DSX Qazaxda yeni hərbi hissə kompleksini istifadəyə verib - FOTOLAR (VİDEO)

2019/10/photo-1571813412.jpg
Oxunub: 8784     10:42     23 Oktyabr 2019    
Azərbaycan Respublikasının Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonlarının ərazisindən keçən hissəsindəki təmas xəttində dövlət sərhədlərinin müdafiəsi və mühafizəsi infrastrukturu­nun yaradılması tədbirləri sürətlə davam edir. Sərhədçilər üçün ən müasir tələblərə cavab verən sərhəd döyüş məntəqələri, digər hərbi obyektlər qısa müddət ərzində tikilərək istifadəyə verilir.

DSX-nin Mətbuat Mərkəzindən Ordu.az-a verilən məlumata görə, oktyabr ayının 22-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşun­larının “Qazax” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində yeni hərbi hissə kompleksi istifadəyə verilib.


Bu münasibətlə təşkil olunmuş təntənəli mərasimdə çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Azər­baycan sərhədçisinin dövlətçiliyimizin və sərhədlərimizin keşiyində ayıq-sayıq dayandığını, Dövlət Sərhəd Xidmətinin bütün şəxsi heyəti üçün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırıqlarını icra etməyin böyük şərəf və məsuliyyət olduğunu bildirib, Ali Baş Komandanın qay­ğısı sayəsində Dövlət Sərhəd Xidmətinin bütün hərbi hissə və böl­mələrində şəxsi heyət üçün yüksək xidməti və məişət şəraitinin ya­ra­dılmasını qeyd edib.


Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindən keçən hissəsinin Dövlət Sərhəd Xidməti tərəfindən mühafizə­yə götürülməsinin dövlət sərhədlərinin bütövlüyünün təmin edilməsi istiqamətində mühüm addım olması xüsusi vurğulanıb, bu istiqamət­də sərhəd infrastrukturunun yaradılması üzrə həyata keçirilən geniş miqyaslı tikinti-inşaat və quruculuq işləri, o cümlədən düşmənin təxri­bat­larına baxmayaraq sərhəd döyüş mövqelərinin təkmilləş­dirilməsi üzrə görülən işlər haqqında məlumat verilib, Azərbaycan sərhədçilə­rinin işğalda olan torpaqlarımızın azad olunmasına öz ciddi töhfələrini verməyə hər zaman hazır olmaları bildirilib.

Tədbirdə iştirak edən Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev sərhədçiləri təbrik edərək onlara şərəfli xidmətlərində uğurlar arzulayıb.


Tədbir zamanı xidmətdə yüksək nəticələr gös­tərmiş bir qrup hər­bi qulluqçu təltifləndirilib.

Çıxışlarda sərhədçilərin yerli əhali, ictimaiyyət nümayən­dələri ilə əlaqələrinin möhkəm zəmin üzə­rində qurulmasının Vətənimizin hüdud­­larının qorunması işində müs­bət rol oynaması, icra hakimiyyəti, pro­­­ku­rorluq, dövlət təhlükəsizliyi və daxili işlər orqanları ilə sıx əməkdaşlığın, Müfadiə Nazirliyinin hərbi hissələri ilə qarşılıqlı fəaliyyətin dövlət sərhədlərimizin mühafizəsinin daha da gücləndirilməsinə xidmət etməsi xüsusi qeyd olunub.

Açılışı bildirən rəmzi lent kəsildikdən sonra hərbi hissə komplek­sinə baxış keçirib. Hərbi hissədə xidmətin yüksək səviyyədə təş­kili və sərhədçilərin istirahəti üçün hər cür şərait yaradılıb. Hərbi hissə kompleksində xidməti və yaşayış binaları, tibb məntə­qə­si, id­man zalı, təminat binaları, su rezervuar­ları inşa olunub.


Tədbirin sonunda Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti və qo­naqlar şəxsi heyətlə birlikdə nahar ediblər.

Səfər çərçivəsində tə­mas xəttində yerləşən sərhəd döyüş məntəqələrində xidməti-döyüş fəaliyyətinin vəziyyəti yoxlanılıb.
















Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: DSX   Qazax  


Bizi "telegram"da izləyin