2018-ci ildə də Dövlət Sərhəd Xidmətinin dövlət sərhədinin mühafizəsinin təşkilində yeni uğurların əldə olunması, sərhəd mühafizəsində son metodların tətbiq edilməsi, bu sahəyə dövlət tərəfindən göstərilən diqqət və qayğı nəticəsində mümkün olub.

Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin aprel ayının 30-da DSX Sahil Mühafizəsinin “Gəmi inşası zavodu”nda inşası yekunlaşan 5-ci “Tufan” tipli sərhəd gözətçi gəmiləri ilə tanış olması, bu tipli daha 1 gəminin təməlini qoyması, dəniz sərhədlərinin mühafizəsi və neft-qaz infrastrukturunun mühafizəsi üzrə mühüm tapşırıqlar verməsi, may ayının 16-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Naxçıvan” əlahiddə sərhəd diviziyasının 13-cü sərhəd zastavasında sərhədçilərlə görüşməsi, Dövlət Sərhəd Xidmətinin fəaliyyətini tənzimləyən normativ-hüquqi aktlarının təkmilləşdirilməsi, sərhədçilərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə əlavə vəsaitlərin ayrılması barədə qərarlar verməsi, DSX əməkdaşlarına ali hərbi rütbələrin verilməsi, 3 orden, 41 medal, 8 fəxri adla təltif etdilməsi bütün şəxsi heyət tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılandı.

Son illərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dövlət sərhədlərinin etibarlı mühafizəsinə, hərbi hissə və bölmələrin döyüş hazırlığının gücləndirilməsinə, yeni silahların və döyüş texnikasının xidməti fəaliyyətdə tətbiqinə, şəxsi heyətin peşəkar hazırlığının yüksəldilməsi sahəsində ciddi nailiyyətlərin əldə olunmasına, 2017-ci ildə mühüm struktur islahatların keçirilməsinə, Dövlət Sərhəd Xidmətinin tərkibində 4 silahlı birləşmənin - Sərhəd Qoşunlarının, Çevik Hərəkət Qüvvələrinin, Sahil Mühafizəsinin və Sərhəd Nəzarətinin yaradılması ilə xidməti fəaliyyətin daha da optimallaşdırılmasına, nəticə etibarilə Azərbaycan Sərhəd Mühafizəsində qarşıya qoyulan hər bir tapşırığı yüksək səviyyədə icra etməyə qadir olan ciddi hərbi potensialın formalaşdırılmasına xüsusi diqqət və qayğı göstərib.

Dövlət Sərhəd Xidmətinin hərbi potensialını nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindən keçən hissəsindəki döyüş mövqelərinin və müvafiq hərbi obyektlərin Dövlət Sərhəd Xidməti tərəfindən təhvil alınması tapşırığını verdi. Qısa müddət ərzində bu proses uğurla tamamlandı.
Azərbaycan Respublikasının dövlət sərhədinin tam mühafizə altına götürülməsinin əsasını qoyan bu tapşırığın Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən qısa müddətdə şərəflə icra olunması, Azərbaycan sərhədçisinə ciddi etimadın ifadəsi hesab edilir. Bu strateji əhəmiyyətə malik olan ərazilərin qorunması üçün xidməti-döyüş fəaliyyətinin Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları tərəfindən təşkil olunması, bu istiqamətdə dövlət sərhədinin mühafizəsi sisteminin yaradılması məqsədilə ardıcıl və dinamik işlərin həyata keçirilməsi qoşunların döyüş hazırlığı səviyyəsinin heç də digər qoşun növlərindən geri qalmadığını göstərir. Bu qərar həmin bölgələrdən ehtiyata çıxarılan Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin hərbi hissə və bölmələrinin döyüş qabiliyyətinin daha da yüksəldilməsinə, yeni ehtiyat qüvvələrinin yaradılmasına, şəxsi heyətin döyüş hazırlığı səviyyəsinin gücləndirilməsinə imkan verəcək. Əlavə olaraq zərurət yarandıqda müdafiə zolağının istənilən hissəsində əlavə ehtiyat qüvvələrin tətbiqi imkanları daha da genişlənəcək.

