Ehtiyatda olan mayor: "Keçəltəpədə düşmənin 18 maşın silah-sursatını ələ keçirdik" (MÜSAHİBƏ)

2018/08/259C34A4-E0AE-4ADB-8182-BDC9FF3FEEB8_w974_n_s_3068457536.jpg
Oxunub: 4344     15:31     14 Avqust 2018    
"1993-cu ildə Keçəltəpədə ermənilərin saxlancları vardı, həmin ilin fevral ayında ora hücum etdik. O bazadan 18 maşın silah-sursat, 4 T-72 tankı, 3 BMP-2, 4 D-44 artilleriya topları, bir neçə ədəd də avtomobil qənimət kimi götürüb, hərbi hissənin arsenalına daxil etdik".

Şahin Əliyev, 1959-cu ildə Basarkeçər rayonunda anadan olub. 80-cı illərdə Sovet ordusunda qulluq edən keçmiş döyüşçü, 1990-cı ildə könüllü özünümüdafiə batalyonuna yazılaraq taqım komandiri kimi xidmətə başlayıb. Hal-hazırda Naftalan şəhərində yaşayır. Mayor hərbi rütbəsi ilə Azərbaycan ordusundan ehtiyata buraxılıb. Onunla tanışlığım elə xidmət keçdiyi hərbi hissənin yaranma günündə keçirilən tədbirdə oldu. Biz hərbi hissəyə daxil olanda, bir neçə mülki geyimli şəxs nizami hərbi düzülüş qaydasında dayanmışdı. Onların 25 yaşlı hərbi hissənin ovaxtkı əsgərləri olduqlarına şübhə yox idi.

- Cənab mayor zəhmət olmasa az da olsa hərbi hissənin döyüş yolundan danışardız.

- Bu hərbi hissə ilk dəfə könüllü batalyon olaraq fəaliyyətə başlayıb. Goranboy istiqamətində çox ağır döyüşlərimiz olub. Düzdür, itgilərimiz də olub. Əlbəttə ki, döyüş olan yerdə itgi qaçılmazdır. İlk döyüş yolumuz Ağcakənd istiqamətində olub. Qədim Azərbaycan kəndlərində məskunlaşan seperatçı ermənilərin çıxarılmasında iştirak edirdik.


Qürurverici, örnək olacaq qələbələrdə pay sahibi olmuşuq. Heç bir hərbi təlim görməmişdik. Aramızda peşəkar hərbiçilər az idi, demək olar ki, yox dərəcəsində idi. Lakin biz bütün bunlara baxmayaraq, düşmənə layiq olduğu cavabları verə bilirdik. Bilirsiniz necə, bu işdə bizə ətraf relyefi tanımağımız çox kömək edib. Biz o vaxt əməliyyatları Çapayev variantı ilə izah edirdik. Vallah indiyə baxanda adamın ürəyi dağa dönür.

- Goranboy əməliyyatı həyata keçirilməsi və uğurlarına görə cəmiyyətin az bir hissəsinə məlumdur. Həmin döyüşlər zamanı düşmənin hazırlığı hansı səviyyədə idi?

- Döyüşlər zamanı ermənilər xüsusi hazırlıq keçmişdilər. Onların maddi-texniki bazası həddindən artıq çox idi. 1993-cu ildə Keçəltəpədə ermənilərin saxlancları vardı və həmin ilin fevral ayında biz ora hücum etdik. O bazadan 18 maşın silah-sursat, 4 T-72 tankı, 3 zirehli piyada maşını BMP 2, 4 D-44 artileriya topları, bir neçə ədəd də avtomobili qənimət kimi götürüb, hərbi hissənin arsenalına daxil etdik.

Ermənilər Ağcakənd və onun ətrafındakı azərbaycanlıların məskunlaşdığı kəndlərdə illərlə məskunlaşma siyasəti aparıblar. Bir il öncəyə qayıtsaq görərik ki, Gülüstan, Talış, Medişen, Moxrataq, Qlobus, Kasapet yüksəkliyi, Tonaşen 1, 2, 3, Turbaza, Sərsəng SES, Umudlu, Koçaqot, Drmbon, Maqauz, Balaca Çıldıran, Çıldıran və Sırxavənd kəndləri azad edilmişdi. Doğrudur, bizimlə yanaşı bir çox batalyonlar və birləşmələr də qəhrəmanlıqla vuruşub. Hər birimizin döyüş əməliyyatları vahid bir məqsədə xidmət edirdi. Bizim artıq dağ döyüşlərində kifayət qədər real təcrübəmiz varı idi. Buna görə də, 1993-cü ildə hərbi hissə qərarla "Dağ Atıcı Alayı" kimi fəaliyyətə başladı. İndi isə hər dəfə hərbi hissəmizə gələndə böyük iftixar hissi keçirirəm.


Sözünə ara verib sağa-sola boylandı, əlində saxladığı siqaret kötüyünü bir neçə metr aralıda olan qutuya atıb geri döndü. Bu an komandirin gəlişi ilə verilən komandanı eşidib, o da fərəqətdə dayandı. Azad əmri veriləndən sonra sözünə davam etməyə başladı.

- Hərbi hissəyə tez-tezmi gəlirsiniz?

- Əlbəttə bura bizim evimiz sayılır. Vaxtaşırı gəlirik, əsas məqsədimiz gənc əsgərlərimizə ruh yüksəkliyi verməkdir. Vətən bizim hər şeyimizdir, Vətəni də biz qorumalıyıq. Mən ehtiyatda olan zabitəm. Bu yaşımda özümü tam sağlam və gümrah hiss edirəm. Nə vaxt dövlətimiz çağırsa, mən bir əsgər kimi yenə də döyüşə hazıram. Canım Vətənimə, millətimə, dövlətimə və dövlətçiliyimə fəda olsun. Biz bu günün gəncliyinə, təcrübə poliqonu real müharibə meydanında olan, çətin şəraitdə yaradılan, döyüş yolu qürur duyulacaq bir hərbi hissə qoyub getmişik. Heç şübhə də etmirəm ki, indiki gənclərimiz bu uğurularımızı qələbə ilə sonlandıracaqlar.

Səsində olan amiranəlik və ruhunda olan döyüşçü qüruru, onun Vətən sevgisindən xəbər verirdi. Apardığı döyüşlərdə əldə etdiyi qələbələrə görə, o, komandanlıq tərəfindən kursa göndərilir və hərbi rütbəyə layiq görülür. Goranboyun Tap Qaraqoyunlu kəndindəki döyüşlərə tabor komandiri kimi rəhbərlik edir. Ehtiyatda olan mayorun son döyüşü isə 1994-cü ilin may ayında Talış kəndi istiqamətində olub.


Daşqın Güneyli
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Goranboy-əməliyyatı   Qarabağ   Müharibə  


Bizi "telegram"da izləyin