Kurort zonasından gözəl səngər, qarlı dağlardan görünməyən “sahil” - ÖN XƏTDƏN REPORTAJ

2019/10/Ordua-12575176512.jpg
Oxunub: 33042     10:57     24 Oktyabr 2019    
Goranboydan burulub gedən yol bizi əyri-üyrü dağ yolları ilə Azərbaycan Ordusunun cəbhə xəttində yerləşən döyüş mövqelərinə qədər gətirir. Payız özü ilə gətirdiyi gözəllikləri buradakı daşlara, ağaclara, dərələrə, meşələrə bağışlamaqda heç xəsislik eləməyib. Füsunkar bir mənzərənin qoynunda adamı çulğayan duyğular harada olduğunu unutdurmağa çalışsa da, bütün gözəlliklərin fonunda səssiz-səmirsiz dolaşan kabusu hiss etməmək olmur.

Səngərin ab-havası insan ruhunu bircə anda öz təsiri altına alır... Təzadların vəhdətidir buralar: Ətrafda ilahi bir gözəlik, ağ buludlarla naxışlanmış səma, bunların fonunda isə amansız müharibənin soyuq, sərt üzü... Təbiət sanki qoynunda gedən savaşdan ya xəbərsizdir, ya da onun gözəlliyinə məhəl qoymadan amalı, əqidəsi, Vətən sevgisi uğuruna mübarizə aparan bu insanlara laqeyd-laqeyd tamaşa etməyi vərdişə çevirib öz-özlüyündə...

“Küsmə təbiətin şıltaqlığından...”

Qoynundakı yollardan ötüb keçdiyimiz mənzərələr görkəmli şairimiz Zəlimxan Yaqubun bir beytini xatırladır:

“Küsmə təbiətin şıltaqlığından
Duman bu yerlərdən getmir, getməsin...”



Əsrarəngiz payız etüdlərini seyr edə-edə dağlı-dərəli meşə yolu ilə gəlib mənzil başına çatırıq. Bölmənin dayaq məntəqəsində maşından düşüb rasıtımıza çıxan hərbiçilərlə görüşürük. Müxtəlif rənglərlə boyanaraq qəribə bir görkəm almış kazarmanın qarşısında bir nəfər zabit qarşılayır bizi. Yan-yörədə də öz işləri ilə məşğul olan hərbi qulluqçular gözə dəyir. Hərə bir işin ardınca qaçıb-qovur. Dağların qoynunda təbiət o qədər gözəl və sakitdir ki, ilk baxışdan buranı hansısa kurort və ya istirahət mərkəzi hesab eləmək olar. Bölmənin ərazisindəki səliqə-sahman göz oxşayır. Çaya dəvət edilirik. Təbii ki, etiraz yoxdur. Belə çayı üzü aşağılarda günün günorta çağında əliçıraqlı axtarsaq da, ələ düşməz: Dağ döşü, qayalardan süzülüb gələn bulaq suyu, quru meşə odunu ilə qalanmış samovar və dəmkeşdə ahəstə-ahəstə dəm alan çay... Və bir də, öz şücaəti ilə, vüqarı ilə qürur verən Azərbaycan əsgəri ilə çay içmək... Yolların çətinliyindən bəhs edirik. Həmsöhbətlərimizin çöhrəsində təbəssüm yaranır.

“Hələ bu harasıdır? Qar yağanda gələsiniz. Gələ bilsəniz əgər” - üz-üzə oturub çay içdiyimiz gənc zabit gülümsənərək deyir bunu.

