Hərbi Parad 2018: Azərbaycan Ordusu ən yeni silahlarını nümayiş etdirdi – YEKUN (HƏRBİ EKSPERT)

2018/06/0fb17dd6b3f5307245a46fd8f270e802-(1)_1530022320.jpg
Oxunub: 5000     22:01     26 İyun 2018    
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə 1918-ci il iyunun 26-da ilk hərbi hissə - Əlahiddə Ordu korpusu yaranıb. Bunun ardınca orduya çağırış haqqında fərman verilib. Bu gün bu əlamətdar hadisədən tam 100 il ötür. Belə bir quruverici gündə Silahlı Qüvvələrimizin hərbi parad keçirməsi gözlənilən idi.

Müharibə vəziyyətində olan Azərbaycanın həm ölkəmizdə, həm də dünyada istehsal olunan silah sistemlərinin son modelləri ilə təchiz olunan bir ordu ilə hərbi parad keçirməsi çox əlamətdar və təqdirəlayiq bir hadisədir. Hərbi paradlar adətən siyasi və hərbi məqsədləri özündə birləşdirir. Hərbi parad ilk növbədə döyüşən qoşunların, arxa cəbhənin və xalqın döyüş ruhunu yüksəltməyə, qələbəyə inamı artırmağa, düşmənə onu gələcəkdə hansı zərbələr gözlədiyini mesajını verməyə hesablanıb. Bir çox hallarda hərbi parad müharibələrin gedişatını dəyişməyə imkan verən dönüş nöqtəsi kimi xatırlanır. Belə paradlar öz təyinatının effektivliyinə görə dünyada unikal parad kateqoriyalarına aid edilir.

Paytaxtda bu gün keçirilən paradın da Ordu və xalqımız üçün bir çox özünəməxsus müsbət təsirləri mövcuddur. Son zamanlar sərsəm bəyanatları ilə fərqlənən Paşinyan hakimiyyətinə ən tutarlı cavab elə bu hərbi paradın keçirilməsi oldu. Belə bir möhtəşəm hərbi paradın keçirilməsi Ermənistan rəhbərliyinə ciddi bir siqnaldır.

Həmişə olduğu kimi bu dəfə də hərbi paradda Azərbaycan və digər ölkələrdə istehsal edilən 240 adda silah sistemləri və texnikalar nümayiş etdirildi. Onların arasında ilk dəfə olaraq "Polonez" YARS, "Heron TP", "Hermes 450" və "Hermes 900" PUA-ları, SOM raketi , LORA raketi, "Bell- 412" helokopteri, "Sand Kat" bazasında müxtəlif silah və döyüş təminatı modulları, müxtəlif növ reaktiv və özüyeriyən artilleriya sistemləri hərbi paradda nümayiş etdirilirdi. Sizi bu bayram günündə Ordumuzun ilk dəfə nümayiş olunan və sinəmizi qabardacaq yeni silah sistemləri və texnikaları ilə qısaca tanış etmək qərarına gəldik.

"Heron TP"

İstənilən hava şəraitində fəaliyyət göstərə bilən "Israel Aerospace Industries" şirkətinin məhsulu olan "Heron TP" çoxməqsədli, strateji kəşfiyyat və zərbə PUA-sı Azərbaycan ictimaiyyətinə ilk dəfə təqdim olundu. Bu PUA müşahidə və kəşfiyyat aparmaq, yerüstü həhbi hissələrin fəaliyyətinin əlaqələndirmək və düşmənə hava zərbəsi endirmək üçün nəzərdə tutulur. Gələcəkdə digər İsrail PUA- ları kimi "Heron TP"nin Azərbaycanda istehsalı istisna olunmur.


"Heron TP" turbovintli mühərriklərlə təchiz edilir. PUA-nın standart təchizatına optik, infraqırmızı və radio diapazonda fəliyyət göstərən aşkaretmə və izləmə sistemlərindən başqa peyk naviqasiya, kəşfiyyat və REM vasitələri, həmçinin zərbə və atəşi idarəetmə kompleksi də daxildir.

