Daha öncə qeyd etdiyimiz kimi, bu sözləri "Respublikaçılar" partiyasının sədr müavini Armen Aşotyanın ATƏT-in Minsk qrupunun son bəyanatına münasibət bildirərkən deyib.
"Ermənistanda hakimiyyət dəyişikliyindən sonra bu, hazırkı danışıqlar prosesindəki vəziyyətlə bağlı ilk geniş, proqramlı və nisbətən birbaşa sözdür. Daha açıq desək, bunu tərəflərə ünvanlanmış dəqiq mesajlarla danışıqlar prosesinin saxlanılması və hərbi əməliyyatların bərpasının qarşısını almaq cəhdi kimi qiymətləndirirəm. Nikol Paşinyanın tələskənliyindən, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında öz səylərinə həddindən artıq inam nəticəsində təxminən bir il keçdikdən sonra, təəssüf ki, Vyana, Sankt-Peterburq və Cenevrə razılaşmalarının həyata keçirilməsinin zəruriliyini qeyd etmədən başlanğıc nöqtəsinə qayıtmaq təhlükəmiz var", - deyə Aşotyan yazıb.
Aşotyanın açıqlamasına münasibət bildirən "Hraparak" nəşri "Aşotyan ifşa edir?" başlıqlı məqaləsində "Hansı başlanğıc nöqtəsindən söhbət gedir? Belə başa düşmək olar ki, 1 il əvvəl vasitəçilər tərəflərə hər hansısa təkliflər verib?" deyə sualları nəzərdən keçirib.
"1 il əvvəl həm Azərbaycanda, həm də Ermənistanda hakimiyyətin taleyi həll edilirdi. Serj Sarkisyan prezidentliyi tərk edir və Baş nazirliyə hazırlaşırdı. İlham Əliyev isə prezident seçkilərini 6 ay öncəyə çəkdi. Həmin dövrdə ekspertlərin rəyinə görə, bu addım Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində fasilə yaranmaması üçün atılırdı.
Ümumi olaraq ATƏT-in Minsk qrupunun açıqladığı bəyanatda təsvir edilən nizamlama yolu ilə getməyə həmin dövrdə Ermənistan hazır idi?
Aşotyanın fikrincə, keçən 1 il zamanın yersiz itirilməsi idi. Ona görə ki, nizamlama konsepsiyasında heç nə dəyişməyib. Hər şey başlanğıc nöqtəsinə qayıdır. Aşotyan hesab edir ki, hakimiyyət dəyişikliyi Qarabağ məsələsində heç bir irəliləyiş gətirməyib. O zaman belə hesab etmək olar ki, əgər Serj Sarkisyan hakimiyyətdən imtina etməsəydi, münaqişənin həllində irəliləyişə nail olmaq olardı.
Daha öncə rusiyalı ekspert Aleksandr Duqin qeyd edib ki, vasitəçilər əvvələr əldə edilmiş razılaşmaların Nikol Paşinyan tərəfindən qəbul edilməsi üçün səy göstərməlidirlər.
Məgər hazırda Minsk qrupunun həmsədrləri bunu xatırladır? Armen Aşotyan eyni şeyi ifşa edir?", - deyə nəşr qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az