Cəbrayılın azad edilməsi üzrə əməliyyatlar digər istiqamətdən endirilən zərbə ilə müşayiət oluna bilər

2020/10/unnam-1601811233.jpg
Oxunub: 106445     16:11     04 Oktyabr 2020    
Cəbrayıl rayonu Azərbaycan Respublikasında inzibati ərazi vahididir. 8 avqust 1930-cu ildə təşkil edilən Cəbrayıl rayonu 4 yanvar 1963-cü ildə ləğv edilərək Füzuli rayonuna verilib, 17 iyun 1964-cü ildə isə yenidən yaradılıb. 23 avqust 1993-cü il tarixində rayonun ərazisi Ermənistan ordusu tərəfindən işğal edilib. İşğal nəticəsində rayona 13.928 milyard ABŞ dolları məbləğində ziyan dəyib. Cəbrayıllı məcburi köçkünlər respublikanın 58 rayonunun 2000-dək yaşayış məskunlaşıblar.

Cəbrayıldakı saysız-hesabsız abidələrin, mağaraların, qalaların, bürclərin, məbədlərin qalıqları bu yaşayış ərazisinin yaşının daha qədim olmasından xəbər verir.

Cəbrayıl Kiçik Qafqaz dağlarının cənub-şərqində, Gəyən düzü və Qarabağ silsiləsində yerləşir. Rayon cənubdan Araz çayı boyu İran İslam Respublikası ilə həmsərhəddir. Sahəsi 1049 kvadrat kilometrdir, ərazisi əsasən dağlıqdır. Araz çayının sahilində yerləşən Cəbrayıl ərazisində sıx Tuqay meşələri olub. Arazboyu düzənliklərin torpaqları yüksək məhsuldarlığa malik tünd şabalıdı torpaqlardır. Məhsuldar olan Arazboyu torpaqlarda Cəbrayılın iri kəndləri - Böyük Mərcanlı, Soltanlı və s. yerləşir. Cəbrayıl rayonunun ən yüksək zirvəsi Dağ Tumasdır (1580 m). Erməni işğalından əvvəl rayonda yaşı 400-500 olan 14 iri diametrli çinar ağacı, 104 kəhriz və 99 bulaq vardı.

Cəbrayıl ata VIII əsrdə yaşamış Sultan Əhməd adlı bir hökmdarın yaxın adamlarından biri olmuş və Ziyarət dağından Araz çayına qədər ərazilər Cəbrayıl ataya və onun övladlarına məxsus olub. Cəbrayıl kəndinin şimalında “Cəbrayıl ata” adı ilə məşhur olan bu məqbərənin uzunluğu 4,5 metr, eni 2,4 metr, hündürlüyü 1,8 metrdir ki, oradakı məzar və qədim yaşayış yerlərinin izləri indiyə qədər qalır. Digər mənbə və məlumata görə Cəbrayıl toponimi İslamda və monoteist dinlərdə Allahın ən yaxını olan Cəbrayıl adlı mələyin adı ilə əlaqədardır. Cəbrayıl ərazisi Midiya (e.ə VII-IV əsrlər), Əhəmənilər imperiyasının (e.ə IV-III əsrlər), Albaniya (e.ə IV -III əsrlər) dövlətlərinin tərkibində olub. Albaniya dövlətinin mövcudluğu zamanı rayonun ərazisi Pazkank, Əhristan və Dizaq adları ilə həmin dövlətin tərkibində olub. III-V əsrlərdə Dizaq mahalı Sasanilər tərəfindən işğal olunub. Xalq həyəcanından qorxan Sasanilər nəhayət Albaniyaya müstəqillik verdilər. VII əsrin ortalarında Cəbrayıl rayonunun ərazisi də Əməvilər xilafətinin tərkibinə qatıldı. Həm Babəkə qədər, həm onun dövründə, həm də ondan sonra ərəb istilaçılarına qarşı mübarizənin dayaq məntəqələrindən biri Cəbrayıl ərazisi olub. X-XI əsrlərdə (971-1086-cı illər) bu ərazilər Şəddadilər dövlətinin, XIII-XIV əsrlərdə Humanilər dövlətinin, XIV əsrdən (1387-ci ildən) Teymurilər, XV əsrdən (1412-ci ildən) Qaraqoyunlu dövlətinin, həmin əsrin 1478-ci ilindən Ağqoyunlu dövlətinin, 1502-ci ilin əvvəlindən Səfəvilər dövlətinin, XVIII əsrin II yarısından və XIX əsrin əvvəllərində Qarabağ xanlığının tərkibində olub. 1841-ci ildə Cəbrayıl ərazisi mərkəzi Şamaxı şəhəri olan Xəzər vilayətinin, 1846-cı ildə isə Şuşa qəzasının tabeliyinə verilib. 1873-cü ildə Cəbrayıl və ona qonşu olan ərazilər Şuşa qəzasının tərkibindən çıxarılaraq Yelizavetpol quberniyasının tərkibində Cəbrayıl qəzası yaradılıb. Bu vaxt qəzanın ərazisi 6.63 min km², əhalisi 66360 nəfər olmaqla indiki Cəbrayıl, Füzuli, Xocavənd, Qubadlı və Zəngilan rayonlarının ərazisini əhatə edib. 1876-cı ildə Cəbrayılda ilk rus məktəbi, 1912-ci ildə isə qızlar məktəbi açılıb. XIX-XX əsrin əvvəllərində Rusiya-İran dəmir yolu xəttinin Cəbrayıl ərazisindən keçən hissəsi çəkilib. 1905-1918-ci illərdə qəza Qaryagin qəzası adlandırılıb.

