“National Interest”: ABŞ hipersəs silahlarda liderliyi əldə etməyə çalışır

2018/08/Снимок_1534346199.png
Oxunub: 3868     23:13     15 Avqust 2018    
Vaşinqton özünün Rusiya və Çin qarşısında texnoloji üstünlüyünü geri qazanmaq üçün bütün səylərini səfərbər edib.

Ordu.az “National Interest”ə istinadən xəbər verir ki, əsas diqqət hipersəs silahların təkmilləşdirilməsi və istifadəyə verilməsinə ayrılıb.

ABŞ Hərbi Hava Qüvvələrinin bir neçə gün öncə “Lockheed Martin”lə hipersəs raketlərin istehsalına dair ikinci nəhəng müqavilə imzalaması buna nümunədir. ABŞ hipersəs raket texnologiyasında Rusiya və Çindən geri qalacağından çox narahatdır.

Havadan atılan sürətli əks-cavab silahının (ARRW) təkmilləşdirilməsini nəzərdə tutan yeni müqavilə haqda danışan ABŞ HHQ-nin rəhbəri Hezer Uilson yeni müqavilə ilə bu sahədə ən yaxşı texnologiyanın əldə ediləcəyini vurğulayıb.

Xatırladaq ki, bundan daha öncə, aprelin 18-də ABŞ HHQ “Lockheed Martin”lə hipersəs raketlərin təkmilləşdirilməsinə dair 928 milyon dollarlıq müqavilə imzalayıb. Eyni zamanda ABŞ ordusunun 3 əsas qanadı bu texnologiyanın birgə inkişafına yönəlik anlaşma memorandumu bağlayıblar.

ABŞ-ın sözügedən sahəyə diqqətini cəmləməsinə əsas səbəb isə Rusiya və Çinin hipersəs texnologiyasında son dövrlərdə əldə etdikləri nailiyyətlərin artmasıdır. Rusiya artıq Kh-47M2 “Kinjal” raketini yerləşdirib və hazırda “Avanqard”ın üzərində çalışmalara davam edir. Çin də bu istiqamətdə işlər görsə də, onun əldə etdiyi nəticələr barədə məlumatlar çox azdır.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Hipersəs-Raketləri  


Bizi "telegram"da izləyin