"Heron TP" 296 km/saat kreyser, 460 km/saat maksimum sürətə malikdir, 36 saat havada qalaraq 14800 km məsafə qət edə bilir. 26 metr qanad açılımı olan "Heron TR" dünyanın ən böyük PUA-larından biridir. 13-14 km yüksəklikdə, yəni mülki aviasiya təyyarələrinin uçuş marşrutları üzərində fəaliyyət göstərməsi "Heron TR" PUA-larını S-300 ZRK-ları üçün əlçatmaz edir.

4,5 km hündürlükdə nəzarət edəcəyi ərazilərə "kilidlənərək" asıla bilir. Havada yanacaq doldurma sisteminin tətbiqi də perspektiv planlara daxildir. PUA-nın daşıdığı faydalı yük gecə və gündüz fəaliyyət göstərən video avadanlıqlarından, "ağıllı bombalar"ın lazer tuşlama cihazlarından, peyk rabitə və GPS modulundan, həmçinin məhdud görmə şəraitində (duman, bulud və s.) belə yer səthi haqqında keyfiyyətli fotoları əldə etməyə imkan verən RLS-dən ibarətdir. Donmaya qarşı və digər avadanlıqların mövcudluğu müxtəlif klimata sahib rayonlarda yüksək etibarlı istifadəni təmin edir.

PUA kəşfiyyat və müşahidə aparır, hədəf göstərir, real zamanda hədəfin koordinatlarını təyin edir və əgər hədəf hərəkətə başlayırsa avtomatik izlənməni həyata keçirir. Rekoqnosirovka, axtarış və xilasetmə məqsədilə də istifadəsinə geniş yer verilir. Qiyməti müasir 4+ qırıcılarından ucuz deyil.

"Hermes 900"

İlk dəfə hərbi paradda iştirak etmək şərəfinə layiq görülən PUA-lardan biri də "Hermes 900" aparatlarıdır. "Hermes 900" 36 saat ərzində 9100 metr yüksəklikdə uçuş həyata keçirə bilir. Bu pilotsuz uçuş aparatı (PUA) əsasən kəşfiyyat və nəzarət məqsədilə istifadə olunur. 1100 kq ağırlığı olan bu PUA-lar 350 kq faydalı yük götürmə qabiliyyətinə malikdir.


8.3 metr uzunluğa sahib PUA-nın qanad açılımı isə 15 metrə bərabərdir. Aparatı bir ədəd "Rotax 91" markalı mühərrik hərəkətə gətirərək maksimum 220 km/saat sürətlə hərəkət etməyə imkan verir. Kreyser sürəti 112 km/saatdır.

"Hermes 900" PUA-ları faydalı yükünə elektro-optik (infraqırmızı) sensorlar, SAR radarı, radioelektron kəşfiyyat, həmçinin radioelektron mübarizə və hiperspektral sensorlar daxildir.

Əvvəllər məlumat verildiyi kimi, Azərbaycanın 2016-cı ildə Dövlət Sərhəd Xidmətini avadanlıqlarla təmin etmək məqsədilə İsraildən "Hermes 900" PUA- larını əldə edib. Azərbaycanda istifadəsi haqqında ilk dəfə məlumat 2017-ci ildə Xəzər dənizindəki təlimlərin PUA-nın optik elektron sistemlərindən istifadə edilərək çəkilən kadrların yayılması ilə ictimaiyyətə çatdırılıb. Bəzi məlumatlara görə, Azərbaycanda 15 ədəd "Hermes 900" PUA mövcuddur.

"Hermes 900" PUA-ları "Koxav" adı altında 2012-ci ildən İsrail Hərbi Hava Qüvvələrinin tərkibində fəaliyyət göstərir. Hazırda Braziliya, Kolumbiya, Meksika, Çili və İsveçrə tərəfindən də istifadə olunur.

"Hermes 450"

Paradda nümayiş olunan digər yeni bir vasitə "Hermes 450" PUA-sı idi. İstehsalçısı İsrailin "Elbit Systems" şirkəti olan PUA kəşfiyyat, müşahidə və məlumat ötürmə funksiyalarını 20 saat ərzində fasiləsiz olaraq yerinə yetirir. 150 kq çəkiyə, 6.1 metr uzunluğa, 10.5 metr qanadlar arası məsafəyə malik "Hermes 450"nin boş çəkisi 450 kq, maksimum sürəti 176 km/saat, fasiləsiz fəaliyyət zonası 300 km, uçuş yüksəkliyi isə 5500 metrdir. Yuxarıya dırmanma sürəti saniyədə 4.6 metrdir.


