““İldırım” və “Qalxan”lar hava məkanımızı tam şəkildə qoruyur” – HƏRBİ EKSPERT

2018/06/345345_1530109400.jpg
Oxunub: 2824     01:20     28 İyun 2018    
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə Azadlıq meydanında keçirilən hərbi paradda nümayiş etdirilən ən müasir zirehli texnikalar, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, helikopterlər, pilotsuz uçuş aparatları və digər hərbi təyinatlı məhsullar ölkəmizin müdafiə qüdrətinin və ordumuzun isə yüksək döyüş qabiliyyətinin təzahürüdür.

Paradda müasir hərbi əməliyyatlarda tətbiq olunan silah və döyüş texnikası ilə yanaşı hava məkanımızı tam və etibarlı şəkildə qoruyan dünyada “Barak-8” kimi tanınan yeni “İldırım” və “Qalxan” hava hücumundan müdafiə və raket əleyhinə müdafiə komplekslərinin buraxıcı qurğu və daşıyıcı nəqliyyatının nümayişi ordumuzun silahlanmasının nə qədər zəngin olduğunu bir daha sübut etdi.


Silahın taktiki-texniki xarakteristikası və keçirilən sınaqların nəticələrinə görə “İldırım” hava hücumundan müdafiə kompleksi düşmənin 70 km uzaqlıqda, “Qalxan” hava hücumundan müdafiə kompleksi ilə isə 150 km uzaqlıqda hava hücum vasitələrini, ballistik hədəfləri, eləcə də bütün növ qanadlı və taktiki raketləri məhv etmək qabiliyyətinə malikdir.

Hələ 2016-cı ilin dekabr ayında Ali Baş Komandanın təsdiq etdiyi hərbi qüvvələrin döyüş hazırlığı planına əsasən Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının qəfil yoxlanılması zamanı silahlanmada olan “İldırım” zenit-raket komplekslərinin hazırlıq vəziyyətinə gətirilməsi və döyüş atışları icra edilib. Həmin atışlar zamanı şərti düşmənin intensiv radioelektron və atəş təsiri şəraitində qanadlı raketləri, alçaqdan uçan və aerodinamik hədəfləri imitasiya edən hədəflərin aşkarlanması və avtomatik izlənməyə götürülməsi, qərar qəbul edilməsi, onlara qarşı atəş açılması və hədəfin effektiv məhv edilməsi tapşırıqları uğurla həyata keçirilib.


Qeyd edək ki, ordumuzun silahlanmasına daxil edilən bütün silah sistemləri, o cümlədən haqqında bəhs etdiyimiz “İldırım” və “Qalxan” hava hücumundan müdafiə kompleksləri real döyüş əməliyyatlarında uğurla tətbiq olunub. Bəzi məlumatlara görə bu komplekslərin təkmilləşdirilərək daha uzaq məsafədə və radiusda tətbiqi üzrə müvafiq işlər aparılır.

2016-cı ildən etibarən döyüş növbətçiliyinə daxil edilən bu silah sistemləri ölkəmizin hava məkanının təhlükəsizliyini həyata keçirməklə yanaşı düşmənin silahlanmasında olan bütün növ hava vasitələrinin və raketlərin dərhal məhv edilməsini təmin edir.

Ehtiyatda olan polkovnik, hərbi ekspert Tahir Əliyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İldırım-Qalxan   Barak  


Bizi "telegram"da izləyin