1930-cu il avqustun 8-də mərkəzi Cəbrayıl kəndi olmaqla, Cəbrayıl rayonu təşkil edildi. Rayonun ərazisi indiki hüdudları daxilində sahəsi 1050 km², əhalisi 24300 nəfər olub. Cəbrayıl rayon ərazisində 1 şəhər, 4 qəsəbə və 92 kənd olmaqla 97 yaşayış məntəqəsi yerləşir.

Rayonun ərazisi sement istehsalı üçün qiymətli xammal ilə, mərmər və başqa tikinti materialları ehtiyatları, dəmir filizi, hətta neft yataqlarının olduğu da məlumdur. İşğaldan əvvəl rayonun iqtisadiyyatının əsasını heyvandarlıq, üzümçülük və baramaçılıq təşkil edirdi. Son illər 60 min tondan yuxarı üzüm istehsal olunurdu. Rayonda üzümün ilkin emalı üçün zavod, tikiş, xalça, cihazqayırma sexləri, ümumiyyətlə 8 sənaye obyekti mövcud olub.

Birinci Qarabağ müharibəsi gedişində Cəbrayıl əhalisi uzun zaman ərzində erməni işğalçılarına qarşı rəşadətlə vuruşub. Gəncə qiyamı nəticəsində Azərbaycan ordusunun döyüş qabiliyyəti sarsılmış, ordu içinə siyasi ünsürlər daxil olmağa başlamış və bunun nəticəsində Ağdam rayonu işğal olunması Cəbrayıl və Füzuli rayonlarının işğalı üçün real zəmin yaratdı. Azərbaycanın Milli Qəhrəmanı Kazım Məmmədov, Şikar Aslanov, Vüqar Hüseynov, Akif Əkbərov və Vahid Quliyev Cəbrayılda anadan olublar.

1993-cü ilin avqust ayı ərzində rayon ərazisində fövqəladə vəziyyət elan edilib, erməni işğalçıları Azərbaycan ordusunun hələ 1992-ci ilin yayında işğaldan azad etdiyi Xocavənd rayonun kəndlərini yenidən işğal edərək Cəbrayıl şəhərinə yaxınlaşdı. Avqust ayı ərzində Cəbrayıl şəhəri güclü atəşə məruz qalmış, düşmən ordusunun atdığı qrad mərmiləri şəhərin bir çox yerlərinə zərər vurdu, mülki əhali arasında cox sayda ölənlər oldu. 15 avqust 1993-cü il tarixdə düşmən ordusu Cəbrayıl şəhəri yaxınlığında yerləşən Daşbaşı yüksəkliyini ələ keçirirərək orada növbə çəkən 23 nəfər Cəbrayıl gənci qətl edildi, onların meyidləri tanınmaz hala salındı.

