Rusiya-Ukrayna mühariəsində ən vacib faktor – CƏSARƏT (ANALİZ)

2022/02/56756-1645774903.jpg
Oxunub: 4154     11:36     25 Fevral 2022    
Qərb yenidən Vladimir Putini lazımınca qiymətləndirmədi. Rusiya prezidenti dəfələrlə Ukraynanın real ölkə olmadığını, Ukraynada Rusiya tarixi torpaqlarının olduğunu və Ukrayna prezidenti Vladimir Zelenskinin Qərbin marionetakası və qeyri-qanuni lider olduğunu bəyan edib. Noyabr ayına qədər 100.000-dən çox rus əsgəri ölkəni üç tərəfdən mühasirəyə alıb və Ağ Ev yaxınlaşan hücumla bağlı daha çox xəbərdarlıqlar edib. Bununla belə, Qərbdə bir çox adam buna inanmadı, ağıllı və təcrübəli ekspertlər Putinin blef etdiyinə əmin idi. Onlar onun “qılınc çəkməsini” sadəcə danışıqlar masasımda əlini gücləndirmək üçün bir hiylə olduğunu düşünürdülər.

Sonra Putin Ukraynaya hücuma başladı. Fevralın 24-də səhər saatlarından başlayaraq Rusiya qüvvələri Ukraynanın 27 regionunun ən azı 17-sində yerləşən hərbi obyektlərə və hava limanlarına raket zərbələri endirib və bu, ən çox məhdud müdaxilə gözləyən bir çox analitikləri təəccübləndirib. Zərbələr qurudan, dənizdən və havadan endirilib. Ukrayna ordusunun məlumatına görə, Ukrayna qüvvələri Rusiyanın 7 təyyarəsini, 7 helikopterini vurub, 24 tank və 20-dən çox zirehli texnikasını zədələyib və ya məhv edib. Ukrayna tərəfdən 130-dan artıq itki var. Zərər geniş olsa da, Ukrayna təslim olmayıb. Ölkə parlamentinin deputatı Andrii Osadçuk deyir ki, ruslar gözlədikləri kimi hərəkət edə bilmədilər: “Birinci günün yekunu: ruslar planlaşdırdıqları və gözlədiklərindən çox az şey əldə etdilər. Ukrayna döyüşür”.

Axşama yaxın rus qoşunları Dnepr çayının ikiyə böldüyü Kiyevə yaxınlaşırdı. Paytaxtın bir çox yolları dardır və hərəkət etmək çətindir. Yerli sakinlərin bəziləri silahlıdır. “Ukrayinska Pravda” xəbər saytının məlumatına görə, döyüş zamanı şəhərləri qorumaq üçün kiyevlilərə 10.000 avtomat verilib. Parlament üzvlərinə də AK-47-lər təklif olunub.

Televiziya kanllarında minlərlə insanın təhlükəsiz yerə qaçmağa çalışmalarını, Kiyevdən Ukraynanın qərbindəki Lvova gedən yollardakı tıxacları görmək mümkündür. Minlərlə insanın öz ölkələrini müdafiə etmək üçün ərazi müdafiə birləşmələrinə qoşularaq yaşadıqları yerdə qalmağa üstünlük verib. Könüllülər silahlı qüvvələrin rəsmi hissəsidir və ağır silahlardan istifadə etmək səlahiyyətinə malikdirlər. Ukraynanın ABŞ-dakı səfiri Oksana Markarova deyir ki, ukraynalılar döyüşəcək: “Təkcə bizim cəsur və həvəsli ordumuz deyil, bütün ukraynalılar savaşacaq”.

Putin Ukraynaya daxil olmaqla çox səhv hesablamalar aparıb. O, sürətli hücum həyata keçirə, hətta Kiyevi də ələ keçirə bilər. Lakin bundan sonra daha çətin hissə gəlir. Ukrayna xalqı heç vaxt Moskvanın ölkəyə yeni prezident seçməsinə imkan verməyəcək. Azadlıq arzusu sonsuzdur və ukraynalılar bunun uğrunda öləcəklərini sübut ediblər.

Ümumiyyətlə, Putinin oynadığı oyun öz bəhrəsini verəcəkmi? Bu, Moskvanın məqsədlərini necə müəyyənləşdirdiyinizdən asılıdır. Putin 2014-cü ildə ciddi şəkildə Ukraynada başlayan qərbləşmə cəhdini dayandırımaq, NATO birliyini məhv etmək, ABŞ-ı hörmətdən salmaq və Avropa təhlükəsizlik arxitekturasını yenidən yazmaq istəyir. O, Ukraynadan dörd məqsədə çatmaq üçün şans kimi istifadə edir.

Çox güman ki, Rusiya Ukraynanın aviasiya sistemlərini məhv edəcək və bu zaman rus tankları daha rahat irəliləyə biləcək. Bundan sonra şiddətli küçə döyüşləri başlaya bilər. Rusiyanın hərbi gücü Ukraynanı kütləvi şəkildə üstələsə də, kiçik ölkənin bəzi üstünlükləri var. Ukraynalılar illərdir Moskvanın ilk növbədə Krımı, sonra isə Donbası ələ keçirmək cəhdinə müqavimət göstərir. Ukrayna qoşunları yüksək motivasiyaya malikdirlər, ərazini yaxşı bilir və hazırkı böhranı ekzistensial olaraq görürlər. Başqa sözlə, Putin böyük güc tətbiq etsə, bütün ölkəni ələ keçirə bilər, amma onu əbədi saxlaya bilməyəcək. Xüsusilə Ukrayna millətçilərinin məskəni hesab olunan qərb hissədə müqavimət şiddətli olacaq. Kiyevdə yerləşən “Razumkov Mərkəzi”nin yanvar ayında ukraynalılar arasında keçirdiyi sorğuda respondentlərin 45 faizi Rusiyanın işğalına qarşı silahlı müqavimət göstərəcəklərini bildirib.

