Ordu.az xəbər verir ki, bugünkü mətbuat konfransında Ermənistan Xüsusi İstintaq Komitəsinin rəhbəri Sasun Xaçatryan 2008-ci il 1 mart hadisələri ilə bağlı qalmaqallı açıqlamalar verərək, hərbi qulluqçuların muzdlulara çevrildiyini söyləyib.
Xaçatryan ictimai tələb olduğu halda istefa verəcəyini də qeyd edib. O bildirib ki, 1 mart hadisələri ilə bağlı 0038 nömrəli gizli əmr ortaya çıxdı.
"İllərdir bu əmr barədə naməlum səbəbdən açılan cinayət işində heç bir xatırlatma yox idi. Bu əmr ortaya çıxdıqdan sonra məlum oldu ki, ordu həmin siyasi hadisələrdə 23 fevral 2008-ci ildən etibarən iştirak etməyə başlayıb. Bu əmr mərkəzi seçki komissiyasının rəsmi məlumatları açıqlanmadan bir gün əvvəl verilib. Yəni Robert Koçaryanla, Mikayel Harutyunyan artıq bir gün əvvəl mərkəzi seçki komissiyası tərəfindən Serj Sarkisyanın seçkilərdə qalib namizəd olduğu barədə qərar verəcəyi haqqında məlumatlı olublar.
Bununla da dinc aksiyaların qarşısının alınması üçün həmin əmr imzalanır. İndi nə baş verir? 0038 nömrəli əmr ortaya çıxdıqdan və çevik silahlı bölmələrin təşkil edildiyi məlum olduqdan sonra Koçaryanın müdafiəçiləri açıqlama ilə çıxış ediblər. Onlar bunu Manvel Qriqoryanın (qanunsuz silah dövriyyəsi və əsgər payı yeyintilərinə görə həbs edilən, Yerkrapah sədri - red) və Qaqik Melkonyanın nəzarətində olan ordu tərkibindəki silahlı birləşmələri siyasi proseslərə cəlb etmələrinə imkan verməmək üçün atılan addım kimi təqdim etməyə çalışıblar. Amma bu ciddi açıqlama deyil", - deyə o qeyd edib.
O davam edərək bildirir ki, bundan sonra Köçəryan tərəfdarları ordunun siyasi proseslərdə iştirak etmədiyini, yalnız kazarma vəziyyətinə gətirildiyini deyiblər: "Lakin müstəntiqlər artıq sübut ediblər ki, ordu siyasi proseslərdə iştirak edib və insanlara doğru atəş açıb. Ordu mənsublarının atəş açması barədə bizim konkret fakrtlarımız var. Bu gizli əmrdən sonra müxtəlif hərbi hissələrdən hərbi qulluqçular İrəvana toplanıb.
Cəbhədə xidmət edən əsgərlər həftələrlə dəyişmədən döyüş növbətçiliyi çəkib ki, bu da çox təhlükəli vəziyyət yaradıb. Nəticədə bilirsiniz ki, həmin vaxtlar diversiya fəaliyyətləri baş verib. Bu isə ordunun nüfuzuna xələl gətirib. Ordu ilə davranmaqda ən biabırçı vəziyyət isə hərbi qulluqçuların muzdlu əsgərlərə çevrilməsi olub. Oliqarxlar 23 fevraldan 7-8 mart tarixlərinədək öz var dövlətlərini, əmlaklarını, özlərini və siyasi məqsədlərini qorumaq üçün əsgərlərə, ordunun hərbi qulluqçularına pul paylayıblar. Müstəntiq tərəfindən pul paylanılan əsgərlərin adlı siyahısı, paylanılan pulun miqdarı və komandirlərin imzası olan jurnal ələ keçirilib, nümayiş olunur. Bu pullar oliqarxların və yüksək vəzifəli məmurların hesablarından çıxarılıb. Bu hesablar barədə əlavə məlumatlar veriləcək".
Alpər Mövludoğlu
Ordu.az