Ümumiyyətlə, forumun əsas proqramı 257 min kvadratmetrlik Kubinka hava limanında, "Alabino" meydanında və "Patriot" sərgi mərkəzində keçirilib. Təşkilatçıların sözlərinə görə, forumu ilk üç gündə 200 min nəfər ziyarət edib, ümumi ziyarətçi sayı isə bir il əvvəl olduğu kimi, 1 milyon nəfərdən artıq olub.

Qeyd edək ki, bu forum 2015-ci ildə cəmi 5 ölkənin (Ermənistan, Belarus, Qazaxıstan, Pakistan, Malayziya) iştirakı ilə başlayıb. 2017-ci ildə sərgiyə Mayziyanın əvəzinə Çin, Cənubi Afrika və Slovakiya qatılıb. 2018-ci ildən isə Türkiyə forumda iştirak edir. Keçən il 118 ölkənin qatıldığı sərgiyə, bu il Azərbaycan və Tailland da qoşulub.
Forumda 76 xarici ölkədən rəsmi nümayəndə heyəti, o cümlədən 7 dövlət (Belarus, Banqladeş, Qvineya-Bissau, Qazaxıstan, Niger, Papua Yeni Qvineya və Ermənistan) müdafiə nazirləri səviyyəsində təmsil olunub.
Bildirdiyimiz kimi, forumda Ermənistan müdafiə sənayesi müəssisələri də iştirak edib.
Məlumata görə, forumda 2015-ci ildən mütəmadi olaraq iştirak edən Ermənistan, ekspozisiyasının sayını nisbətən genişləndirərək, hərbi avadanlıqlarının yeni dizaynlarını nümayiş etdirmək, yeni tərəfdaşlar tapmaq və əməkdaşlıq əlaqələri qurmaq niyyətlərini gizlətməyib. Sərgidə iştirak edən erməni şirkətləri və onların təqdim etdiyi məhsullar haqqında geniş məlumatlar mövcud olmasa da, görüntülərə və verilən açıqlamalara əsaslanaraq bəzi düşüncələrimizi Sizinlə bölüşməyə cəhd edəcəyik.
"Araqats"

"Patriot" sərgi mərkəzində müdafiə təyinatlı məhsullarını sərgiləyən 12 erməni şirkətindən biri olan "Araqats", əsasən termal görüntü avadanlıqları istehsal edir. Şirkətin 2016-cı ildə bir çox ehtiyat hissələrini xaricdən idxal etdiyi məlum idi. Şirkət nümayəndəsinin sözlərinə görə, onların 2-3 il əvvəl istehsal etdiyi termal kameralar, rəqib texnikasının 5000 metrdən artıq məsafədə hərəkətini qeydə almağa və 3500 metr məsafədə onu məhv etməyə (nədənsə bunu döyüş əməliyyatlarında nümayiş etdirə bilmədilər) imkan verir. Əvvəllər bu kameralar “Faqot” TƏİRK-ə quraşdırılırdı. Hazırda yeni termal kameraların buraxıldığı bildirilir.
Yeni termal kameraların "LT-Pırkal" şirkətinin istehsal etdiyi 3K01M adlanan lazer elektro-optik sisteminin bazasında hazırlandığı ehtimal edilir. Əvvəllər mexaniki idarə olunan bu modellərin təqdim edilən fotolarına inansaq, onların artıq avtomatik rejimdə fəaliyyət göstərdiyini düşünmək olar. "Araqats" Ermənistanın silahlanmasında yer alan HHM vasitələrinin və digər hərbi texnikanın termal kameralarının təchizatı ilə də məşğuldur.
"LT-Pırkal"
"LT-Pırkal" kristal optik böyütmə, lazer aksesuarları, komponentləri və sistemləri üzrə ixtisaslaşan yunan-erməni araşdırma, inkişaf və istehsal şirkətidir.
"LT-Pırkal" daha əvvəl "Lazer Texnologiyası" Araşdırma və İnkişaf (R & D) Şirkətinin köhnə Sovet İttifaqında aparıcı lazer fizikası və mühəndislik mərkəzlərindən biri olaraq qurulub. Şirkətin əsas strategiyasını kristalların, optikaların, lazerlərin, digər sistem və texnoloji avadanlıqların tədqiqi, inkişafı və istehsalının tam dövrünün dəstəklənməsi və bütün texnoloji proseslərin əhatə olunması təşkil edir.
Bu gün şirkətdə kvant elektronikası, lazer fizikası, lazer tətbiqi və kristal optik böyütmə texnologiyaları da daxil olmaqla, müxtəlif profilə malik yüzdən artıq alimin çalışdığı iddia edilir. Təxminən yüzdən artıq yüksək ixtisaslı texnik və operator laboratoriya və istehsal imkanlarına dəstək verir.

