Ermənistan ordusunun "ded"lərinə bəraət verilir - ƏTRAFLI

2019/03/0aca7-1553838795.jpg
Oxunub: 22581     20:21     24 Oktyabr 2019    
Ermənistanda Apelyasiya Məhkəməsində B.Armen adlı erməni əsgərin işi üzrə verilmiş Apellyasiya şikayətinə Tavuş vilayət Məhkəməsində baxılıb. İş üzrə bəraət hökmü çıxarılıb.

Hadisə baş verən dövrdə B.Armen əsgər rütbəsində müddətli xidmət hərbi qulluqçusu olub. Ona qarşı Ermənistan Cinayət Məcəlləsinin 359 maddəsinin 3-cü hissəsi üzrə ittiham irəli sürülüb.

İttihama görə, B.Armen 2017-ci il 13-27 yanvar tarixlərində döyüş növbətçiliyinin tərkibində müşahidəçi olub. Tabeçilik münasibətləri olmadığı bir şəraitdə əsgər B.Armenin qarşılıqlı münasibət üzrə nizamnamə qaydalarını pozaraq, həmin hərbi hissənin hərbi qulluqçusu əsgər Q.Şavarşı daim təqib etməsi ağır nəticələrə səbəb olub.

İttihama əsasən əsgər B.Armen əsgər yoldaşı Q.Şavarşa qarşı öz ehtimal edilən üstünlüyünü vurğulayaraq, ona qəhvə, çay hazırlamaq, hazır çay və qəhvəni qazmadan (blindaj) gətirmək, öz əvəzinə çirkli qabları yumaq kimi şəxsi xarakterli xidmətlər göstərilməsinə dair göstərişlər verib.

Cinayət materiallarına görə 2017-ci il yanvarın 22-si saat 02:00 radələrində müşahidəçinin vəzifə borclarını yerinə yetirərkən Armen əsgər Şavarşa yatdığına irad bildirdikdən sonra, yalan danışdığına görə təhqir edib və onun çiyninə zərbə endirib.

Daha sonra yanvar 25-i gecə saat 03:30 radələrində hərbi qulluqçu B.Armen əsgər Şavarşı qazmada yatarkən yaxaladıqdan və irad bildirdikdən sonra saat 04:40 radələrində çöldə olan və üşüyən əsgər Şavarşı qazmaya buraxmayaraq, onu bu yolla cəzalandırmaq qərarına gəlib.

Saat 07:00 radələrində B.Armen əsgər Şavarşı yenidən yatdığı vəziyyətdə yaxalayıb. Onun hərbi geyiminin yaxasından tutaraq, silkələyib, onun ünvanına təhqirlər səsləndirib, ayağı ilə zərbələr endirib və fədakarlığının olmadığını bildirib.

İttiham materiallarına görə, baş verənlərin nəticəsində əsgər Q.Şavarşda “depresiya pozgunluğu”, ruhdan düşmüş vəziyyət halları yaranıb. Baş verənlərdən çıxış yolu tapmayan Q.Şavarş 2017-ci il 25 yanvar saat 07:40 - 08:30 radələrində ona təhkim edilmiş avtomat silahı ilə aşağı çənə nahiyyəsindən özünə xəsarət yetirməklə, odlu silahdan atəş açma yolu ilə intihar edib.

İrəli sürülən ittihama görə, əsgər B.Armen baş verən hadisədə özünü günahkar hesab etmədyini bildirib. O, Şavarşla eyni hərbi hissədə olsa da, fərqli taqımlarda xidmət etdiyini bildirib. Aralarındakı münasibətlərin normal olduğunu qeyd edib. Baş verən hadisədən cəmi bir neçə gün əvvəl Q.Şavarşın onların döyüş mövqeyinə köçürüldüyünə görə bir neçə dəfə birgə döyüş növbətçiliyində olduqlarını vurğulayıb.

O, Şavarşın olduqca sakit təbiətli və azdanışan olduğunu qeyd edib. Hamının, o cümlədən Q.Savarşın da çay, qəhvə hazırladığını, lakin buna məcbur edilmdəyini iddia edib.

Əsgər B.Armen sözlərinə görə, əsgər Şavarşla söhbətlərindən məlum olub ki, atası infakt keçirdiyinə görə ölüb, anası tək yaşayır.

Hadisə günü siqaret çəkmək istədiklərini, lakin kibritlərinin olmadığını qeyd edib. Kibrit dalınca getdiyini, tapıb gətirərək, Şavarşı səsləndiyini, lakin cavab almadığını vurğulayıb. Plaşçadırı çəkdikdən sonra avtomat silahın Şavarşın ayaqları arasında olduğunu və intihar etdiyini gördüyünü bildirib.

Onu heç vaxt yatmış halda görmədiyini, təhqir etmədiyini və vurmadığını qeyd edib.

Zərərçəkənin varisi olan, Şavarşın anası, oğlunun intihar etdiyinə inanmadığını bildirib. Anası hesab edir ki, Şavarşı öldürüblər, amma qətlə yetirilməsinin səbəbini bilmir.

Məhkəmə işin istintaqı nəticəsində belə qənaətə gəlib ki, baş vermiş cinayətdə B.Armanın təqsirli bilinməsi dəlillərlə sübut edilməyib. Yeni dəlillərin əldə edilməsi imkanları isə məhdudlaşıb. Məhkəmə tibbi ekspertizası təqdim edilmiş sübutları təqsirləndirmək üçün kifayət hesab etməyib.

Məhkəmə işin ibtidai istintaqı zamanı qanun pozuntularına yol verildiyi qənaətinə gəlib. Təqsirləndirilən şəxsin ittiham edilməsi üzrə bütün sübut edilməmiş dəlillər, təqsirəndirilən şəxsin lehinə şərh edilib.

Bu hökmə qarşı ittihamçı prokuror və zərərçəkənin varisinin nümayəndəsi vəkil A.Safaryan apellyasiya şikayəti veriblər.

Hər ikisi bəraət verilməsi barədə məhkəmənin qərarının ləğv edilməsini tələb edib. Zərərçəkənin varisinin nümayəndəsi tələb edib ki, tətbiq edilən Cinayət Məcəlləsinin müvafiq maddəsi üzrə ən ağır cəza verilsin. İttihamçı tərəfi təmsil edən prokuror isə təqsirləndirilən hərbi qulluqçu əsgər B.Armeni 7 il müddətinə azadlıqdan mərhum etməyi tələb edib.

Məhkəmə iclasında ittihamçı prokuror öz ittiham tələbini əsaslandırıb. O qeyd edib ki, ümumi yurisdiksiya məhkəməsi səhv qənaətə gəlib.

Zərərçəkənin hüquqi varisinin nümayəndəsi və zərərçəkənin hüquqi varisi şikayətlərini noyabr 4-nə təyin edilən növbəti məhkəmə iclasında əsaslandırmalıdırlar. Daha sonra müdafiə tərəfi Apellyasiya məhkəməsinə edilən şikayətlərlə bağlı öz mövqeyini açıqlayacaq.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   İntihar  


Bizi "telegram"da izləyin