Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, hadisə ilə bağlı 5-ci qarnizon istintaq komitəsi tərəfindən aparılan araşdırma zamanı bəzi detallar məlum olub.
Araşdırmalara görə, erməni hərbi qulluqçu iyunun 22-də axşam saatlarında döyüş mövqeyində ölümcül güllə yarası nəticəsində ölü olaraq aşkar edilib. İstintaq tədbirləri nəticəsində məlum olub ki, hərbi hissənin atıcı taborun bölük komandirinin müavini kapitan S. Karapetyan döyüş növbətçiliyi aparan hərbi hissənin tərkibində post baçısı olaraq xidmətdə olub.
O, 22.06.2018-ci il saat 18:00 radələrində içkinin təsirində olaraq sərxoş halda postun silah saxlama yerindən avtomat götürərək, səbəbsiz yerə havaya atəş açıb. Eyni hal saat 21:00 radələrində də təkrarlanıb. Bundan sonra saat 22:50 radələrində kapitan təkrarən silah saxlama yerindən, həmin postda xidmət edən müqaviləli hərbi qulluqçu baş əsgər Darbinyana təhkim edilmiş silahı götürərək, silahı doldurub və nizamsız şəkildə atəş açmağa başlayıb.
Nəticədə açılan güllələrdən biri bir neçə metr aralıda döyüş növbətçiliyi çəkən müqaviləli hərbi qulluqçu Hovanes Melkonyana dəyərək, onun ölümünə səbəb olub. Əldə edilən dəlillər əsasında kapitan Karapetyana qarşı ittiham irəli sürülüb.
Alpər Mövludoğlu
Ordu.az