Ermənistanda daha bir əsgər müəmmalı şəraitdə yaralanıb – Ailə etiraz edir

2019/01/45645-1547895640.jpg
Oxunub: 9135     14:58     19 Yanvar 2019    
Ermənistan Müdafiə Nazirliyi Mərkəzi Klinik hərbi hospitalının reanimasiya bölməsində müalicə olunan Anranik Hovhannisyan Ararat vilayətinin Avşar kənd sakinidir. O, 17 dekabr tarixində çənə nahiyəsindən beyin hissəsinə qədər dəlib keçən güllə yarası alıb. Həkimlər onun valideynlərinə böyük ümidlər vermir. Erməni hərbi qulluqçunun vəziyyəti günlərdir ağır olaraq qalmaqda davam edir.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə onun anası Narine Koşkaryan danışıb.

Hadisə döyüş növbətçiliyinin aparıldığı döyüş postunda baş verib. İstintaq komitəsinin məlumatına əsasən atəş kiçik çavuş Hovhanisyana təhkim edilmiş silahdan açılıb. Cinayət işi intihar həddinə çatdırma maddəsi üzrə açılıb, lakin intihar etmə səbəbi göstərilməyib.

Anası bildirib ki, övladının intihar etməyə heç bir səbəbi olmayıb. Xidmət etdiyi Lusakertdəki və Vardenisdəki hərbi hissədə hamı onun nizam-intizamlı hərbi qulluqçu olduğunu bilir. Anasının dediklərinə görə, onun sevdiyi qız üçün intihar etdiyi deyilsə də, bu yalandır, həmin qızla ailəsinin əlaqəsi olub və daim gedib gəliblər. Bir ildən artıqdır xidmət edən hərbi qulluqçu digər hərbçilər kimi baş verənləri valideynlərindən gizlətmək qərarına gəlib. Anası ilk dəfə noyabr ayında hərbi hissədə övladına baş çəkərkən bütün barmaqlarının pis vəziyyətdə olduğunu vurğulayıb. Bunu isə havada hansısa yoluxma ilə əlaqələndirərək, heç bir sarğı qoymayıb, o cümlədən müalicə etməyiblər.

Bütün bunlara baxmayaraq, bir neçə gün sonra döyüş növbətçiliyi aparılması üçün onu ön xəttə göndəriblər. Erməni əsgər anası ikinci dəfə oğlunun yanına gedərkən onu boğazından yaralanmış vəziyyətdə görüb.

O, nə qədər təəccüblü olsa da kiçik oğluna yanvarın 21-də hərbi xidmətə çağırılması barədə bildiriş gəldiyini qeyd edib. Qardaşını ağır vəziyyətdə hospitalda görən Artsrun Hovhannisyanın ağır psixoloji durumda olduğu qeyd olunur.

Anası qeyd edir ki, kiçik oğlunun hərbi xidmətə çağırılmasının 6 ay müddətinə təxirə salınması barədə Ermənistan Müdafiə nazirinə müraciət edib. Artaşat hərbi komissarlığından verilən cavaba görə isə hərbi xidmətin qardaşının xəstəliyi ilə heç bir əlaqəsi yoxdur və dekabr ayının 21-dək orduya getməlidir.

Andranik Hovhannisyanla bağlı cinayət işinin gedişatı ilə tanış olmaq üçün istintaq komitəsinə müraciət edildiyi, lakin heç bir yeni məlumatın olmadığı bildirilib. Yalnız kompleks ekspertiza təyin edildiyi bildirilib. “Cinayət işi üzrə ilkin istintaq davam edir”, - deyə istintaq komitəsinin mətbuat xidmətindən Naira Harutyunyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin