Ordu.az TASS-a istinadən xəbər verir ki, Moskva vilayətinin Alabino hərbi poliqonunun "Patriot" hərbi parkında keçirilən mərasimdə Rusiyan Müdafiə naziri ordu generalı Sergey Şoyqu ilə yanaşı, Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Belarusun Müdafiə naziri general-leytnant Andrey Ravkov, Qazaxıstanın Müdafiə naziri general-polkovnik Saken Jazusakov və bir sıra ölkələrin Baş Qərargah rəisləri iştirak ediblər.
Açılış mərasimində Rusiya prezidenti Vladimir Putinin məktubunu oxuyan Şoyqu iştirakçıları salamlayıb və onları iştiraklarından dolayı təbrik edib.
“Əziz dostlar, bu gün sizi Dördüncü Beynəlxalq Ordu Oyunlarının açılışında görməkdən şadam”, - deyə Şoyqu bildirib.
Putin öz məktubundan bu oyunların özlüyündə yaxşı ənənə olduğunu və onun iştirakçı ölkələr arasında əlaqələrə töhfə verəcəyini bildirib. O, iştirakçılara uğurlar arzulayıb və yarışların ən yüksək səviyyədə təşkilindən əminliyini ifadə edib.
Qeyd edək ki, "Dördüncü Beynəlxalq Ordu Oyunları"nda 32 ölkədən ümumilikdə 189 komanda iştirak edir. Müsabiqə çərçivəsində iştirakçılar 28 fərqli yarışda öz güclərini sınayacaqlar.
28 iyul – 12 avqust tarixlərində baş tutacaq yarışlar Rusiya, Çin, Qazaxıstan, Belarus, İran, Azərbaycan və Ermənistanda həyata keçiriləcək.
Ağalar Ağalarlı
Ordu.az