Müdafiə Nazirliyinin mətbuat xidmətindən
Ordu.az-a verilən məlumata görə, Mərkəzi Zabitlər Evi kollektivinin, hərbi qulluqçuların, QHT və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə əvvəlcə ümummilli lider Heydər Əliyevin, eləcə də Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Sonra qəhrəmanın şərəfli həyat yolu haqqında ətraflı məlumat verilib. Vurğulanıb ki, Mehdi Hüseynzadə çoxsaylı uğurlu kəşfiyyat əməliyyatları və nümayiş etdirdiyi misilsiz hərbi şücaətləri ilə böyük şöhrət qazanıb. O, Azərbaycan xalqının zəngin tarixi hünər salnaməsinə şanlı səhifələr yazıb. Yüksək əxlaqi keyfiyyətlərə malik cəsur kəşfiyyatçının rəşadət dolu şərəfli həyat yolu bu gün Vətənimizi layiqincə qoruyan və işğal altındakı torpaqlarımızı azad etməyə hər an hazır olan mətin Azərbaycan əsgəri üçün parlaq qəhrəmanlıq nümunəsidir.
Çıxış edənlər dövlətimizin Mehdi Hüseynzadənin xatirəsinə olan dərin ehtiramını da xüsusi qeyd ediblər.
Ordu.az