1 ədəd "UAV Engines Limited R802/902(W)" mühərrikindən istifadə edilir. Bir çox ölkələlərin Silahlı Qüvvələrində istifadə edilir. Dəyəri iki milyon dollar dəyərindədir.

2S31 "Vena"

Hərbi paradda ilk dəfə nümayiş etdirilən ağır texnikalaran biri də 120 mm 2S31 "Vena" özüyeriyən topudur. Həm top, həm minaatan, həm də haubitsa keyfiyyətlərinə malik universal "Vena" 2010-cu ildən istehsal edilməyə başlayıb.

Yeni topun "Nona"dan əsas fərqi avtomatlaşdırılmasındadır. Maşında bütün kompleksi idarə edən kompüter var. Praktiki olaraq sistem avtomatik rejimdə işləyir. Hədəf barədə telekod kommunikasiya kanalları vasitəsilə komandanın qəbulundan topun hədəfə yönləndirilməsinə qədər bütün proseslər avtomatik rejimdə baş verir. Bundan əlavə, kompleks atəşdən sonra da tuşlamanı nəzarətdə saxlayır.


2S31-də ekipajın fəaliyyətinə kömək edən bir sıra sistemlər var. Bunlara silahın topoqrafik bağlanması sistemi, kəşfiyyat və hədəf təyinat sistemləri, hədəf məsafəsinin avtomatik olaraq təyin edən lazer məsafəölçəni və s. daxildir. Eyni zamanda mexaniki idarəetmə imkanları tam şəkildə saxlanılıb. 2S31 indi BMP-3 şassisi üzərindədir. Bu, sursat dəstini 70-ə qədər artırmaqla yanaşı, atəşdən sonra korpus dalğalanmasını tez bir zamanda aradan qaldırmaq üçün yeni bir mexanizm yaratmağa imkan verdi. Nəticədə nişangahı dəyişdirmədən bir neçə dəfə atəş açmaq mümkün olub. Silahlanması 2A80 topu və PKTM pulemyotundan ibarətdir.

Universal platformanın döyüş çəkisi 19.8 t, ekipajı 4 nəfərdən ibarətdir. Mühərrikin gücü 450 a.g., quruda 70 km/saat, suda isə 10 km/saat sürətlə hərəkət edir. Ehtiyat yürüş məsafəsi 600 km-dir.

Xatırladım ki, hərbi paradda nümayiş olunan 120 mm 2S31 "Vena" özüyeriyən topu quru qoşun variantında, yəni BMP-3 şassisində quraşdırılıb. Bu isə kifayət qədər ciidi manevr imkanlarını və mühafizəni təmin edir. Universal xüsusiyyətlərə malik platforma geniş potensiala malikdir. Dağlıq ərazilərdə "ölü zona"ların atəşlə bağlanmasında bu silahlar xüsusi əhəmiyyət kəsb edir. Müxtəlif təyinatlı yeni sursatlara sahib olmasını nəzərə alsaq, 2S31 "Vena"nın gələcək döyüşlərdə olduqca ciddi nailiyyətlərə imza atacağını müşahidə edəcəyik.

SOM

250 kilometr və daha çox məhvetmə məsafəsinə malik olan, təmamilə Türkiyə texnologiyası əsasında istehsal edilən SOM raketi də Ordumuzun yaranmasının 100 illiyinə həsr edilən Hərbi Parada rəng qatan silahlar arasındadır.