6 aylıq “qonaq gələn” qış, zirvələrdəki rahat “ev”lər, odunla bişən dağ çörəyi


Dağlarda qış qapını kəsib demək olar ki... Oktyabrdan ta aprelə qədər iqlimin və coğrafi yüksəkliyin törətdiyi çətinlikləri nəzərə alaraq burada qışa hazırlıq yay aylarından başlanır. Daimi olaraq səngər şəraitində döyüş növbətçiliyi aparan bölmələrin odun və ya maye yanacaq ehtiyatı yollarda gediş-gəliş çətinləşmədən yüksəkliklərdə olan postlara daşınıb. Eləcə də qış üçün ərzaq ehtiyatı xüsusi saxlama yerlərinə gətirilir, nəm və rütubətdən qorumaq üçün müvafiq şəkildə qablaşdırılır, isti geyim, yatacaq dəstləri təmizlənir və ya yeniləri ilə əvəzlənir.



Qonaq olduğumuz dayaq məntəqəsindən istər işğal altında olan əraziləri, istərsə də geri dönüb baxanda böyük bir ərazini müşahidə etmək mümkündür. Bu qədər hündürlükdə yerləşən bölmənin kazarma şəraitinin yüksək səviyyədə təşkil edilməsi inandırıcı görünmür. Əsgər yataqxanasında ciddi səliqə-sahman hökm sürür. Yataq otaqları ən müasir standarlara cavab verən hərbi hissələrdə olduğu kimi rahat, ortopedik yataq dəstləri, əsgər kravatı, yataq üzü, isti örtüklərlə təmin edilib.

Şəxsi heyətin gündə üç dəfə isti yeməklə təmin olunması əsgərlər arasında aşbazlıq təlim almış şəxslərin öhdəsinə düşür. Gündəlik çörək norması da elə bölmənin dayaq məntəqəsində bişirilir. Ərzaq norması iqlim və dağ şəraitinə uyğun normativlər əsasında müəyyən edilir...

Dağlarda döyüşə hazı olanlar, müharibədən yadigar qalacaq qalacıqlar

Döyüş şəraitinə gəlincə, burada döyüş mövqeyi də müasir mühəndis-istehkam qurğuları əsasında qurulub. Düşmənin hücumlarını dəf etmək üçün döyüş tapşırığını yerinə yetirən şəxsi heyətin mühafizəsi üçün tikilən qurğular ağır artilleriya və zirehli texnikaların açdığı atəşə davamlıdır. Qədim qalaları xatırladan bu tikililər arxa cəbhədən kömək gələnə qədər dağlarda döyüş aparan bölmələrə düşmənin istənilən hücum əməliyyatının qarşısını almağa imkan verir. Silah-sursat təchizatı da coğrafi imkanlara və döyüş şəraitinə görə yerinə yetirilib.


Ön xətdə döyüş növbətçiliyi aparan bölmələr arasında rabitə, qarşılıqlı kömək zərurəti yarandıqda intensiv əlaqə, döyüş əsnasında ağır yaralanmış hərbi qulluqçuların hospitalizasiyası üçün görüləcək tədbirlər ən ümdə məsələ kimi həllini tapıb.

Postlar müasir silahlarla təchiz olunub, şəxsi heyətin döyüş qabiliyyətinin artırılması məqsədilə əsgərlərə ciddi təlimlər keçirilib. Ərazinin və düşmən nəzarətində olan torpaqlarımızın daim müşahidə altında saxlanması üçün zəruri avadanlıqlar quraşdırılıb.

Vətən qarşısındakı ləyaqət borcu, hər dəqiqə gözlənən əmr...

Ərazidə qonaq olduğumuz müddət ərzində bizi müşayiət edən hərbçilərdən biri-müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş İmran Rəcəbov deyir ki, coğrafi şərait və iqlim nə qədər çətin olsa da, buradakı hərbi qulluqçuların hamısı öz xidməti borcunu ləyaqətlə yerinə yetirir və istənilən döyüşdə düşməni məhv etməyə hazırdır.

Həmsöhbət olduğumuz döyüş mövqeyindəki müşahidə vasitəsi ilə yüksəklik baxımndan eyni səviyyədə olan erməni ordusunun mövqelərini göstərib deyir ki, həmin ərazini işğaldan azad edəcəkləri anı səbirsizliklə gözləyirlər: “Fərqi yoxdur, qar lap adamboyu yağsın, nə qədər şaxta olur olsun, təki bizə “Hücum” əmri verilsin. Canla-başla yerinə yetirməyə hazır və qadirik”.