"LT-Pırkal" şirkətinin istehsal etdiyi və sərgidə nümayiş etdirdiyi kameralar, rəqibin optik və elektro-optik avadanlıqlarının günün istənilən vaxtında aşkar edilməsi və basdırılması üçün nəzərdə tutulur.
Onlar hardasa bütün gün ərzində çalışan binoklu, videokameranı, termal və ya optik elektron qurğunu xatırladır. Bu qurğuların əsas məqsədi snayperlərin mövqelərini onların maskalanma səviyyəsindən asılı olmayaraq, atəş açmazdan əvvəl əks olunan şüa vasitəsilə aşkar etmək və rəqibin optik çihazlarını lazer şüası ilə sıradan çıxarmaqdan ibarətdir. Bəzi mənbələr bu şüanın sanayperin gözü üçün təhlükəli olduğunu bildirir. 3K01M adlanan lazer elektro-optik qurğusunu tam komplektasiyada iki əsgər daşıya bilir. Ölçüləri kiçik olduğu üçün onun maskalanması asanlıqla mümkündür.
Şirkətin məhsulları arasında 2D02 (2K02) artilleriya optik elektron kəşfiyyat sistemi, "Shumits" artilleriyanın optik elektron kəşfiyyat və atəşi idarəetmə sistemi və LH-01M lazer məsafəölçəni də mövcuddur.
Radiofizika İnstitutu
Moskvadakı forumda iştirak edən Ermənistan Elmlər Akademiyasının Radiofizika və Elektronika İnstitutu:
- mikrodalğalı diapazonda fəaliyyət göstərən radiqəbuledicilərin inkişafı və hazırlanması;
- uzaqdan zondlama;
- radiolokasiya;
- rabitə;
- meteorologiya;
- zəlzələnin proqnozlaşdırılması;
- elektromaqnit dalğalarının, plazmanın mexaniki və elektromaqnit xüsusiyyətləri;
- yüksək temperaturlu super keçiricilər;
- infraqırmızı detektorlar üçün yarımkeçirici strukturlar;
- radiasiyaya davamlı materiallar;
- məsaməli materiallar;
- nanotexnologiyalar kimi istiqamətlər üzrə fəaliyyət göstərir.
Ermənistanda istehsal edilən RLS sistemlərinin və İranla birgə həyata keçirilən AFAR tipli radarların inkişafı ilə məhz Ermənistan Elmlər Akademiyasının Radiofizika və Elektronika İnstitutunun məşğul olduğu ehtimal edilir.
Ermənistanın dövlət təşkilatları arasında yalnız bu İnstitut Müdafiə Nazirliyindən sifariş qəbul edir.
Son illərdə İnstitut Ermənistan Müdafiə Nazirliyi ilə birgə sərhədlərin mühafizəsini gücləndirmək, onlara nəzarət etmək və pozuntuların qarşısını almaq üçün innovativ texnologiyalar yaratmaq üçün çox çalışır. Müasir elmin nailiyyətlərinə əsaslanaraq inkişaf etdirilən digər elektron sistemlərin mövcud olduğu da bildirilir.
Hazırda onlardan bəziləri sınaqdan keçirilir, bundan sonra onların silahlanmaya qəbulu gözlənilir. İnstitut Moskvadakı silah və hərbi texnika sərgisində mikrodalğalı modullardan başqa PDRLS-1M portativ dopler radiolokasiya stansiyasını da nümayiş etdirdi.
İnstitut Beynəlxalq Elm və Texnologiya Mərkəzi, "Engstler" şirkəti (Almaniya), Soqang Universiteti (Cənubi Koreya), Mançester Universiteti (Birləşmiş Krallıq), Yaponiya və "Samsung" şirkəti ilə əməkdaşlıq edir.
"Qarni Ler"

