Ermənistan hökumətinin şəxsi terroru başlayıb

2019/10/Hrayr-1571649243.jpg
Oxunub: 30375     17:13     21 Oktyabr 2019    
Artıq uzun müddətdir ki, Ermənistan hakimiyyəti bütün resurslarını - qanunverici, güc qüvvələri ilə Hrayr Tovmasyanı Konstitusiya Məhkəməsinin sədri vəzifəsindən kənarlaşdırmaq üçün variantlar işləyib hazırlamaq və sınaqdan keçirməklə məşğuldur. Bu məqsədə çatmaq üçün faktiki olaraq onun ailə üzvlərini - atasını, qızlarını, bacısını da təqib etməyə başlayıblar.

Qeyd edək ki, Paşinyana qədər Ermənistandakı heç bir hökumət, istər cinayətkar, istər təhqir edilmiş, istərsə də korrupsioner, ailə üzvlərindən bu və ya digər siyasi istəklərini gerçəkləşdirmək üçün istifadə etməyib.

Oktyabrın 17-də Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları, Hrayr Tovmasyanın Darakert kəndindəki ata evinə “ezam edilib”. Tovmasyanın atası evlərinin damının, nə vaxt tikildiyi, hansı vəsaitlə tikildiyi və bənzər digər məqamlarla maraqlandıqlarını söyləyib. Ötən həftə isə artıq Tovmasyanın 75 yaşlı atası və iki qızı MTX-yə dəvət edilib. Vəkil Hayk Sarkisyan jurnalistlərə bildirib ki, MTX Konstitusiya Məhkəməsi sədrinin böyük qızından, 2016-cı ildə xalası qızından hədiyyə aldığı İrəvanın Kentron rayonunda ona məxsus bir qarajla maraqlanıblar.

Vəkilin sözlərinə görə, Tovmasyanın kiçik qızının yeganə əmlakı 2014-cü il istehsalı olan 2016-cı ildə yenə də xalası qızı tərəfindən hədiyyə edilən “Nissan Sentra” markalı avtomobildir.

“Hədiyyələrin edilməsinin səbəbi xalasının qızının ABŞ-a daimi yaşayış üçün köçməsi və əmlakını bacılarına bağışlamaq qərarına gəlməsidir”, - deyə Sarkisyan bildirib.

Vəkil eyni zamanda, Aprel döyüşləri zamanı və ya sonrakı günlərdə işğal altında olan Qarabağdakı “hərbi birləşməyə” hədiyyə edilən “Nissan Patrol” avtomobili ilə bağlı Tovmasyanın böyük qızına suallar ünvanlandığını xatırladıb.

Digər bir vəkil Amram Makinyanın sözlərinə görə, Konstitusiya Məhkəməsinin sədrinin atası Vardan Tovmasyandan MTX yenidən evin damının necə təmir edildiyini və vəsaiti hardan aldığına dair soruşub.

“Sadə suallar olub, sadə cavablar səsləndirilib. Vardan Tovmasyanın vasitəsi ilə kənddəki qonşuların köməyi ilə bunun necə təmir edildiyi aydınlaşdırılıb”, - deyə vəkil bildirib.

“Budur, Ermənistan Milli Təhlükəsizlik Xidməti iki gündür (açıq şəkildə) nə ilə məşğuldur. Çox ciddi təhdidləri məhv etmək üçün “vətənpərvər” bir hərəkətlə məşğul olduqlarını qəbul edirsinizmi? Ancaq təəssüf ki, dünənə qədər MTX-dan və qarajın mənşəyini ortaya qoyan bu çox vacib sorğularla məşğul olduğu bir vaxtda, azərbaycanlı hakerlər Ermənistan Baş nazirinin rəsmi saytını darmadağın etdilər və İlham Əliyevin Qarabağla bağlı videosunu yerləşdirdilər. Bu milli təhlükə deyilmi? Sual etmək yersiz olardı ki, xarici təhdidləri aradan qaldırmaq və qarşısını almaq üçün fəaliyyət göstərən MTX nə işlə məğul idi, çünki ən azı son iki gündə hansı funksiyanı üzərinə götürdüyünü və bu quruluşun indi nə etdiyini gördük”, - deyə “168.am” saytında erməni bir müəllif qeyd edib.

Yeri gəlmişkən, dünən bir qrup erməni hüquq müdafiəçisi hakimiyyətin Tovmasyana və ailəsinə qarşı etdiyi təqiblərə toxunaraq, bunu çarəsizliyin təzahürü kimi qiymətləndiriblər.

Hüquq müdafiəçisi Avetik İşxanyan bildirib ki, Tovmasyan bugünkü hökumətə tabe olmağa başlasa, ona qarşı heç bir müqavimət olmayacaq. O qeyd edib ki, artıq hakimiyyət öz səlahiyyətini aşır və hər şey 1937-ci ilə doğru gedir.

Erməni hüququ müdafiəçisi ilə bu mövzuda razılaşmamaq olmur. Çünki Ermənistan hakimiyyəti tərəfindən atılan addımlar digər fərziyyələrə imkan vermir.

Yeri gəlmişkən, dünən Ermənistan parlamentinin keçmiş deputatı Samvel Farmanyan “cinayət rejimi” üzvü Tovmasyan və “məxməri” inqilabçı Paşinyanla bağlı əlamətdar bir tarixçəni xatırladıb.

“Hrayrın bu gün MTX-yə girən qızlarının kabusuna baxıram. O səhnə məni 2017-ci ili düşünməyə vadar etdi. Bir axşam Milli Məclisin otaqlarından birində danışarkən Hrayr və mən, insan və siyasət haqqında danışırdıq. Hrayr mənə bir şey söylədi, yəqin ki, bu gün onu izah etmək üçün ən yaxşı məqamdır. İcazə verin, sabah naminə bunu danışım. Etdiklərindən məmnun olan bir insanın parlaq gözləri ilə Hrayr uzun müddət mənə danışdı ki, 2011-ci ildə Ədliyyə naziri olarkən “Koş” ya da “Artik” cəzaçəkmə müəssisəsində məhkum olunduğu bir vaxtda Paşinyanın ortancıl qızı əlini sındırıb.

Dedi ki, Ədliyyə naziri olaraq bunu öyrəndikdən sonra yurisdiksiyası daxilindəki bir neçə kiçik səlahiyyəti çərçivəsində müraciət edərək və öz təşəbbüsü ilə Paşinyanın ailəsinə iki-üç növbədənkənar uzunmüddətli ailə görüşünə icazə verib. Etdikləri ilə fəxr edirdi. Hrayr haqlı idi. Yəqin, sabah da eyni şeyi edəcək. Mən bunu bilirəm. Və yenə doğru bir şey edəcək. Bir insan belə qalib gəlir. Mən bu gözəl qızı canlı izləyirəm, bu hekayəni xatırlayıram və yenidən insan növləri haqqında düşünürəm”, - deyə Farmanyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Terror  


Bizi "telegram"da izləyin