Ordu.az xəbər verir ki, nümayəndə heyəti kənddə Slovakiya tərəfindən həyata keçiriləcək “Smart village” – “Ağıllı kənd” layihəsi ilə tanış olub.
Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov qonaqlara ətraflı məlumat verib. Bildirib ki, üçüncü "Ağıllı kənd" layihəsi Ağdam rayonunun Baş Qərvənd kəndində reallaşacaq. Digər əvvəlki layihələrdən fərqli olaraq Baş Qərvənd kəndinin Slovakiya Respublikasının mütəxəssisləri tərəfindən layihələndirilərək “ağıllı kənd” kimi bərpası nəzərdə tutulur.
“Sözsüz ki, bu layihə də Azərbaycan dövlətinin vəsaiti hesabına həyata keçiriləcək. Amma burada tətbiq ediləcək “ağıllı həllər” məhz Slovakiyanın mütəxəssisləri və mühəndisləri tərəfindən reallaşdırılacaq. Hesab edirik ki, bu da bərpa prosesində baş verən yeniliklərdən biridir. Qeyd edim ki, layihə çərçivəsində ümumilikdə ərazisi 476 hektar olan bir kəndin tamamilə yenidən qurularaq “ağıllı kənd” kimi bərpası nəzərdə tutulur. Kəndə birinci mərhələdə 5500, ikinci mərhələdə isə 1170 nəfərin köçürməsi planlaşdırılır. Kəndə əvvəlcə 915, növbəti mərhələdə isə 622 ailə köçürüləcək”, - E.Hüseynov vurğulayıb.
O əlavə edib ki, layihəyə cari ilin dekabrından başlanılması planlaşdırılır.
Qonaqlara məlumat verilib ki, müasir dövrdə şəhər və kəndlərdə göstərilən xidmətlərin keyfiyyətinin, təhlükəsizliyinin, səmərəliliyinin artırılması, informasiya texnologiyalarının tətbiqi, habelə həmin xidmətlər üzrə mövcud resursların effektiv istifadəsi və idarə olunmasının təmin edilməsi yaşayış məntəqələrində dayanıqlı inkişafın əsas prioritetlərindəndir. Bu imkanlar şəhər və kəndlərdə göstərilən xidmətlərin növbəti inkişaf mərhələsində funksional, genişmiqyaslı “ağıllı şəhər” və “ağıllı kənd” xidmətlərinə keçidi şərtləndirir. Azərbaycanda “ağıllı şəhər” konsepsiyasının tətbiqi ilə bağlı araşdırma aparılması və pilot layihə həyata keçirilməsi imkanlarının müəyyən edilməsi Prezident İlham Əliyevin 2020-ci il 27 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nda öz əksini tapıb. Prezident İlham Əliyev 2021-ci il aprelin 19-da “ağıllı şəhər” (Smart City) və “ağıllı kənd” (Smart Village) konsepsiyasının hazırlanması haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, konsepsiyanın hazırlanması ilə əlaqədar İşçi qrup yaradılıb.
Diqqətə çatdırılıb ki, ilk belə layihənin təməli isə işğaldan azad edilmiş Zəngilan rayonunda qoyulub. 2021-ci il aprelin 26-da Prezident İlham Əliyevin iştirakı ilə təməli qoyulan “Ağıllı kənd” layihəsində Türkiyə, İsrail, İtaliya və Çinin qabaqcıl şirkətləri iştirak ediblər.
Qeyd edilib ki, işğaldan azad olunmuş ərazilərin bərpası ilə bağlı Prezident İlham Əliyevin özünəməxsus baxışı var. Dövlətimizin başçısı dəfələrlə bəyan edib ki, erməni işğalçıları tərəfindən dağıdılmış şəhər və kəndlərimiz ən müasir texnologiyalara əsaslanan “ağıllı kənd”, “ağıllı şəhər” konsepsiyaları əsasında bərpa olunacaq.