"Ordu-2019" sərgisində iştirak edən Ermənistan şirkətlərindən biri də işğalçı ordunun əsas atıcı silah təchizatçısı "Qarni Ler" Elmi İstehsalat Birliyidir. Onların istehsal etdiyi məhsullar arasında K-15 uzaqmənzilli snayper tüfəngini, K-8 və K-11M snayper tüfəngləri, K-3 avtomatını, RPG-7 üçün təlim atıcı qurğusunu, 12 lüləli N-2 yüngül YARS-nı, TB-1 termobarik sursatlarını və 122 mm-lik idarəolunmayan mərmi ekvivalentində olan raketin prototipini göstərmək olar.
İstehsalçının iddialarına görə, raketi həm havadan, həm də qurudan buraxmaq mümkün olacaq, partlayışı isə 25000 qəlpəyə çevriləcək. Raket xələflərindən iki dəfə ağır, təxminən 200 kq döyüş başlığını onlarla kilometrə daşıya biləcək.
"Orbit"

"Orbit" şirkəti optik sistemlərin istehsalçısı olaraq inkişaf proqramından başlayaraq hazır məhsulların müstəqil istehsalı ilə başa çatan qapalı texnoloji dövrədə fəaliyyət göstərir.
Müəssisənin əsas texnoloji prosesləri aşağıdakılardır:
- müxtəlif konstruksiyada və ölçüdə optik hissələrinin istehsalı;
- optik örtüklər;
- təzyiq altında alüminium qəlibləmə;
- təzyiq altında plastik qəlibləmə;
- pressləmə üsulu ilə istehsal;
- mexaniki emal (incə mexanika da daxil olmaqla);
- elektro-korroziya emalı ilə detalların hazırlanması;
- hissələrin termal emalı;
- polad və əlvan metalların qalvanik örtülməsi;
- optik, elektron və mikroelektron detal və qurğuların montajı və tənzimlənməsi;
- mexaniki və iqlim, habelə xüsusi effektlər üçün sınaqların keçirilməsi.
"Lubawa Armenia"

Şirkət artıq həm Ermənistan Müdafiə Nazirliyi tərəfindən alınan 3D maskalanma dəstini, 6x6 universal çadırlarını, həm də Nazirlik tərəfindən əldə ediləcək məhsulları- zirehli gödəkcələri, BMP-1saxta hədəflərini və s. istehsal edir.
Ermənistan müdafiə sənayesinin Moskvada nümayiş etdirən hərbi təyinatlı məhsullar arasında zirehli gödəkcələr, daha doğrusu gödəkcələrin zirehli plitələri də mövcud idi. Böyük ehtimalla bu plitələr "Lubawa Armenia" Polşa-Ermənistan birgə müəssisəsi tərəfindən istehsal edilir. Daha əvvəllər bu plitələr ilə Ermənistan Respublikası Milli Elmlər Akademiyasının müxbir üzvləri, kimya elmləri doktorları Sevan Davtyan və Anahit Tonoyanın birgə məşğul olduğu və şüşə kristal material əsasında hazırlanan zireh plitələrinin çəkisinin 2.2-2.3 kq olduğu, həmçinin "Vaqan" adlandırılan plitələrinin keçən il Ermənistanın Müdafiə Nazirliyinin atəş poliqonunda sınaqlardan keçirildiyi barədə məlumat vermişdik.
Şirkətin iddiasına görə, zirehli lövhələr 10 metr məsafədə atılan mərmilərə, hətta minalara davam gətirir.
"Aspar Arms"
"Aspar Arms" MMC 2006-cı ildə Ermənistanda yaradılıb. Mülki və xidməti silahların idxalı və satışı, habelə daxili bazar üçün silahların istehsalı ilə məşğul olan şirkət, fəaliyyətinə əvvəlcə İrəvan şəhərinin Mamikonyan 60/1 ünvanında, sonra isə Kapan rayonun Hunan Avetisyan küçəsi 34/3, ərazi 29 ünvanında başqa bir mağaza açmaqla davam edib. Şirkət 50 metrlik atəş məsafəsinə malik tirə də sahibdir. Tir meydançası İrəvan şəhərinin Mamikonyan 60/1 ünvanında yerləşir.

