“İnformasiya təhlükəsizliyi” nə deməkdir və nələrə diqqət edilməlidir? - BAXIŞ BUCAĞI

2019/07/WWII-1562053841.jpg
Oxunub: 27585     11:46     03 İyul 2019    
Son vaxtlar istər mətbuat orqanlarının səhifələrində, istər güc strukturları və digər dövlət qurumlarının yayımladığı pres-relizlərdə “İnformasiya təhlükəsizliyi” ifadəsinə tez-tez rast gəlinir.

Ölkə müharibə şəraitində yaşadığından, müharibə mövzusunda yazan KİV nümayəndələri də bu ifadəyə davamlı müraciət edir.

Əslində, bu anlayışa toxunan media mənsublarının əksəriyyəti günümüzün ən aktual termini olan “İnformasiya təhlükəsizliyi”nin tam mahiyyətinə, mənasına varmadan bu fikri harada və necə gəldi istifadə edir.

Bəs “İnformasiya təhlükəsizliyi” nədir? Bu anlayış necə öyrənilir, onun tətbiqi və tələbləri nədən ibarətdir?

İnformasiya təhlükəsizliyi anlayışı ilk dəfə ötən əsrin 80-ci illərində İnformasiya texnologiyaları sahəsində meydana gəlib, eyni zamanda bu daha çox beynəlxalq, daxili və xarici kommunikasiya sistemlərinə aid edilsə də, zaman-zaman forma və məzmunca dəyişərək başqa sahələri də əhatə etməyə başladı.

Bu gün haqqında danışacağımız “İnformasiya təhlükəsizliyi” anlayışı daha çox Kütləvi İnformasiya Vasitələri, İnternet İnformasiya Resursları, eləcə də yazılı və audio-vizual media üzərindən yayımlanan xəbər və məlumatları təşkil edən informasiya yükünü əhatə edəcək.

Bəzən mətbuat işçiləri və jurnalistlər, həmçinin oxucu, dinləyici və tamaşaçılar, internet istifadəçiləri informasiya, xəbər və məlumatı bir-birindən seçə bilmir.

İnformasiya nədir? İnformasiya xəbər deyil. Heç məlumat da deyil. Amma xəbər və ya məlumat öz-özlüyündə bir neçə informasiyanın cəmindən ibarət ola bilir. Məsələn, cəbhədə atəşkəsin pozulması faktı xəbər yox, informasiyadır. Amma onun harada, necə baş verməsi, müddəti, nəticəsi, davamlılığı haqqında toplanan informasiyalar emal edilərək xəbər halına gətirilir.

Xəbər nədir? Baş vermiş hər hansı hadisə haqda bir neçə informasiyanın toplu şəklində aydın və yetkin emalı, həmçinin baş vermiş hadisə haqqında tamamlanmış və ya qismən tamamlanmış bilgidir.
Bəs məlumat nədir? Yuxarıda dediyimiz xəbərin tamamlanmamış hissəsinə aid informasiyaların toplanacağına, yayımlanacağına dair xəbərdarlıq xarakterli bilgidir. Yəni məlumat baş verəcək hadisə, baş verəcəyi ehtimal olunan hər hansı olay, yaxud keçirilməsi nəzərdə tutulan tədbir haqda informasiyaların bir yerdə toplanaraq ictimaiyyətə, yaxud da müvafiq qurumlara əvvəlcədən çatdırılması deməkdir.

Bütün bunların fonunda informasiya təhlükəsizliyi anlayışı özünü necə biruzə verir?

Bu, artıq topladığı informasiyaları xəbər və ya məlumat kimi emal edənin peşəkarlığına bağlı olan məqamdır.

Bir sözlə, düşmənin atəşkəsi pozması nəticəsində canlı qüvvə itkisi, texnika sıradan çıxması, tikili və ya sığınacaqlarda, döyüş mövqelərində yanğın qeydə alınıbsa, hadisənin baş verdiyi istiqamətin dəqiq coğrafi ünvanı, hərbi hissənin dislokasiya yeri, canlı qüvvənin sayı və bu saya nisbətdə itkinin miqdarı barədə informasiyalar toplanaraq xəbər halında ictimaiyyətə təqdim edilirsə, deməli, informasiya təhlükəsizliyinin tələbləri pozulmuş hesab edilir.

Yaxud da, hər hansı istiqamətdə ordu qüvvələrinin atacağı addım, hərəkət edəcəyi marşurutun traektoriyası, həyata keçirəcəyi əməliyyatın xarakteri və digər bu kimi tədbirlər haqda informasiyaların toplanıb ictimaiyyətə çatdırılması informasiya təhlükəsiziyinə zərər vuran məlumatdır.

