Gəncə İH-dən
Ordu.az-a verilən məlumata görə, Niyazi Bayramov Doron Peeri Gəncə şəhərində görməkdən məmnun olduğunu bildirib.
O qeyd edib ki, Gəncə müasir Azərbaycanın ikinci böyük şəhəri olaraq, respublikanın elmi və mədəni həyatında, həmçinin iqtisadi inkişafında xüsusi yerə malikdir. Gəncədə AMEA-nın Gəncə bölməsi, üç ali təhsil müəssisəsi, iki orta ixtisas təhsil müəssisəsi fəaliyyət göstərir. Eyni zamanda, şəhərdə xeyli sayda tarixi abidələr, muzeylər, müasir mədəniyyət ocaqları və istirahət parkları mövcuddur.
Şəhər rəhbəri onu da qeyd edib ki, burada müxtəlif xalqların nümayəndələri, o cümlədən yəhudilər də yaşayır. Yəhudi İcması Azərbaycanda ən fəal icmalardan biridir. Onlar dostluq və qardaşlıq şəraitində yaşayır, öz dini bayramlarını, milli adət-ənənələrini qoruyub saxlayırlar.
Bununla yanaşı, Gəncənin Azərbaycanın ikinci böyük sənaye şəhəri olduğu qonağın diqqətinə çatdırılıb. Bildirilib ki, şəhərdə hazırda, “Azəralüminium” MMC, “Gəncə avtomobil zavodu” İstehsalat Birliyi, “Gəncə Şərab - 2” və digər iri müəssisələr fəaliyyət göstərir ki, bu da Gəncənin iqtisadi potensialının inkişafında böyük rol oynayır.
Doron Peer səmimi görüş və ətraflı məlumat üçün Niyazi Bayramova öz təşəkkürünü bildirib. O qeyd edib ki, səfər çərçivəsində Gəncənin bir sıra müəssisələrini ziyarət edəcək. Azərbaycan Dövlət Aqrar Universitetində görüşlər keçirəcəyini bildirən diplomat, tələbə mübadiləsi proqramı üzərində müzakirələrin aparılacağını qeyd edib. Bununla yanaşı, o Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutuna və “Gəncə Şərab – 2” ASC-yə baş çəkəcəyini deyib.
Görüşdə Azərbaycan-İsrail münasibətlərindən söz açılıb, ikitərəfli mümkün iqtisadi əməkdaşlıq imkanları da müzakirə edilib.
Sonda qarşılıqlı xatirə hədiyyələri təqdim olunub, şəkil çəkdirilib.
Ordu.az