18 avqust 1993-cü il tarixdə erməni işğalçıları şəhəri mühasirəyə alıb. Cəbrayıl fədailərinin və Zəngilan rayonundan köməyə gələn özünümüdafiə qüvvələrinin şiddətli müqavimətinə baxmayaraq Cəbrayıl şəhəri 1993-cü il 23 avqust tarixində Ermənistan tərəfindən işğal olunub. Birinci Qarabağ müharibəsi gedişində Cəbrayıl rayonu ümumilikdə 400 nəfərə yaxın şəhid verib. 1994-cü il Horadiz əməliyyatı zamanı şəhər mərkəzinə və Xudafərin körpüsü istiqamətində milli ordu irəliləsə də, Cəbrayılın yalnız Cocuq Mərcanlı kəndi azad olundu. 2 aprel 2016-cı il-in aprelində Cocuq Mərcanlı kəndində yerləşən Lələtəpə yüksəkliyi dördgünlük müharibə zamanı Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib.

Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalı davam etdirilsə də, rayonun Cocuq Mərcanlı kəndi 2016-cı ildə, Böyük Mərcanlı və Nüzgar kəndləri sentyabrın 27-də, Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri isə oktyabrın 3-də şanlı Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib.

Başlanan əks hücum əməliyyatında əsas zərbə istiqamətlərindən biri kimi Cəbrayıl rayonun seçilib. Ermənistan işğal etdiyi əraziləri sülh yolu ilə azad etməyəcəyi məlum olduğu üçün onların gələcəkdə mümkün hücumlarının qarşısına almaq üçün Ordumuz 2016-cı ildən daha fəal hazırlıqlara başlayıb. Aprel müharibəsində atəşkəsi pozan düşməni həm itkilərə məruz qoyaraq geri otuzdurmaq, həm də gələcək təcavüzkar fəaliyyətlərinə layiqli cavab vermək üçün Ordumuz müəyyən plasdarmlar əldə etmək məcburiyyətində qaldı. Ordumuz 2016-cı ildə Cəbrayıl rayonu ərazisində yerləşən Lələtəpə yüksəkliyini azad etməklə cənub istiqamətində hücuma keçmək üçün ideal bir plasdarm əldə edib. Bu plasdarm son döyüşlərdə işğal altındakı Cəbrayıl kəndlərinin azad edilməsində mühüm əhəmiyyt daşıdı.

Azad edilən ərazilərdə kifayət qədər çox sayda zirehli və zirehsiz texnikaları sursatları ilə birlikdə mövqelərdə qoyub geri çəkilən düşmən bu istiqamətdə canlı qüvvə baxımından da ciddi itkilərə məruz qalıb.

Azad edilən mövqelərin mühəndis təminatı əsasən Azərbaycanın işğal edilən kəndlərindəki evlərdən və üzüm bağlarından sökülən inşaat materialları hesabına aparılıb, döyüşlərə qədər kəşfiyyatının aparılması üçün elektron vasitələrdən və teleskopik kameralardan aktiv şəkildə istifadə edilib. Düşmənin mövqeləri, komanda müşahidə məntəqəsi, qərargah və artilleriya mövqeləri və s. betondan hazırlanan elementlərlə qorunub.

Ermənistan işğalçıları Azərbaycan Ordusununun zərbələri nəticəsində öz mövqelərini tərk etməsi mənəvi-psixoloji və taktiki üstünlüyün Ordumuzun tərəfinə keçməsinə səbəb oldu. Hazırda Hadrut və Fizuli istiqamətindən Cəbrayılda yerləşən erməni hissə və bölmələrinin təchizat yollarının, yol qovşaqlarının Ordumuz tərəfindən nəzarətə götürülməsi, müdafiə olunan erməni qoşunlarının yarılan müdafiə zolağının dərinliyində yerləşən hərbi obyektlərin, HHM vasitələrinin, komanda qərargah və komanda müşahidə məntəqələrin, tükənməkdə olan ehtiyatların və silah-sursat anbarlarının sıradan çıxarılması və birliyin sonrakı vəzifəsinin icrası istiqamətində aktiv fəaliyyətlər həyata keçirilir.