Putinin arzular siyahısında növbəti yerdə Zelenskidən qurtulmaq durur. Ukrayna prezidentini devirmək asan olmayacaq. Müharibə keçmiş komediya aktyorunu vilayət siyasətçisindən vicdanlı dövlət xadiminə çevirdi. Zelenski və komandası 2021-ci ilin çox hissəsini hakimiyyəti gücləndirmək məhkəmə və antikorrupsiya islahatlarını gücləndirməklə keçirdi. Zelenskinin Ukraynada islahat edə bilməsi nə qədər ağır olsa da, Putinin aqressiyasına sərt reaksiya verdi. O, böyük fiziki cəsarət nümayiş etdirdi, bunkerdə oturmaqdan imtina etdi, bunun əvəzinə əsgərlərlə açıq ərazidə səyahət etdi və sarsılmaz vətənpərvərlik göstərdi.

Fevral ayında Qərb ona təslim olmaq və əvvəlcədən müəyyən edilmiş müddət ərzində ölkəsinin NATO istəklərini dondurmaq üçün təzyiq etdikdə, Zelesnki onlara mənfi cavab verdi. Qərb Donbasda müharibəyə son qoymağı nəzərdə tutan əlverişsiz Minsk razılaşmalarını həyata keçirməyə çalışarkən da Zelenski eyni şeyi etdi.

Zelenski və komandası həm doğru, həm də yanlış işlər görür. Ukrayna ilə Rusiya arasındakı uzun sərhəd Kiyevin ən böyük zəifliklərindən biri idi. Təəccüblüdür ki, ukraynalılar bunu aylar əvvəl möhkəmləndirmədilər. Ən azından onlar sərhədi PUA, minalar və əldəqayırma partlayıcı qurğularla gücləndirməli idilər. Ukrayna öz ehtiyat qüvvələrini səfərbər etmək üçün çox gözlədi. Zelenskinin mesajları isə uyğunsuz olub. O, təhlükənin böyük olmadığını söyləsə də, daha sonra isə rusların şimaldakı Xarkov şəhərini bir anda ələ keçirə biləcəyini vurğuladı.

Kiyevin hakimiyyət dəhlizlərində Putinin Zelenskidən qurtulmaq və daha çevik bir lider təyin etmək istədiyi barədə şayiələr dolaşır. Qısa videomüraciətində Zelenski Rusiya qüvvələrinin “1 nömrəli hədəfi” olduğunu söylədi. Moskvanın ən çox səhv hesablaya biləcəyi hissə isə liderlik məsələsindədir. Ukrayna 2014-cü ildə Rusiyayönümlü prezident Viktor Yanukoviçi hakimiyyətdən uzaqlaşdıran “Avromaydan” inqilabından sonra kəskin şəkildə dəyişib. Lakin Moskva dəyişikliyin nə qədər dərin olduğunu başa düşmür. Ukraynalılar 8 il ərzində təcavüzə tab gətirdikdən, sonrakı münaqişələrdə 14 min insanın ölümünə və 1,7 milyon insanın ölkə daxilində köçkünlüyünə məruz qaldıqdan sonra Kreml tərəfindən dəstəklənən lideri heç vaxt qəbul etməyəcəklər. Rusiya Zelenskini düzgün qiymətləndirmir. Zelenski bilir ki, o və ailəsi öldürülə bilər. Və yenə də o, heç nədən çəkinmir.

Putin şübhəsiz ki, uzun sürən müharibədə batmaqdan çəkinir. O bilir ki, müharibənin uzanması Rusiyada böyük itkilərə səbəb olacaq və beləliklə, bu, ölkə daxilində narazılıqlar yaradacaq. Lakin minlərlə rusiyalının etiraz əlaməti olaraq küçələrə çıxmasına səbəb olan Krımın ilhaqından sonra 8 il ərzində Putin özünü daxili narazılığa qarşı uğurla izolyasiya etdi.

Bütün bunları söyləmək lazımdır: Rusiya ictimaiyyətinin bəziləri Putinin müharibəsini bəyənməsələr də, etiraz etmək üçün çox da cəsarətli deyillər. Cümə axşamı günü 53 şəhərdə ruslar müharibəyə etiraz etmək üçün küçələrə çıxdılar və 1700 nəfər saxlanıldı, lakin acı reallıq odur ki, plakat qaldıran bir neçə min rus Putinə təhlükə yaratmır. Üstəlik, Rusiyanın Ukrayna ilə bağlı hekayələri güclüdür, rəy sorğuları göstərir ki, rusların əksəriyyəti Krımın ilhaqını və separatçıların ərazilərinin müstəqilliyini dəstəkləyir.

Ukraynalılar arasında isə Putin tamamilə fərqli bir problemlə üzləşir. Ukrayna sahillərindən iyirmi mil aralıda, Qara dənizdə İlan adası yerləşir. İşğal günü adaya yaxınlaşan rus gəmisi orada yerləşən 13 sərhədçidən silahlarını yerə qoymağı tələb edib. Onlar bundan imtina edərək sona qədər döyüşüblər, hər biri həlak olub. İlan adası kiçikdir, okeanda otla örtülmüş qayadan böyük deyil, lakin onun müdafiəçiləri təslim olmaqdan imtina edirdilər. Cəsarəti nəzərə almaq lazımdır…

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin