Ordu.az xəbər verir ki, Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, ardınca “Qarabağnamə” adlı videoçarx nümayiş etdirilib.
Konfransda çıxış edən BMU-nun rektoru, professor Havar Məmmədov, Fitoterapevtlər İctimai Birliyinin sədri, tibb elmləri doktoru Məlahət Qəhrəmanova, Əməkdar incəsənət xadimi, “Qarabağın flora və faunası” layihəsinin ideya müəllifi Fəxriyyə Xələfova, Ombudsman Səbinə Əliyeva Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının təbiətinin zənginliyindən danışıblar. Çıxışlarda bu təbii gözəlliklərin erməni vandalları tərəfindən qəsdən məhv edilməsi, bundan irəli gələn ekoloji fəlakətlər, həmin ərazilərin flora və faunasının işğaldan əvvəlki və mövcud vəziyyəti ilə bağlı məlumatlar diqqətə çatdırılıb.
İşğal dövründə Qarabağda baş verən ekosidin yalnız Azərbaycan üçün deyil, ümumilikdə bəşəriyyət üçün ciddi faciələrə yol açdığı bildirilib, işğal olunmuş ərazilərdə aparılan qeyri-qanuni fəaliyyət, onun meydana gətirdiyi ekoterrorun acı nəticələri faktlarla sadalanıb. Qarabağ torpaqlarında ətraf mühitə, ekosistemə, flora və faunanın vahidliyinə vurulan sistemli zərbələrin təbiətdə tarazlığın pozulmasına gətirib çıxardığı qeyd olunub, bu terrorun səbəblərinin beynəlxalq müstəvidə araşdırılaraq hüquqi qiymət almasının vacibliyi vurğulanıb.
Həmçinin çıxışlarda ekosidin yalnız milli zəmində deyil, qlobal məkan üçün ciddi təhdidlər doğurduğu bildirilib. Diqqətə çatdırılıb ki, ermənilər tərəfindən yürüdülən ekoloji terror siyasəti nəticəsində 30 il ərzində ölkəmizin təbiətinə, o cümlədən biomüxtəlifliyinə, flora və faunasına, həmçinin su mənbələrinə ağır zərbələr vurulub, transsərhəd çay olan Oxçuçay uzun illər Ermənistan ərazisində kəskin çirklənməyə məruz qalıb, Cənubi Qafqazın ikinci böyük çayı olan Araz və şirin su ehtiyatları qəsdən çirkləndirilib. Bu faktların Ombudsman Aparatı tərəfindən beynəlxalq aləmin diqqətinə çatdırılması üçün geniş hesabat hazırlanıb.
Daha sonra deputatlar Qənirə Paşayeva, İlham Məmmədov, Müşfiq Məmmədli, AMEA Coğrafiya İnstitutunun baş direktoru, coğrafiya elmləri doktoru Zakir Eminov çıxışlarında mövzunun önəmini vurğulayıblar. Çıxışlarda Qarabağdakı ekoloji terrorun yalnız bir ölkəyə qarşı deyil, ümumilikdə bəşəriyyətə qarşı yürüdülən siyasət olduğu bildirilib, beynəlxalq ictimaiyyətin Ermənistanın qanunsuz fəaliyyətini sərt şəkildə qınamalı və müvafiq addımlar atmalı olduğu bəyan edilib.
Konfransda işğal zamanı Ermənistan tərəfindən törədilmiş ekoloji cinayətlərin acı nəticələri geniş müzakirə olunub.
Ordu.az