Ciddi şəkildə qorunan quru və dəniz hədəflərinə zərbə endirmək üçün nəzərdə tutulan SOM raketlərinin inkişaf proqramı indi də davam etdirilir. Bu raketlər ROKETSAN və Tübitak Sənaye Araşdırma və Inkişaf İnstitutu tərəfindan ən azı 4 növdə istehsal edilən, 600 kq çəkiyə malik SOM raketinin daxilində yerləşdirilən ANS/KKS/YRNS/GRNS/ OHA və GPS sistemi sayəsində, raket buraxıldıqdan sora da idarə edilə bilir. Bu raketin bütün versiyaları 4 metr uzunluğa malikdir, ən son versiyası SOM B2 türk sənayesinin istehsal etdiyi ən vacib silah sistemlərindən biri hesab olunur. 4 və 4+ nəslə aid qırıcılardan buraxıla bilir. Türkiyə Silahlı Qüvvələri bu raketləri F-4 və F- 16 qırıcılarına quraşdırır.

LORA

LORA ( Long-Range Artillery Missile-Uzaq Mənzilli Artilleriya Raketi) İsrailin "İsrael Aircraft Industries" (IAI) şirkəti tərəfindən hazırlanan bir pilləli, sərt yanacaqlı kvaziballistik trayektoriyalı operativ taktiki raketdir.

"YARS bazasında OTRK" da adlandıra biləcəyimiz LORA raketləri düşmən qoşunlarının müdafiəsinin əməliyyat dərinliklərində xüsusi mühüm obyektlərə: HHM batareyalarına, dayanacaqda olan təyyarə və helikopterlərinə, hərbi hissələrin ehtiyat və cəmləşmə rayonlarına, komanda məntəqələrinə, atəş vasitələrinə (artilleriya və dəqiq atəş qurğularına), infrastruktur elementlərinə (idarəetmə məntəqələrinə, rabitə qovşaqlarını, elektrik stansiyalarına, bazalarına, rabitə qovşaqlarına) və sənaye infrastrukturunun əhəmiyyətli obyektlərinə qəfil və dəqiq raket zərbələri endirmək üçün nəzərdə tutulub.

Raketin atəş məsafəsi 30-300 km, hədəfdən yayınma ehtimalı 10 m, fuqas tipli döyüş başlığının çəkisi 400 kq, nüfuzedici döyüş başlığının çəkisi 600 kq, ümumi çəkisi 1.7 t, uzunluğu 5 m, çapı 610 mm, uçuş yüksəkliyi 45 km-dir.

Atışdan hədəfə qədər olan məsafəni raketin 10 dəqiqədən daha az vaxtda qət etdiyi bildirilir. Universal atıcı qurğuya malik LORA kompleksi müxtəlif çaplı konteynerlərdən fərqli raketlərin buraxılmasını həyata keçirə bilir. Atıcı qurğu yük maşınlarına və döyüş gəmilərinin müxtəlif versiyalarına yerləşdirilə bilər.


LORA raketləri germetik atıcı-nəqlyyat konteynerlərində (TPK) yerləşdirilir və səhra şəraitində 7 il müddətinə qədər saxlanıla bilir. Kompleks 4 ədəd TPK paketi şəklində daşınır. LORA raketi, GPS ilə inteqrasiya edilən ətalətli naviqasiya sistemi tərəfindən bütün uçuş trayektoriyası üzrə idarə edilir.

Kompleks, dörd oxlu, 8x8 təkər formulasına və yüksək keçiricilik qabiliyyətinə malik "KamAZ- 6350" ərazi vasitəsinin şassisi üzərində qurulur. Bu şassi yolsuzluq şəraitində yüksək manevr imkanlarına malikdir və maneələri dəf etmə qabiliyyəti ilə digərlərindən fərqlənir. O, vasitənin üzərinə, yaxud qoşquya quraşdırıla bilər. Atıcının mühərriklərinin hamısı elektriklə çalışır. LORA vasitəsilə döyüş gəmilərindən də atəş açaraq, quruda yerləşən uzaq məsafəli hədəfləri də vurmaq mümkündür.

