Azərbaycan-Cənubi Koreya Hökumətlərarası Birgə Komissiyasının iclası olub - FOTOLAR

2023/06/ca773-1686140236.jpg
Oxunub: 315     16:01     07 İyun 2023    
Bu gün Seuda Azərbaycan və Cənubi Koreya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın III iclası keçirilib.

Ordu.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, Komissiyanın Koreya tərəfdən həmsədri, bu ölkənin ticarət, sənaye və energetika nazirinin müavini Jeong Daejin Azərbaycan nümayəndə heyətini salamlayaraq bildirib ki, iki ölkə yüksək iqtisadi və mədəni əlaqələrə malik dost ölkələrdir. O, diqqətə çatdırıb ki, ötən il Azərbaycanla Cənubi Koreya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi qeyd olunub.

Komissiyanın Azərbaycan tərəfdən həmsədri, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov ölkəmizin ötənilki makroiqtisadi göstəriciləri və iki ölkə arasında ticarət dövriyyəsinin həcmi barədə məlumat verib. O, bildirib ki, Azərbaycan Cənubi Koreyanın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır.

S.Məmmədov Koreya nümayəndə heyətinə 44 günlük Vətən müharibəsi nəticəsində Ermənistan işğalından azad edilmiş Azərbaycan ərazilərində aparılan yenidənqurma və bərpa işlərindən danışıb. O, diqqətə çatdırıb ki, işğaldan azad edilən ərazilər “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyası əsasında yenidən qurulur və bu region “yaşıl enerji” zonası elan olunub.

Nazir müavini Azərbaycanda nəqliyyat və rəqəmsallaşma sahəsində həyata keçirilən işlər, Orta Dəhlizlə daşımaların asanlaşdırılması üçün görülən tədbirlər haqqında məlumat verib. O, xüsusilə vurğulayıb ki, Zəngəzur dəhlizinin reallaşdırılması regionda sabitliyə və inkişafa öz töhfəsini verəcək və onun tranzit potensialını gücləndirəcək.

İclas zamanı qarşılıqlı investisiyalar, sənaye, ticarət, kənd təsərrüfatı, energetika, təhsil, səhiyyə, mədəniyyət və turizm sahələrində əməkdaşlıq imkanlarına dair geniş müzakirələr aparılıb, sonda protokol imzalanıb.

Komissiya 28 avqust 2012-ci ildə Bakıda imzalanmış “Azərbaycan və Cənubi Koreya arasında iqtisadi əməkdaşlıq haqqında Saziş”ə əsasən yaradılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Azərbaycan   Cənubi-Koreya  


Bizi "telegram"da izləyin