"Aspar Arms" MMC, hərbi əhəmiyyətli malların idxalı və ixracına, brokeraj fəaliyyətinə, istehsalına dair lisenziyalar da daxil olmaqla, Ermənistan hökuməti tərəfindən verilən geniş lisenziyalar əldə edib.
Onların arasında mülki və hərbi silahların, o cümlədən döyüş sursatlarının istehsalı, hazırlanması, modernləşdirilməsi, habelə mülki və xidməti silah, döyüş sursatlarının satışı ilə bağlı lisenziyalar da mövcuddur.
2014-cü ilin oktyabr ayından şirkət "Kalaşnikov" konserninin işğalçı ölkədə rəsmi serviz mərkəzidir. Hazırda şirkət fəaliyyətini silahların istehsalı, modernləşdirməsi və təkmilləşdirilməsi istiqamətlərində aktiv şəkildə davam etdirir.
K-15

Ermənistanın yerli istehsalı olan 12,7 mm-lik K-15 snayper tüfəngi 2013-cü ildən silahlanmaya qəbul edilib. 2012-ci ilin oktyabrında İrəvanda keçirilən Ermənistan Müdafiə Nazirliyinin hərbi-sənaye sərgisində nümayiş olunan K-15 tüfəngi dəzgah üzərində quraşdırılır. Onun çəkisi 18 kq, atış məsafəsi 2000 metr, effektiv atış məsafəsi 1600 metr, atəş tempi isə dəqiqədə 16 mərmidən ibarətdir. Tüfəngin uzunluğu 1500 mm, lüləsinin uzunluğu isə 1100 mm-dir. Lülə hər biri 420 mm olan 4 kəsikdən (hissədən) ibarətdir.
Üçayaqlı dəzgah üzərində yerləşdirilən snayper tüfəngi 12,7x108 mm çaplı (B32) mərmilərdən atəş açır. Üzərinə Rusiya istehsalı olan optik nişangah yerləşdirilən snayper tüfənginin geri təpmə təsirinin azaldılması üçün lülənin ağzında əyləc quraşdırılır.
"ASPAR Arms"
Ermənistanın "ASPAR Arms" şirkətinin istehsal etdiyi 7.62x35 mm-lik snayper tüfəngləri ASS 300, ASR 300 və ASR 300C kimi 3 versiyada hazırlanır. Bu silahların ilk ikisi ASS 300 və ASR 300 bir-birindən az fərqlənir. Onlar səssiz və alovsuz atəş açmaq üçün xüsusi səsboğucu ilə təchiz edilir. Mərmilərdə 14,3 qr ağırlığında zirehdələn və HPBT (Hollow Point Boat Tail) kimi iki növ güllələrdən istifadə edilir.