***
Ölkəmizdə səfərdə olan Slovakiya Respublikası Milli Şurasının sədri Boris Kolların rəhbərlik etdiyi parlament nümayəndə heyəti sentyabrın 6-da Azərbaycanın işğaldan azad edilmiş ərazilərində olublar.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən
Ordu.az-a verilən məlumata görə, nümayəndə heyətini Milli Məclisin deputatı, parlamentin Slovakiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Anar Məmmədov, Slovakiyanın Azərbaycandakı səfiri Milan Layçak və digər rəsmi şəxslər müşayiət ediblər.
Səfər çərçivəsində qonaqlar Füzuli Beynəlxalq Hava Limanına gəliblər.
Qonaqları qarşılayan Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov onlara Füzulu və Zəngilan hava limanlarının maketlərini göstərib, limanların texniki göstəriciləri barədə danışıb.
Emin Hüseynov, həmçinin qonaqları Füzuli şəhərinin bərpası planı ilə tanış edib, rayonda və azad edilmiş ərazilərdə yaradılacaq müasir ifrastruktur, "Ağıllı şəhər", "Ağıllı kənd" və “Yaşıl enerji” layihələri çərçivəsində görülmüş işlərlə bağlı geniş məlumat verib.
Sonra Füzuli şəhərinə yola düşən səfər iştirakçıları burada erməni barbarlığının izləri ilə tanış olublar. Qonaqlara 30 illik işğal dövründə Ermənistanın ölkəmizə qarşı törətdiyi cinayətlər, bu ərazilərin Ermənistan tərəfindən minalarla çirkləndirilməsi, aparılan minatəmizləmə işləri, Füzulidə görülən və görüləcək işlər, Füzuli şəhərində inşa edilən yaşayış məhəlləsi barədə də məlumat verilib.
Sonra Şuşaya gələn qonaqlar Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonundakı xüsusi nümayəndəsi Aydın Kərimov ilə görüşüblər.
Görüşdə Aydın Kərimov Boris Kolların Şuşaya növbəti səfərini yüksək qiymətləndirib. Söhbət zamanı Azərbaycan və Slovakiya şəhərləri arasında olan münasibətlərin inkişaf etdiyi, ikitərəfli əlaqələrin müsbət yöndə irəlilədiyi diqqətə çatdırılıb.
Xüsusi nümayəndə qonaqlara Şuşa şəhərin tarixi, işğal dövründəki vəziyyəti və Şuşada cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa nəzarəti altında aparılan quruculuq işləri, şəhərdəki tarixi abidələrin bərpası və nəzərdə tutulan planlar barədə məlumat verib.
Sonra qonaqlar Cıdır düzündə olublar. Bildirilib ki, qəhrəman əsgərlərimiz böyük şücaət göstərərək sıldırım qayalarla Cıdır düzünə qalxmış, canları və qanları bahasına Şuşanı işğaldan azad etmişlər. Bu gün Cıdır üzü işğaldan əvvəl olduğu kimi, möhtəşəm tədbirlərin keçirilməsi məkanına çevrilib.
Səfər çərçivəsində slovakiyalı parlamentarilər Ağdam rayonunun Baş Qərvənd kəndində olublar.
Burada Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov qonaqlara “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” və proqram çərçivəsində görülən işlər barədə məlumat verib. Bildirilib ki, proqram çərçivəsində ən önəmli komponentlərdən biri də “Ağıllı kənd” və “Ağıllı şəhər”lərin tikintisidir.
Bu istiqamətdə üçüncü belə bir layihə Ağdam rayonunun Baş Qərvənd kəndində reallaşacaq. Əvvəlki layihələrdən fərqli olaraq Baş Qərvənd kəndinin ağıllı kənd layihəsi Slovakiya Respublikasının mütəxəssisləri tərəfindən layihələndirilərək Azərbaycan dövlətinin vəsaiti hesabına həyata keçiriləcək.
Bildirilib ki, Baş Qərvənd kəndi “Ağıllı kənd” layihəsi çərçivəsində tamamilə yenidən bərpa olunacaq və işğaldan azad edilmiş ərazilərə qayıdan keçmiş məcburi köçkünlər yenidən burada məskunlaşdırılacaq.
Ordu.az