DSX Sərhəd Qoşunlarının vəzifələrinin genişləndirilməsi ilə əlaqədar zabit heyətinə, silah və texnikaya artan tələbatı qarşılamaq üçün daha əvvəlcədən tədbirlər görülüb. Bu məqsədlə DSX Akademiyasında qəbul edilən kursant sayı artırılıb. Silah və texnika tədarükü isə daha əvvəlcədən başa çatdırılıb. İnanırıq ki, sərhədçilərimiz Ermənistan Silahlı Qüvvələrinin işğal etdiyi ərazilərimizdə hər gün itkilərə məruz qalmasını təmin edəcəklər.
Hazırda ön xətt bölmələrində komandirlər tərəfindən zabit heyətinin ərazidə vəzifələrinin dəqiqləşdirilməsi, cinahlara cavabdehlərin təyin edilməsi, şəxsi heyətin təhlükəsizlik, döyüş növbətçiliyinin aparılması qaydalarına riayət etməsi, fasiləsiz müşahidənin və rabitənin təşkili, şəxsi heyətin ərazi ilə tam tanış olması, mühəndis maneə sistemini öyrənməsi və inkişaf etdirilməsi tədbirləri həyata keçirilir.

Azərbaycan sərhədçisinə ciddi etimadın ifadəsi olan, Azərbaycan Respublikasının dövlət sərhədinin tam mühafizə altına götürülməsinin əsasını qoyan bu tapşırığın Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən şərəflə icra olunması, sərhədçilər üçün bu ərazilərin həm sərhəd, həm də səngər olması, bu gün həmin ərazilərdə xidməti-döyüş fəaliyyətinin Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları tərəfindən təşkil olunması, hazırda bu istiqamətdə dövlət sərhədinin mühafizəsi sisteminin yaradılması məqsədilə ardıcıl və dinamik işlərin həyata keçirilməsi böyük qürurla qeyd olunub.
Dövlət Sərhəd Xidmətinin rəhbərliyi Ali Baş Komandanın bu qərarının Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin hərbi hissə və bölmələrinin döyüş qabiliyyətinin daha da yüksəldilməsinə, yeni ehtiyat qüvvələrinin yaradılmasına, şəxsi heyətin döyüş hazırlığının gücləndirilməsinə yönəldiyini bildirib.
2018-ci ildə Dövlət Sərhəd Xidməti tərəfindən aşağıdakı əsas nailiyyətlər əldə olunub:

- Rusiya Federasiyası ilə əməkdaşlığın daha da möhkəmləndirilməsi nəticəsində 3 sentyabr 2010-cu il tarixdə imzalanan “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dövlət sərhədi haqqında” dövlətlərarası müqavilənin icrası üzrə 22 fevral tarixində, müstəqillik illərində ilk dəfə olaraq, Azərbaycan-Rusiya dövlət sərhədində ilk sərhəd nişanının təməli qoyulub, demarkasiya işlərinə başlanılıb və bu günə qədər 78 ədəd sərhəd nişanı quraşdırılıb;

- Xəzər dənizi hövzəsi dövlətlərinin başçılarının V Zirvə toplantısında dövləti maraqlarımız üçün xüsusi əhəmiyyət kəsb edən “Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya”nın imzalanması ilə dəniz sərhədlərinin mühafizəsi üzrə xidmət-döyüş fəaliyyəti yeni mərhələyə qədəm qoyub;

- DSX xüsusi məktəbinin yeni inşa olunan korpusunun açılış mərasimində Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyeva iştirak edib, bu korpusun istifadəyə verilməsi ilə məktəb kursantlarının sayının 3 dəfəyədək artırılması üçün şərait yaradılıb;

- Azərbaycan dövlətçiliyinin və Bakı şəhərinin erməni-daşnak hakimiyyətindən azad edilməsinin 100 illiyinə həsr olunan paradlarda Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti, döyüş texnikası və sərhəd gözətçi gəmiləri qürur və şərəflə iştirak edib;

- Dahi Öndər Heydər Əliyevin 95 illiyinə, Azərbaycan dövlətçiliyinin 100 illiyinə və 15 iyun Milli Qurtuluş gününün 25 illiyinə həsr olunan sərhəd xətti boyu süvari və gəmi yürüşlərində dövlət bayrağımız dalğalandırılıb, Heydər Əliyev və İlham Əliyev zirvələrinə sərhədçi yürüşləri, Yevlax şəhərində 2 km uzunluğunda dövlət bayrağımızla “Zəfərə doğru” yürüşü keçirilib;
- 47 ali təhsil müəssisəsinin iştirak etdiyi “Heydər Əliyev və Azərbaycan tarixi” V Ümumrespublika bilik yarışında Dövlət Sərhəd Xidmətinin Akademiyası ardıcıl olaraq ikinci dəfə 1-ci yerə yüksəlib;
- Dövlət sərhədindən buraxılış məntəqələrində xidməti fəaliyyətin yüksək tələblər səviyyəsində təşkil olunması, dövlət sərhədindən keçən şəxslərin sənədlərinin yoxlanılması və viza prosedurları sadələşdirilməsi üçün, sərhəd nəzarəti sahəsində xidmətə 300 nəfərdən çox yeni əməkdaş cəlb olunub;

