqqəti çəkən başqa bir şey isə gizli kameralı “robot qalstuk”dur. Broş kimi görünsə də, içərisindəki kiçik kamera sayəsində gizli şəkildə görüntülər çəkə bilməsi ön plana çıxır.


Bundan əlavə, dövrün ən çox istifadə edilən, lakin riskli üsullarından biri olaraq ayaqqabının dabanına gizlənmiş dinləmə cihazlarına üstünlük verilib.


Kəşfiyyat tarixinin diqqətəlayiq məqamları

2000-ci illərin əvvəllərindən bəzi əməliyyatlarda istifadə edilən, radio ötürücüləri olan “siqaret qutuları” da var. Bu qurğular sayəsində asanlıqla ünsiyyət qurmaq mümkün olub. Bir sözlə, bu kolleksiya casusluq dünyasında istifadə olunan köhnə, lakin çox kreativ vasitələri görmək imkanı verir.


Önə çıxan bəzi detallar isə belədir:

Kərpicdə dinləmə cihazı: 1965-ci ildə Türkiyənin Avropadakı səfirliyinin binasında səfirin otağında dinləmək üçün istifadə edilən domofon cihazı tapılıb. 1976-cı ildə Avropadakı başqa bir səfirlik binasında kərpicin içinə yerləşdirilmiş dinləmə cihazı ələ keçirilib.


Robot qalstuk: 1965-1980-ci illər arasında istifadə edilən və 1,5 santimetr diametrli broş şəkilli kameraya sahib olan bu cihaz əməliyyatlar zamanı görüntülərin çəkilməsinə şərait yaradıb.

Ayaqqabı dabanına gizlədilmiş dinləmə cihazı: Ayaqqabının dabanına yerləşdirilən bu cihazlardan 1967-1989-cu illər arasında geniş şəkildə istifadə edilib.


Siqaret qutusunda simsiz ötürücü: 2000-ci illərin əvvəllərində istifadə edilən siqaret qutuları şəklində simsiz ötürücülər əməliyyatlarda təsirli bir vasitə olub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   MİT  


Bizi "telegram"da izləyin