Bütün dünyada “leqal kəşfiyyat xidməti” deyilən sistem mövcuddur. Leqal kəşfiyyatın ən əsas xüsusiyyətlərindən biri dövlətin iqtisadi, siyasi, hərbi maraqları çərçivəsində olan digər dövlətlərin kütləvi informasiya vasitələrində yayılan xəbər və məlumatların, sorğu agentlikləri tərəfindən keçirilən sorğuların nəticələrinin və xüsusi adamların şəxsi müşahidələri əsasında toplanan informasiyaların təhlilidir. Bəzən bu vəzifə konkret istiqamət üzrə ixtisaslaşmış mərkəzlər, qruplar, hətta beynəlxalq humanitar təşkilatlar tərəfindən, biznes sektorunda yaradılan şirkətlər vasitəsilə də icra edilir. Danılmaz faktdır ki, bir çox dövlətin kəşfiyyat orqanları maraq dairələrində olan ölkələrin mətbuat dairələrinə nüfuz etməklə, həmin ölkədə ictimai rəyə təsir göstərən xəbər və məlumatları yaymağa nail olmaqla daha dərin gizli kəşfiyyat tapşırıqlarını icra edirlər. Bir sözlə, mətbuat orqanları bəzən bilməyərəkdən belə, yad qüvvələrin vasitəsinə çevrilir, təmsil etdikləri dövlətin ərazi bütövlüyünə, suverenliyinə, ictimai rəyə, siyasi proseslərə ciddi ziyan vurmuş olurlar.

Çox təəssüf ki, Azərbaycan mətbuatında bu cür hallara rast gəlinib və rast gəlinməsi davam edir. Məsələn, 1990-94-cü illərdə Qarabağ müharibəsi dövründə, 2008-ci ilin aprelində Tərtər istiqamətində baş verən hadisələr zamanı, 2014-cü ilin avqusunda bütün cəbhə boyu baş verən gərginliklərdə və 2016-cı ilin aprelində Azərbaycan Ordusunun möhtəşəm qələbəsi ilə nəticələnən döyüşlər zamanı Azərbaycanda fəaliyyət göstərən KİV, xüsusilə, son illər internet informasiya və xəbər resursları çoxsaylı yanlışlıqlara yol verdi. Hətta ermənilərin xeyrinə hesablanmış informasiya və xəbər buraxılışlarını yayımlayan media qurumlarına da rast gəldik. Düzdür, sonradan düzəlişlər müşahidə olunsa da, cəmiyyətdə çaşqınlıq yaranmasında bu kimi hallar az rol oynamadı.

Bütün bunların bir neçə səbəbi var ki, burada daha çox qələm əhlinin və media orqanlarının tez məşhurlaşmaq uğurunda ucuz mübarizəsi, qeyri-peşəkar, etik kodekslərdən uzaq rəqabət, jurnalistlərin şəxsi ambisiyası və ya siyasi şəxslərə, ali hərbi rütbəli zabitlərə antipatiyası, bir çox KİV-in müxtəlif qruplaşmaların marağından çıxış etməsi, jurnalistlərin və ayrı-ayrı adamların hadisələrə subyektiv yanaşması, şəxsi təhlillərini ciddi arqument kimi təqdim etməsi, peşəkarlıqdan uzaq təqdimetmələri, hadisələrin məntiqi ardıcıllığını bilərəkdən təhrif etmə və ya öz istədikləri kimi qələmə verməsi kimi çoxlu misal göstərmək olar.

Azərbaycan icitimaiyyətində informasiya təhlükəsizliyinə zərbə vuran amillərdən biri də, baş verən hadisələrə daha çox emosional reaksiya verilməsi və çılğın çağırışların səslənməsidir. Nə qədər maraqlı olsa da, cəmiyyətdə hamı ancaq özünün eşitmək, oxumaq, görmək istədiyi xəbərləri izləməyə daha çox meyllidir. Amma müharibə aparan ölkənin mətbuatı nə qədər azad və sensurasız olsa da, müharibə qanunlarına müvafiq olaraq müəyyən olunan media siyasəti ilə ayaqlaşmalı, peşəkarlıq səviyyəsini artırmalıdır.

İnformasiya təhlükəsizliyinə xələl gətirə bilən amillərdən daha biri isə yüksələn xətt üzrə inkişaf edən hadisələrə qeyri-peşəkar adamların şəxsi fikirləri və mülahizələrinin ekspert adı altında təqdim edilməsidir. Digər tərəfdən də, hansısa hərbi məsələyə, cəbhədə baş verənlərə münasibəti öyrənilən zabitlərin, ehtiyatda olan hərbiçilərin fikirlərinin konteksdən bilərəkdən və ya bilməyərkdən çıxarılması, bir çox halda isə həmin adamların və dövlət orqanlarının müəyyən zümrələr və ictimaiyyətin bir qismi tərəfindən “ittiham hədəfi”nə çevirilməsidir. Bu isə cəmiyyətdə parçalanmaya, fikir ayrılıqlarının meydana gəlməsinə, inamsızlığın yaranmasına səbəb olur, daxili siyasətdə idarəetməni zəifədir, ölkənin iqtisadi möhkəmliyini sarsıdır və nəticədə məğlubiyyətə gətirib çxarır.

Bəzən insanlar informasiyaya adi bir məvhum kimi yanaşırlar. Amma nəzərə alsaq ki, mühüm, xüsusilə mühüm informasiyaların toplanması üçün dövlətlər nə qədər zaman, milyonlarla vəsait xərcləyir, hətta neçə-neçə vətəndaşının taleyini riskə atmalı olur.