Baş verən bu hadisələr yaxın zamanda Azərbaycan Ordusunun perspektiv əməliyyatları üçün bəzi real ehtimalları irəli sürməyə imkan verir. Ermənistan silahlı qüvvələrinin Cəbrayılı müdafiə edən birinci və ikinci eşalon hərbi hissələrinin maddi-texniki təminatı Fizuli-Cəbrayıl yolundan istifadə etməklə Hadrut anbarlarından həyata keçirilir. Hadrutda isə hələ SSRİ vaxtından silah anbarlarının yerləşməsi məlum idi. Silahlı Qüvvələrimizin bu istiqamətdə hücumunun ilkin vəzifəsinə daxil edilən hakim yüksəkliklərin, təchizat və magistral yol qovşaqlarının ələ keçirilməsi düşmənin ehtiyat qüvvələrinin manevr imkanlarını və təchizat qabiliyyətini ciddi şəkildə məhdudlaşdırıb. Hadrutdakı maddi-texniki təminat bazalarının məhv edilməsi erməni silahlılarının 2-3 gündən üzun müddətdə müdafiə olunmasını istisna edir.

Son əməliyyatlar zamanı Azərbaycan Ordusunun dağ şəraitində aparılan əks hücum əməliyyatlarının xüsusiyyətlərini nəzərə alaraq, əsasən yaşayış məntəqələrinin deyil, hakim və ya strateji yüksəkliklərin əldə edilməsinə, inzibati ərazi vahidlərini birləşdirən yol qovşağlarına nəzarət edilməsi, bundan əvvəl isə həmin ərazilərdə yerləşən düşmən qüvvələrinin müqavimətini PUA, artilleriya və raket zərbələri ilə zəiflətməyə üstünlük verdiyi diqqəti cəlb edir. Bu isə düşmən tərəfin daha yüksək mövqelərdə yerləşməsinə baxmayaraq, daha çox itkilərə məruz qalmasına səbəb olur. Məhv edilən hərbi obyektlərin geniş assortimenti, yaxın günlər ərzində Ermənistan ordusunun müqavimət potensialının tükənəcəyini ehtimal etməyə əsas verir. Cəbrayılın azad edilən Böyük Mərcanlı, Nüzgar, Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərinin coğrafi mövqeyi, Fizuli istiqamətindəki hissə və bölmələrimizlə qarşılıqlı əlaqədə Cəbrayıl-Fizuli magistral yoluna nəzarət edilməsini, bu yolun tamamilə ələ keçirilməsi ilə əvəz edilməsinə şərait yaradıb.

Yaxın perspektivdə yeni azad edilən Horadiz kəndindən Pirəhmədli-Qarakollu istiqaəmətində hücumun inkişaf etdirilməsi, nəticə etibarı ilə Fizuli və Cəbrayıl istiqamətində erməni qoşunlarının Hadrut-Qarakollu marşrutu ilə həm təchizatını, həm də onların qaçılmaz olan geri çəkilməsi üçün yeganə təxliyyə yolunun bağlanmasına səbəb olacaq. Ermənistanın cənub qruplaşmasının tam darmadağın edilməsi məhz bu yolun bağlanması ilə başlanacaq. Ermənistan ordusunun geri çəkilməyi üçün istifadə edə biləcəyi alternativ marşrut Cəbrayıl-Arakül-Hadrut yolundan ibarət olar. Bunun üçün Arakül istiqamətində artilleriyanın cəmləşdirilən atəşindən istifadə edərək, düşmənin xaotik çəkilməsi səbəbindən itkilərini artıra bilərik.

Artıq bu istiqamətdə düşmənin müdafiə və atəş sistemi dağıdılıb, Ordumuzun hissə və bölmələri sonrakı vəzifənin yerinə yetirilməsinə başlayıb. 10-a yaxın kəndi və mövcud tək magistral yola nəzarəti itirən düşmən Cəbrayıl istiqamətində əməliyyat şəraitinə nəzarəti itirib və mövqelərindən daha sürətlə geri çəkilməyə məcbur olub.

Cəbrayıl rayonunun azad edilməsi üzrə əməliyyatlar digər istiqamətdən endirilən zərbə ilə müşayiət oluna bilər. Bu istiqamətdə düşmən ehtiyatlarının döyüşə daxil edilməsi ehtimalı getdikcə azalır, hər gün ərazi, şəxsi heyət və texnika baxımından ciddi itki verən düşmən mənəvi psixoloji sarsıntı içindədir, bu isə Ordumuzun gələcək əməliyyatlar zamanı düşmənin daha zəif müqavimət göstərməsinə və işğal etdiyi əraziləri daha sürətlə tərk etməsinə səbəb olacaq. Çıxılmaz vəziyyətdə qalan düşmənin mülki əhalini təkrar atəşə tutması ehtimalı böyükdür.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cəbrayıl  


Bizi "telegram"da izləyin