Həmsöhbət olduğumuz zabitlərdən biri, zabit T. Həsənov deyir ki, şəxsi heyətin mənəvi-psixoloji vəziyyəti ən yüksək həddədir. Xidməti borcunu yerinə yetirmək üçün ön xəttə göndərilmiş əsgərlər yetərincə döyüş bacarığına malik olmaqla yanaşı, həm də sarsılmaz döyüş ruhuna malikdirlər: “Bu şəraitdə xidmət etmək bəlkə də asan görünə bilər. Amma burada Vətən keşiyi çəkməyə hər baxmdan çox çətin keçilən xidmət yolu demək olar. Bir azdan hər tərəflə əlaqə kəsiləcək. Ancaq telefon vasitəsi ilə rabitə mövcud olacaq. Biz elə bil okeana çıxan dənizçi kimiyik-gülür- bir də 6 aydan sonra ayağımız “yerə dəyəcək”. Dağlar tamam qara bürünəndə ancaq döyüş mövqelərimizə gedən yolları tanıyırıq. Bu cığırlardan kənara çıxmaq da başqa bir təhlükədir”.

Ölüməbənzər sükut, əliboş geri qayıtmaq istəməyən əsgər

Posta tərəf üz tuturuq. Əlindəki durbin və postda quraşdırılmış müşahidə vasitəsilə qarşı tərəfə göz yetirən əsgərin üz-gözündən bilinir ki, əhval-ruhiyyəsi şuxdur. “Nəsə müşahidə olunur?” deyə verdiyimiz sualı “Tam sakitlikdir” deyib soyuqqanlılıqla cavablandırır.


Xidmətdə olduğu müddəti soruşuruq. Yarıya çatdırıb artıq... Gələn payız evlərinə dönəcək. Amma qalib əsgər kimi dönmək istəyir. Savaşın bu səngərdə başlayb işğal altındakı sərhədlərimizdə tamamlanması üçün duaçıdır: “Nə qalıb ki, xidmətin başa çatmağına? Çox az. Adam evə belə getmək istəmir. Qələbə çalmaq lazımdır bizə. “Döyüş” əmrini eşidəcəyim anı elə səbirsizliklə gözləyirəm ki... Düzdür, indi də döyüşdür. Amma yorucudur bu döyüş. Düşmənin əlində olan yerlərdə onun mövqe qurması ağır gəlir. Amma mütləq biz o yerləri mənfurlardan təmizləyəcəyik. Mən buna bir əsgər olaraq əminəm!”.

Döyüş növbəsi başa çatıb, posta tərəf irəliləyən silahdaşları onu postda əvəz eləməyə gəlir. Biz də başqa bir posta getməliyik. Sağollaşıb ayrılırıq...

“Qış yuxusuna” gedəcək “KaMAZ”, dəniz səviyyəsindən 2000 metrə yaxın hündürlükdə çay süfrəsi

Meşənin içindən keçən əyri-üyrü dağ yolu ilə başqa bir döyüş mövqeyinə üz tuturuq. Burada “KaMAZ” markalı hərbi maşın var. Bu yüksəkliyə necə gəlib çıxması ilə maraqlanırıq. “Bu il üçün son səfəridir bura”- zabitlərdən biri gülümsünüb sualımıza cavab verir: “Birinci yağışdan sonra daha maşın qalxa bilməyəcək buralara. Müəyyən yerlərə qədər gələ bilirlər. Ondan sonra ancaq piyada hərəkət etmək mümkündür”.

Yaxınlıqdakı kazarmanın qarşısında əsgərlər öz şəxsi əşyalarını sahmana salır. Hər kəs ona təhkim edilmiş silah-sursatı, əşyaları, döyüş ləvazimatlarını bir daha yoxlayır, təlimata və döyüş şəraitinə uyğun yerləşdirir.