GPS ilə inteqrasiya edilən ətalətli naviqasiya sistemi sayəsində raketlərin bütün uçuş trayektoriyası üzrə hərəkətinə nəzarət edilir, tələbat yarandıqda trayektoriyaya düzəlişlər edilir. Yüksək dəqiqlik raketi "Navstar" kosmik radionaviqasiya sisteminin tətbiqi nəticəsində əldə olunur. "Israel Aircraft Industries" şirkəti tərəfindən hazırlanan idarəetmə bloku, GPS, TCS və datalink sayəsində 10 metrə qədər hədəfdən yayınma ehtimalı əldə edilir ki, bu da LORA raketlərini sinfinin ən dəqiq raketlərindən birinə çevirir. Bir neçə müxtəlif təyinatlı raketlərin istehsalı mövcuddur. Məsələn, özütuşlanan kiçik kalibrli kumulyativ raketlə zirehli texnikaları və ya aerodromda aviasiyanı məhv etmək mümükündür.

Raketlər həm yerüstü, həm də dəniz bazasından buraxıla bilər. Buraxılış nəqliyyat atıcı konteynerlərinin şaquli vəziyyətində həyata keçirilir. İlkin mərhələdə uçuş dörd nəzarət sensoru ilə nizamlanır və uçuş sabitləşdirilir. Raket, hədəfə aşağı sürətlə enməni, atəş məsafəsinin artırılması üçün istifadə edir. Eyni zərbədə LORA atıcı nəqliyyat konteynerində yerləşən 4 ədəd raketin hər biri müxtəlif hədəflərə yönəldilə bilər.

Alınan silahlara diqqət etdikdə "Lynx" ilə "Polonez" arasında oxşar cəhətlər də nəzərə çarpır.

"Polonez"

Azərbaycan Ordusunun silahlanmasına ən son daxil olan və ilk dəfə nümayiş etdirilən Belarusun "Polonez" Reaktiv Yaylım Atəşi Sistemləridir. Bu kompleks Çinin CALT (China Academy of Launch Vehicle Technology) şirkətinin А-200 raketlərinin Belarusun dörd oxlu 8х8 formullu МZKT-7930 daşıyıçısının üzərindəki versiyasını əks etdirir. "Polonez" sisteminin kaset tipli raket blokunda 8 aparıcı mövcuddur. YARS 8 dəqiqə ərzində atəşə hazır vəziyyətə gətirilərək, 50 saniyə ərzində 8 fərqli hədəfə zərbə endirə bilər. Doldurma, sözügedən kasetlərin dəyişdirilməsindən ibarətdir və qısa bir zaman ərzində diviziona daxil xüsusi maşın vasitəsilə aparılır.


Sistemin 301 mm-lik M20 raketlərinin hər birinin uzunluğu 7264 mm, stabilizator pərlərinin açılış eni 615 mm, çəkisi isə 750 kq çatır. Zərbə radiusu 100-300 km-ə çatır, bir raket 275 metr radusda, 6 "Polonez"dən ibarət bir batareya isə eyni anda 48 hədəfi və ya 100 kv.km ərazini atəşlə örtə bilir. Raketlərin hədəfdən ehtimal olunan dairəvi yayınma məsafəsi 30 metrdən çox deyil, bu dəqiqlik OTRK-ya xas xüsusiyyətdir. Bir "Polonez" düşmənin taktiki dərinliyində istənilən 8 kritik hədəfi ayrı-ayrılıqda məhv etmək qabiliyyətindədir. "Polonez"də istifadə olunan yeni yüksək dəqiqlikli M20 raketləri bu YARS-ın OTRK keyfiyyətlərinə sahib olduğunu göstərir. Bunun səbəbi isə M20 raketlərində kombinə edilmiş ətalət və peyk idarəetmə sisteminin tətbiqi ilə bağlıdır. Bu sistemin tətbiqi atəş məsafəsini 280-300 km-ə qədər artmasına da səbəb olub. 480 kq başlığın zərbə hissəsi 560 kq trinitrotoluol ekvivalentinə bərabərdir.

"Barak 8"

"Barak-8" ZRK gəmi əleyhinə raketlərə, səsdən sürətli və ballistik raketlərə, təyyarələrə, helikopterlərə, PUA və s. tipdə hava təhdidlərinə qarşı mübarizə aparmaq üçün nəzərdə tutulur.


"Barak" ZRK İsrailin "Rafael" şirkəti tərəfindən istehsal edilir. ZRK "Barak-1" xəttinin davamı olaraq hazırlanıb, yer və dəniz platformaları üçün iki versiyası mövcuddur. ZRK-nin yaradılmasını İsrail və Hindistan birgə həyata keçirib.

