Ermənistan Naxçıvan istiqamətində dezinformasiyalarını artırır - MN cavab verdi

2018/06/17_26011458175.jpg
Oxunub: 2821     15:49     27 İyun 2018    
"Biz Azərbaycanın irəli çəkdiyi mövqelərə nəzarət edirik. Zərurət yarandıqda onu 4 tərəfdən atəş altında saxlaya bilərik".

Ordu.az xəbər verir ki, bunu Ermənistan ordusunun mayoru Andranik Tsaturyan erməni jurnalistlərinə müsahibəsində bildirib.

O iddia edir ki, Azərbaycan irəliləməklə öz üçün əlverişli şərait yaratmayıb.


"Onlar təpənin altındaydılar və indi isə təpənin üstünə qalxıblar, çoxlu sayda qoşun yığsalar da eyni qaydada tədarükdən kəsilmiş vəziyyətdədirlər. Konkret olaraq mövqelərinə təsir göstərə bilirik, kəndlilərə təhlükə yarada bilməzlər. Bu sahə onlara heç bir şəkildə fayda verə bilməz", - deyə mayor bildirib.


Burada Tsaturyanın sayıqlamalarına cavab olaraq, Arpaçay istiqamətində ordumuzun irəliləməsini ilk dəfə yayan "Facebook" sosial şəbəkə istifadəçisi Siranuş Tumanyanın sözlərini xatırlamaq yerinə düşər: "Areni kəndinin yaxınlığında Azərbaycan tərəfinin yeni mövqelərini, fotoları elə bu an Areni kəndinin bağlarından çəkmişəm. Kənd onlar tərəfindən tamamilə müşahidə edilir. Hazırda bizim mövqelər daha aşağı səviyyədə qalıb. Kənddə çaxnaşmadır. İnanmayanlara və inkar edənlərə, xahiş edirəm ki, Areni kəndinə gəlib əmin olsunlar".


Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a bildirilib ki, Azərbaycan əsgərinin vurduğu tərs sillədən özünə gələ bilməyən və məğlubiyyəti həzm etmək iqtidarında olmayan Ermənistanın hərbi-siyasi rəhbərliyi xalqının qorxusundan dolayı yollar və müxtəlif uydurmalar hesabına özünə bəraət qazanmağa çalışır.


"Naxçıvan istiqamətində ordumuzun həyata keçirdiyi əks-həmlə əməliyyatı qarşı tərəfi həqiqi mənada "nokauta" salıb. Ermənistan mətbuatının "Günnüt əməliyyatı"nı növbəti dəfə müzakirəyə çıxarması bunu bir daha sübut edir".


Qeyd olunub ki, Azərbaycan tərəfinin azad edilmiş ərazilərdən nümayiş etdirdiyi video-foto çəkilişlərə heç bir tutarlı faktla cavab verə bilməyən Ermənistanın məkanı bəlli olmayan, hansısa dağlıq ərazilərə “press-tur”lar təşkil etməkdən başqa bir çıxış yolu qalmır: "Azərbaycan əsgərinin Naxçıvanda azad etdiyi ərazilərə mülki əhalinin qayıtması, bu yerlərdə həyatın yenidən bərpa edilməsi artıq müzakirə olunmayan danılmaz faktdır".

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Naxçıvan   Arpaçay   Qələbə  


Bizi "telegram"da izləyin