Özünün müasir tarixinin əksər hissəsində Çin aviadaşıyıcıların hədəfi olub. İmperial yapon donanmasının daşıyıcıları 1930-cu illərdə quru kampaniyasına dəstək məqsədilə Çini atəşə tutdu. ABŞ donanması Çin vətəndaş müharibəsinin sonlarında millətçi Çin qüvvələrini müdafiə etdi, eləcə də Koreya müharibəsi zamanı amerika aviadaşıyıcıları Çin könüllülərinə qarşı aviahücumlar həyata keçirdi. 1996-cı ildə Üçüncü Tayvan Böhranı baş verərkən ABŞ yenidən Tayvan yaxınlığına döyüş qrupu yerləşdirməklə Çin ordusuna sərt mesaj verdi.
Bu gün Çinin iki aviadaşıyıcısı var. Bunlardan biri keçmiş Sovet gəmisi “Liaoning”, digəri isə “Type 002” (və ya “Type 001A) şərti adlı, sınaq mərhələsində olan gəmidir. “Liaoning”in əsasən təlim gəmisi kimi dəniz müharibəsinin ən təhlükəli aspektlərindən biri – dəniz aviasiyası ilə bağlı Çin dənizçiləri üçün texniklərin, təcrübənin, prosedur qaydalarının ötürülməsində istifadə edilməsi gözlənilir. Buna baxmayaraq, “Liaoning” Tayvan boğazından üç keçidi və Honq Konqa səfəri göstərir ki, XAO HDQ onun kifayət qədər imkanlara malik olduğunu düşünür.
İkinci gəmi isə “Liaoning”ə oxşasa da, bir sıra təkmilləşdirmələr, əlavələr və texnoloji yeniliklərə də sahibdir. Məsələn onun göyərtəsi daha genişdir, əlavə elektron skan radarı ilə təchiz edilib. Ekspertlər bu gəminin “Liaoning”dən daha çox qırıcı təyyarə daşıya biləcəyini düşünür. Daha dəqiq desək, onun 32 ədəd J-15 daşıya biləcəyi bildirilir ki, bu da əvvəlkindən 6 ədəd çoxdur.
Yuxarıda qeyd etdiyimiz kimi hazırda Cianqman tərsanəsində üçüncü aviadaşıyıcının inşaası həyata keçirilir və dördüncü gəminin də tikilməkdə olması ilə bağlı ciddi iddialar səsləndirilir. Bu gəmilərdə ən müasir, modulyar konstruksiya metodlarından istifadə edilir.
Dəyanət Ağalarlı
Ordu.az