"Barak-8" ZRK-nin atış məsafəsi 90 km, "Barak-8ER" konfiqurasiyasında isə 150 km, hədəfi məhv etmə yüksəkliyi isə 16 km-ə yaxındır. Raketin uzunluğu 4.5 metr, diametri 225 mm, ümumi ağırlığı 275 kq, döyüş başlığı isə 60 kq təşkil edir. Yüksək manevr qabiliyyətinə malik "Barak 8" iki pilləli reaktiv mühərrikinə sahibdir və şaquli atışla buraxılır. Raket aktiv arayıcı başlıq (RF/infraqırmızı) sayəsində hədəfə yönəlir və sürəti 2 680 metr/saniyədir.

Zenit-raket kompleksinin istehsalçısı İsrailin "Rafael" şirkəti olsa da, kompleksin radarı sistemləri İsrailin əsas dövlət hərbi sənaye müəssisəsi olan "Israel Aerospace Industries (IAI)" holdinqinə daxil olan "Elta Systems" tərəfindən istehsal olunur.

Azərbaycanın əldə etdiyi 9 ədəd "Barak-8ER" ZRK-dan ibarət divizion hazırda döyüş növbətçiliyindədir. Kompleks, əsasən düşmənin OTRK-dən buraxılan raketlərinin ölkə hüdudlarından kənarda məhv edilməsi üçün nəzərdə tutulur.

"Spyder"

"Spyder" yaxın mənzilli ZRK-lar da hərbi paradda nümayiş etdiriləcək yeni komplekslərdən biridir. "Pethon-5" və "Derbe" raketləri ilə atəş aça bilir. Kompleks İsrailin "Rafael" və "İsrael Aircraft Industries" (IAI) şirkətlərinin konsorsiumu tərəfindən hazırlanıb. Sistemin ilk versiyası 2005-ci ildə "Le Bourget" Paris aviasalonunda nümayiş olunub.


Kompleks kəşfiyyat və idarəetmə məntəqəsindən, dörd nəqliyyat - atıcı konteynerə malik özüyeriyən atıcı qurğulardan və nəqliyyat-yükləmə vasitəsindən ibarətdir. ZRK elementləri üç oxlu, 6×6 təkər formulasına və yüksək keçiricilik qabiliyyətinə malik "Tatra" və ya "KamAZ" ərazi vasitəsinin şassisi üzərində yerləşdirilir.

EL/M-2106NG radiolokasiya stansiyası dairəvi müşahidə aparır, üç koordinatlı doppler impulsludur, 35 km məsafədə aşkar etdiyi 60-a qədər hədəfi eyni zamanda izləyə bilir. Aktiv RLS axtaran özütuşlanan başlığa sahib idarəolunanan "Derbi" zenit raketləri düşmənin hava hədəflərini 35 km məsafədə, 20 metrdən 16 km qədər yüksəklik diapazonda məhv edə bilir.

İnfraqırmızı tuşlama başlığına malik "Python 5" raketləri isə 20 km-ə qədər məsafədə və 20 metrdən 9 km-ə qədər yüksəklikdə hava hədəflərini aşkarlayaraq məhv edə bilir.

"Spyder" ZRK-nin ən son inkişafı orta mənzilli "Spyder MR" zenit raket kompleksidir.

Kompleksin tərkibi idarəetmə məntəqəsindən, RLS-dən, səkkiz nəqliyyat-atıcı konteynerə malik özüyeriyən atıcı qurğulardan və nəqliyyat-yükləmə vasitəsindən ibarətdir. ZRK elementləri dörd oxlu, 8x8 təkər formulasına və yüksək keçiricilik qabiliyyətinə malik "KamAZ- 6350" və ya "Tatra" nəqliyyat vasitələrinin şassisində yerləşdirilir. Hər bir ZRAB tərkibində altıya qədər özüyeriyən atıcı qurğu yer ala bilər.