Deməli dövlətin gücünü artırmaq, toxunulmazlığını qorumaq, dünya siyasətində öz yerini müəyyən edə bilməkdən ötrü ən vacib amillərdən biri də, onun yetərincə informasiyaya malik olmasından keçir.

Bizim cəmiyyətdə xarici mətbuatı ancaq xəbər əldə etmək üçün oxuyurlar. Təəssüf ki, bəzən əldə edilən xəbərlərin hakimiyyətin, yaxud ayrı-ayrı dövlət strukturlarının əleyhinə yönəltmək üçün istifadə olunması faktları az deyil... Ancaq, bu xəbərlərin və ya məlumatların təhlil edilməsinə, analizinin aparılmasına KİV-lərimizdə çox nadir hallarda rast gəlinir. İllərlə müharibə şəraitində yaşadığımız Ermənistan mətbuatında yer alan, dərc olunan xəbər və məlumatları düşmən ölkənin özünün əleyhinə istifadə olunması üçün cəhdlər aşağı səviyyədədir. Halbuki, düşmən mətbuatının özündə belə, öz əleyhlərinə istifadə etmək üçün yetərincə informasiya yükü mövcuddur. Qalır, həmin informasiyaları toplamaq, məntiqi ardıcıllıqla düzüb, təyinatı üzrə istifadə eləmək.

Ən pis cəhətlərimizdən biri də budur ki, erməni mətbuatında yazılanlara biz dərhal özümüzəməxsus tərzdə reaksiya veririk, yayılmış xəbərin məqsədi, təyinatı, onun xidmət etdiyi marağın analizini aparmırıq, əksinə, düşmənin ortaya atdığı xəbəri özümüz bir az da dərinləşdirib ictimai rəyə ciddi zərbə vurmuş oluruq. Düşmən mətbuatı isə onların barəsində yazdıqlarımıza soyuqqanlı şəkildə davranır, hətta bizim yazdıqlarımzı təhlil edərək öz siyasətlərini və rekasiyalarının formasını müəyyənləşdirir.

Düşmənin informasiya təhlükəsizliyinə zərbə vurmaq üçün onun mətbuatını gündəlik oxumaq və təhlil eləmək, işləmə prinsiplərini, yaydığı informasiyaların davamlılığını və xarakterini öyrənmək, onun psixologiyasını, milli xüsusiyyətlərini dərindən tanımaq lazımdır. Bu gün bizdə bunu barmaqla sayılacaq qədər bir neçə şəxs həyata keçirir və ortaya qoyduqları nəticələr, insafən, pis deyil.

İnformasiya təhlükəsizliyini təmin etmək üçün ən vacib addımlardan biri, hazırlanacaq xəbərlər üçün toplanan informasiyaların mənbəyinin öyrənilməsi, redaksiyaya və ya müəllifə verilən informasiyanın xarakteri, onu ötürən mənbənin ictimai-siyasi, hərbi mövqeyinin, marağının dəqiqləşdirilməsidir.

Bu zaman, jurnalist kiçik bir araşdırma ilə həm aldığı informasiyanın kökünü öyrənir, yazacağı xəbərin formasını təyin edir, peşəkar yanaşma ilə özünü, redaksiyasını, cəmiyyəti və dövlətini təhlükədən qorumağa nail olur.

Jurnalistin, reportyorun hazırladığı materialın əhatə etdiyi sahəyə aid qanunları bilməsi də ən vacib şərtlərdən biridir. Media nümayəndəsi anlamalıdır ki, hazırladığı xəbər, reportaj, məqalə və digər hər hansı formalı materialın məzmununu tərtib edərkən müvafiq qanunları pozmamalı, tələb olunan hüquqi normativlərə zərbə vurmamalıdır. Eyni zamanda, yayıma veriləcək xəbər və ya məlumatın, materialın doğuracağı sual və rekasiyaları məntiqlə hesablamağı bacarmalıdır.

Ən azından, müharibə mövzusunda yazan jurnalist informasiyanı kateqoriyalar üzrə müəyyən etməyi, sirr anlayışını dərk etməli, ona və redaksiyasına ötürülən kəşfiyyat xarakterli informasiyanı seçməyi, əldə edilən informasiyadan düşmənin və ya maraqlı tərəfin özünə qarşı istifadə etməyi bacarmalıdır.

Bir sözlə, günümüzün “İnformasiya təhlükəsizliyi” anlayışı, informasiya texnologiyaları, daha konkret desək, kompüter və qlobal şəbəkə sistemlərində təkcə texniki məna daşımır, həm də bu, siyasi-iqtisadi, hərbi mahiyyəti özündə ehtiva edir. Məhz bu anlayış vasitəsilə xüsusi xidmət orqanları, kəşfiyyat dairələri kəşfiyyat məlumatlarının toplanmasına çəkilən zəhməti, xərci, bunun üçün itirilən zamanı, demək olar ki, yarıbayarıya endirə bilirlər.

Teymur Zahidoğlu
Xüsusi olaraq Ordu.az üçün

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İnformasiya-təhlükəsizliyi  


Bizi "telegram"da izləyin