ASS 300 snayper tüfəngi, "Kalaşnikov" avtomatının dizaynına əsaslanaraq hazırlanıb və bir çox detalları eynidir. Tüfəngin fərqli cəhəti dəyişən uzunluğa malik qundağa, səsboğucuya və bir neçə "Pikatinni" lövhəsinə sahib olmasındadır. Barıt qazlarının təsiri ilə çalışan avtomatika ilə təchiz olunan silah uzunluğu cəmi 250 millimetr olan lüləyə və uzun səsboğucuya malikdir. Bunların atəş səsinin daha effektiv boğulması məqsədilə edildiyi ehtimalı əsassız deyil, lakin bu, atəş məsafəsinə və güllənin sürətinə də kifayət qədər mənfi təsir göstərir. Güllənin başlanğıc sürəti 320 m/s-yə qədər enir. Silahdan 100 metr məsafədə güllə 690 Coul enerjiyə malik olur. Xəzinə tutumu 10 mərmidən ibarət olan tüfəngin çəkisi 4,3 kiloqramdır.
ASS 300 tüfəngini istifadə edərkən atıcı atəş dəqiqliyini artırmaq üçün iki ayaqlı dayaqdan istifadə edə bilər. Əlavə bir qatlanan dayaq isə qundaqda quraşdırılıb.
ASS 300 ilə eyni zamanda hazırlanan digər bir silah səsə qədər sürətə malik mərmi üçün hazırlanan ASR 300 snayper tüfəngidir. ASR 300 tüfəngi əvvəlki silah növündə istifadə olunan lüləyə, tənzimlənən qundağa və səsboğucuya malikdir. Qundaq zəruri hallarda, lülə qutusuna doğru, sol tərəfə qatlana bilər.
Tüfəngin ümumi uzunluğu açıq qundaq və səsboğucu ilə 950 mm-ə çatır. Qundaq qatlanarkən bu göstərici 670 mm-ə qədər azalır. Lülə qutusunun ön hissəsi lazımi avadanlıqlar quraşdırıla bilən bir neçə "Pikatinni" lövhəsi ilə təchiz olunur. Mərminin lülə kanalına ötürülməsi və lülə kilidlənməsi funksiyalarının tətbiq edilməsi fərqli olsa da, ASS 300 və ASR 300 snayper tüfəngləri təxminən eyni atəş göstəricilərinə malikdir.

ASR 300 tüfənginin bazasında yaradılan ASR 300C snayper tüfəngi isə daha uzun lüləsi və sərt tənzimlənən qundağı ilə fərqlənir. ASR-300 tüfəngləri rəqibin canlı qüvvəsini və yüngül zirehli texnikasını gizli mövqelərdən sıradan çıxarmaq üçün nəzərdə tutulur. Zirehli texnikaya atəş açmaq üçün xüsusi olaraq yerli müəssisələrdə zirehdələn mərmilər hazırlanır.
450 mm-lik lülə 700 m/s başlanğıc sürətini təmin edir. Güllənin yüksək başlanğıc sürəti daha effektiv atəş məsafəsi əldə etməyə yardım edə bilər, lakin bu barədə heç bir rəsmi məlumat yoxdur. ASR 300C tüfənginə atəş səsini azaltmaq üçün səsboğucu da quraşdırıla bilər.
Şirkət bundan başqa silahlar üçün səsboğucular, optik nişangahlar, silah çantaları, zirehli gödəkcələr, mərmilər, hərbi geyimlər, ov silahları və s. idaxal etməklə bərabər Ermənistan ordusunun silahlanmasında olan atıcı silahların modernləşməsini də həyata keçirir. Bu silah hüquq mühafizə və antiterror orqanlarının əməkdaşları üçün uyğundur.
Orta hesabla 100 m məsafədə güllənin yayınması 25 mm-ə bərabərdir. 7.62х35 mm çaplı silahın kütləsi 4,5 kq, uzunluğu 925mm-dir. Qatılanan qundaqla uzunluğu 670mm ( bu xüsusiyyət bu ailənin digər 2 üzvünə aid deyil), lülə uzunluğu isə 250/450 mm arasında dəyişir. Xəzinə tutumu 10 mərmidən ibarətdir. Tüfənglər üzərində optik və kollimator qurğular üçün "Pikatinni" lövhəsi quraşdırılıb.
"Elektron"

Ermənistanın "Elektron" firması da öz RİA-1 minaaxtaranlarını bu sərgidə nümayiş etdirdi. Bu minaaxtaranların texniki xüsusiyyətləri tam bəlli olmasa da, RİA-1 minaaxtaranının göstəricilərinin yüksək olması ehtimalı azdır.
Minaaxtarandan bəhs edərkən ilk növbədə onun müxtəlif mühitlərdə fərqli mina modellərinin aşkarlama dərinliyini, hər növ mina üçün aşkaretmə zonasının diametrini, axtarış tezliyini, fasiləsiz fəaliyyət müddətini elan etmək vacibdir, əks halda onu digər analoqlar ilə qarşılaşdırmaq və ya müqayisə etmək mümkün olmur.
Deməli belə bir müqayisəni heç istehsalçı şirkətin özü də arzu etmir.
"Şans" kompleksi