MF STAR radiolokasiya stansiyası dairəvi müşahidə aparır, üç koordinatlı doppler impulsludur, 100 km məsafədə aşkar etdiyi 60 qədər hədəfi eyni zamanda izləyə bilir. Aktiv RLS axtaran özütuşlanan başlığa sahib idarəolunanan "Derbi" və "Pyton-5" zenit raketləri start mühərrikinin quraşdırılması hesabına düşmənin hava hədəflərini 35 km məsafədə, 20 metrdən 16 km qədər yüksəklik diapazonunda məhv edə bilir. Bir ZRAB tərkibində altıya qədər özüyeriyən atıcı qurğu yer ala bilər. Bu komplekslərin Gürcüstanda Su-25 təyyarələri ilə mübarizədə yüksək nəticələr göstərdiyi də məlumdur.

"Bell-412" helokopteri

2018-ci ilin fevralı 22-dən "Bell" adlandırılan ABŞ-ın ilk helikopter şirkətinin məhsulu olan eyniadlı hava vasitəsinin ekipajı bir pilotdan ibarətdir, maksimum uça biləcəyi kütlə isə 5397 kq-dır. Uzunluğu 17.1 metr, hündürlüyü 4.6 metr, pərlərin diametri 14 metr, füzelyajın uzunluğu 13.1 metrdir. Boş çəkisi 3084 kq, daxili yükün çəkisi isə 2313 kq olan helikopter havada 3.8 saat qala bilir.


Helikopter 167000 saat fəaliyyət resursuna və 1800 at gücünə malik olan Kanadanın "Pratt & Whitney" şirkətinin PT6T-3DF "Twin-Pac Turbo" mühərriklərindən biri ilə təmin edilir. 1251 litr yanacaq tutan helikopterin maksimum sürəti 259 km/saat, kreyser sürəti 226 km/saat, uçuş hündürlüyü 6096 metr, uçuş məsafəsi isə 980 km-dir.

"Bell 412EP" hər gün dünyanın ən ekstremal iqlimlərində etibarlı şəkildə çalışa bilən gündəlik işçi helokopteri sayılır. Modelin səciyyəvi fərqlərindən biri də kompozit materialdan hazırlanan dörd pərvanəli rotora sahib olmasıdır. Geniş açılan qapılar 6.2 kub metr həcmində olan universal kabinə müxtəlif təyinatlar üçün istifadə edilə bilər. Geniş kabinə malik helikopter standart konfiqurasiyada pilotdan başqa 14 nəfərlik şəxsi heyət də daşıya bilir. Geniş model seçiminə malik hər bir helikopterin ümumi cəhətləri ilə yanaşı onların sırf özünəməxsus ciddi bir üstünlüyünün (məsələn güclü silahlar, uzaq məsafə, ağır yük qaldırma qabiliyyəti və s.) olması şirkətin istehsal konsepsiyasını əks etdirən əsas amildir. Ən az sayda qəzalara məruz qalan helikopter modellərindən biri hesab edilir. Hazırda yeni helokopterlər DSX-nin silahlanmasında yer alır.

Nəticə

Azərbaycanın ilk dəfə hərbi paradda nümayiş etdirdiyi "Polonez", "Smerç", "Lynx", LORA, 9K79-1 "Toçka" , "SOM", "Spyder" ZRK ,"Barak-8" ZRK və s. sistemləri dünyanın ən dəqiq silah sistemlərindən hesab edilir. Digər tərəfdən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin daha çox universal şassilərə üstünlük verdiyini də görməmək mümkün deyil. Məsələn, LORA operativ taktiki raketlərinin buraxılması üçün "Lynx" YARS şassisindən istifadə edildiyi məlumdur. Əslində, bu YARS ilə OTRK-nin hibridindən ibarət yeni bir kompleksdir. Universal, çoxtəyinatlı və yüksək dəqiqlikli silahlara üstünlük verilməsi doğru addımdır.
İnanırıq ki, bu silah sistemlərinin işğal altındakı ərazilərimizin azad edilməsi üçün tətbiq ediləcəyi gün uzaqda deyil. Silahlı Qüvvələrimizə qələbə arzusu ilə...

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan-Ordusu   Hərbi-parad   100-il  


Bizi "telegram"da izləyin