- Avropa İttifaqı, NATO, Beynəlxalq Miqrasiya Təşkilatı, GUAM, “Frontex” Agentliyi kimi beynəlxalq təşkilatlar və Rusiya Federasiyası, İran, Türkiyə, Gürcüstan, ABŞ, Əfqanıstan, Səudiyyə Ərəbistanı, Yaponiya, Belarus, Pakistan sərhəd xidmətləri ilə qarşılıqlı münasibətlər inkişaf etdirilib, xarici şirkətlərlə hərbi-texniki əməkdaşlıq münasibətləri möhkəmləndirilib;
- Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsədilə xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 19 nəfər, məxfi əməkdaşlığa cəlb olunan 3 nəfər müəyyən edilib;
- Xarici münaqişə zonalarında döyüşən 8 nəfərin şəxsiyyəti müəyyən olunub, onlardan 5 nəfər Azərbaycan vətəndaşı saxlanılıb, qanunsuz miqrasiya ilə məşğul olan 9 qrup, qaçaqmalçılıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 16 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib;

- Dövlət sərhədini pozduqlarına görə 574 nəfər, sərhədboyu rejim qaydalarını pozduqlarına görə 12 min 701 nəfər, axtarışda olan 5561 nəfər saxlanılib;
- 38 milyon 279,8 min manat dəyərində qaçaqmalın, 1 ton 215 kiloqram 325 qram narkotik vasitənin dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb;

- Geniş miqyaslı döyüş atışlı taktiki dəniz sərhəd təlimləri keçirilib, gəmi silahlarının gecə və gündüz şəraitində atışları zamanı bütün təlim tapşırıqları yüksək səviyyədə icra olunub, şəxsi heyət tərəfiindən böyük döyüş məharəti nümayiş etdirilib;

- Sərhəd xəttində xüsusi işarəverici texniki qurğuların, texniki müşahidə məntəqələrinin və videomüşahidə kameralarının quraşdırılması nəticəsində dövlət sərhədinin pozulmasının qarşısının texniki yolla alınması sahəsində önəmli nəticələr əldə olunub;
- Elmi-texniki tərəqqinin nailiyyətlərinin xidməti-döyüş fəaliyyətində geniş istifadə edilməsi, xidmətin təşkilində innovativ məhsulların, yüksək texnologiyaların və kreativ həllərin tətbiqi məqsədilə Azərbaycan Respublikasının Milli Elmlər Akademiyası ilə qarşılıqlı faydalı əməkdaşlıq inkişaf etdirilir;

- Dövlət sərhədinin mühafizəsi infrastrukturunun təkmilləşdirilməsi tədbirləri uğurla davam etdirilir, 119 binadan ibarət tikinti komplekslərinin əsaslı təmir və tikintisi həyata keçirilib, “Göytəpə” və “Xudat” sərhəd dəstələrində 2 sərhəd zastavası üzrə 18 bina və qurğunun tikintisi başa çatdırılıb və şəxsi heyətin xidməti istifadəsinə verilib;
- Azərbaycan Respublikası Silahlı Qüvvələri tarixində ilk dəfə olaraq Dövlət Sərhəd Xidməti tərəfindən tətbiq olunan sərhəd bölmələrində “Valideyn günləri”nin keçirilməsi təcrübəsi uğurla davam etdirilir, ümumilkdə bu cür 101 görüş keçirilib.

İl ərzində sərhəd pozucuları tərəfindən sərhəd növbətçilərinə qarşı 3 halda silahlı müqavimət göstərilib, sərhəd pozucularına qarşı təlimata uyğun silah tətbiq olunub, hadisə yerində 2 halda avtomat silah, 1 halda 2 ədəd gecəgörmə cihazı aşkar olunub. O cümlədən, iyun ayının 21-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin pozulmasının qarşısı alınarkən silahlı sərhəd pozucuları ilə atışmada çoxsaylı güllə yaraları alan çavuş Ramazan Kurupovun həyatı təcili tibbi müdaxilə sayəsində xilas edilib, əməliyyat-axtarış və qoşun tədbirləri nəticəsində 29 noyabr tarixində dövlət sərhədinin pozulmasının qarşısı alınarkən baş verən atışma zamanı sərhədçilər tərəfindən şəxsi şücaət nümayiş etdirilib, çavuş R.Kurupov atəş açıb, sərhəd pozucusu ayağından güllə yarası almaqla saxlanılıb.
İl ərzində xidmətdə fərqlənən hərbçilər rəhbərlik tərəfindən mükafatlandırılıb.
Hərbi eskpert Ədalət Verdiyev
Ordu.az