Forumda təqdim edilən "Şans" kompleksi aşağıdan uçan hədəflərə qarşı mübarizə aparmağa imkan verir. Onun tərkibinə elektromaqnit topu, "İqla" DZRK və termal kamera daxil edilib. İlk dəfə təqdim edilən kompleks barədə əlavə məlumat mövcud deyil. Lakin konsepsiya olaraq, erməni mühəndislər aşağıdan uçan hədəfi elektromaqnit silah ilə zərərsizləşdirməyi, bu məsafə və ya hədəfin xüsusiyyətləri baxımından mümkün olmadıqda isə onu DZRK-dan atəş açmaqla məhv etməyi düşünürlər. Termal kamera isə kompleksin gecə və gündüz döyüş növbətçiliyində aktiv fəaliyyətini təmin edir.

Sərgiyə gətirilən məhsulları təqdim edən nümayəndələr bu silahların Ermənistan Ordusunda silahlanmaya qəbul edildiyi bildirirlər.
Nəticə
Ermənistanda hərbi sənye kompleksinin istehsal etdiyi məhsulların çeşidlərinə nəzər saldıqda əvvəlki illərə nisbətən inkişaf templərinin atdığı müşahidə olunur. Davamlı olaraq bu tip sərgilərdə yer alan PUA istehsalçısı "ProMAG" şirkətinin adının heç bir yerdə xatırlanmaması, stenddə yalnız bir ədəd pərləri nasaz mini PUA-nın nümayiş etdirilməsi də nəzərimizdən qaçmadı.
Düşmən müdafiə sənayesi bazarına özəl şirkətlərin daxil olmasına şərait yaradaraq elektromaqnit topuna, "İqla" DZRK-ya və termal kameraya malik "Şans" kompleksi, PDRLS-1M portativ dopler radiolokasiya stansiyası, 3K01M lazer elektro-optik sistemi, K-15 uzaqmənzilli snayper tüfəngi, antisnayper qurğusu və s. kimi avadanlıqları istehsal etsə də, müdafiə sənayesinin bir çox problemlərini hələ də həll edə bilməyib.
İlk növbədə maliyyə məsələsi açıq qalır. Bir çox məhsullar sınaq prosedurlarını başa vursalar da, prototip səviyyəsində ilişib qalıb. İstehsalı kütləviləşdirmək üçün zəruri olan maliyyə vəsaiti olmadan seriyaya qısa müddətdə keçid mümkün olmur. Yeni yaranan şirkətin sifarişçidən öncədən ödəniş tələb etməsi isə onu qapıdan qovmağa bərabər effekt verir.
İkinci həll edilməli olan problem inkişaf və istehsal prosesinə peşəkar gənclərin cəlb edilməsindən ibarətdir. Ödənilən məvacibin yüksək ixtisaslı gənclərin bu sahədə çalışması üçün yetərli olmadığı məlumdur.
Üçüncü problem isə Ermənistanın istehsal etdiyi məhsulların, əsasən də atıcı silahların bazarda ciddi rəqabətlə rastlaşmasıdır. HSK-nın ciddi inkişafı ilə fərqlənməyən Ermənistanın müdafiə sənayesi müəssisələrinin məhsulları bazarda özünü təsdiqləyən marka olaraq qəbul edilmir. Özünütəsdiq prosesinin uzun müddət davam etməsi isə istehsalçının satış həcminə aid proqnozlarının özünü doğrulda bilməməsinə səbəb olur. Bunun aradan qaldırılması isə dolayısı ilə yenə də uzunmüddətli yatırımlar tələb edir. Bəlkə də hansısa üstün texnologiyalar məhdud assortimentdə artıq yaradılıb, lakin onların xarici bazarlara çıxış əldə edə bilməməsi, istehsalçı şirkətlərin hazırda yalnız yerli bazarın imkanlarına ümid etməsi ilə nəticələnir. İxrac potensialı olmayan istənilən silah sistemi isə dövlətin subsidiyası olmadan, tez-gec bazarı ziyanla tərk etməli olur.
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az