Ocağın üstündə yemək bişirilir axşama. Meşə odunundan qalanmış ocağın tüstüsündə ətrafa yayılan qoxu adamda qəribə hisslər yaradır. Yeməyin ətri də bir yandan.... Samovar çayı isə hazırdır yenə. Bu dəfə də süfrəyə dəvətə “Yox” demirik. Dəniz səviyyəsindən 2000 metrə yaxın hündürlükdə olan bir postda süfrəyə bahalı və rəngarəng şokolad və konfet gətirilir... Təəccübümüzü və marağımızı gizlədə bilmirik.

Şərait haqda maraqlı söhbət edən zabit deyir ki, işlərini bəri başdan ehtiyatlı tutublar... Hələ yazın sonlarınadək yetəcək qədər konfet və şokoladları var. Şəxsi heyətin payı bir yana, hər gün qonaqları gəlsə də, şirniyyat süfrələri tükənməz.

İnanılmaz sahman, zirvələrdəki qardan təmiz üst-baş

Ətrafda gözə dəyən əsgərlərin üst-başı diqqət çəkməyə bilmir təbii ki. İnandırıcı görünməsə də, hər kəsin geyimi, səliqə-sahmanı könül oxşayır. Dağ-meşə şəraitində, müxtəlif infrastrukturlardan kifayət qədər uzaq bir məsafədə yerləşən döyüş mövqeyində bu qədər səliqəli qalmaq asan iş deyil.


Zabitlərdən biri bu barədə sualımıza cavab olaraq deyir ki, dağlıq ərazilərdə xidmət edən hərbi qulluqçulara diqqət çox yüksək səviyyədədir. Payız-qış mövsümündə çətin əlaqə saxlanıla bilən bölmələrin yollar açılana qədər maneəsiz xidmət aparması üçün hər cür təchizat və təminat ehtiyatı görülür. İqlimə uyğun alt və üst geyimləri, ayaqqabılar, başqa istilik ləvazimatları və s. zəruri vəsaitlər artıqlaması ilə mövcuddur.

Belə desək, sözün əsl mənasında, ziyarət etdiyimiz bütün döyüş mövqelərində gördüklərimizdən bu qənaətə gəldik ki, şəxsi heyətin sosial ehtiyacları və gündəlik tələbat normaları ilə yanaşı, bütün cəbhə boyu ön xətdə döyüş növbətçiliyinə çıxarılmış silah və döyüş texnikası, nəqliyyat vasitələri qış dövründə fasiləsiz və dayanıqlı istismara hazır vəziyyətə gətirilib. Bütün hərbi hissələrdə olduğu kimi cəbhədə xidmətə cəlb edilmiş bütün növ hərbi texnikalar mərkəzləşdirilmiş qaydada yanacaq-sürtkü materialları, digər zəruri ehtiyat hissələri və avadanlıqlarla təmin edilib.

Əsgər salamat qal, dağ salamat qal...

Axşam üstüdür. Havanın qaralmağa başlaması sanki getməli olduğumuza işarə edir. Düzü, ətrafdakı auradan və hərbçilərdən gördüyümüz xoş münasibətə görə buralardan ayrılmağa adamın ürəyi gəlmir. Amma neyləyəsən ki... Həmsöhbət olduğumuz hərbiçilər kimi, bizim də qarşımızda öz “səngərimiz”ə uyğun “döyüş tapşırığı”mız var: Səngərdə qulluq edən qəhrəmanlarımızın barəsində hazırlayacağımız yazını, onların əlçatmaz zirvələrdən göndərdiyi salamları, xoş arzuları öz ünvanına-oxuculara çatdırmaq...

Teymur Zahidoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan-ordusu   Səngər   Cəbhə   Əsgər  


Bizi "telegram"da izləyin