Şirkət 1935-ci il iyulun 10-da Nyu-Yorkun Buffalo şəhərində Lorens Dayl Bel tərəfindən "Bell Aircraft Corporation" kimi təsis edilib. Şirkət döyüş təyyarələrinin layihələndirilməsini və hazırlanmasını həyata keçirməyi nəzərdə tuturdu. Onların ilk məhsulları arasında bombardmançılara qarşı mübarizə aparmaq üçün nəzərdə tutulan iki mühhərikli XFM-1 "Airacuda" və P-39 "Airacobra" qırıcıları da yer alırdı. Sonradan XFM-1 "Airacuda" və P- 39 "Airacobra" qırıcılarını şirkətin istehsal etdiyi, ABŞ-ın ilk reaktiv "P-59 "Airacomet" və P- 63 "Kingcobra" kimi yeni nəsil qırıcılar əvəz etdi.
1941-ci ildə Bel, helikopterlərin tədqiqi və inkişafı məqsədilə keçiriləcək təcrübələri təmin etmək üçün, istedadlı ixtiraçı Artur M. Yanq adlı mühəndisi şirkətdə işə götürdü. Bu, Belin fikrincə hökumət müqavilələrindən asılı olmayan şirkətin daha geniş iqtisadi bazaya sahib olmasının əsasını təşkil edəcəkdi. "Bell 30" ilk tam ölçülü helikopter olaraq, 1942-ci ilin dekabrın 29-da ilk uçuşunu həyata keçirdi, ardınca bazara təqdim edilən "Bell 47" isə mülki və hərbi təyinata müvəffəqiyyətə sahib olan dünyanın ilk helikopteri oldu.
"Bell" Helikopteri
"Textron" şirkəti 1960-cı ildə "Bell Aerospace" şirkətini satın aldı. "Bell Aerospace" şirkətinin özü də üç müxtəlif istiqamətdə fəaliyyət göstərən bölmələrdən ibarət idi. Bu bölmələrdə qırıcılarla bərabər müşahidə, xidməti, hərbi, kommersiya təyinatlı müxtəlif helikopterlər, tiltrotor sistemli (fırlanan maili qanad) vasitələr, dronlar, PUA-lar, eksperimental təyyarələr də istehsal edilirdi.
1976-cı ilin yanvarında isə "Textron" yenidən adını dəyişərək "Bell Helicopter Textron İnc" oldu. "Bell Helicopter" İtaliyanın "Agusta Westland" şirkəti ilə yaxın əlaqələrə malikdir. "Bell 47" və "Bell 206" modelləri ortaq layihələr əsasında hazırlanıb. 2018-ci ilin fevralı 22-dən şirkət "Bell" adlandırılır.
"Bell" dünyada helikopter istehsalının "pioneri" olmaqla yanaşı həm hərbi, həm də kommersiya helokopterlərində səs sürətini aşan texnologiyanın sertifikatına sahib lider şirkətdir. NASA-nın ilk aya səyahət proqramının iştirakçısı olan "Bell" şirkəti bazara ilk tiltrotor sistemi də təqdim edib, hazırda şaquli qalxma üçün yeniliklər üzərində çalışır. On illər ərzində çox geniş çeşiddə "Bell" helikopterləri istehsal edilib.
"Bell Boeing V-22 Osprey", "Bell V-280 Valor", "Bell UH-1Y Venom", "Bell AH-1Z" və s. hərbi təyinatlı çoxməqsədli helikopterlər hərbçilər arasında daha çox tanınır. Sonuncu dünyada "hava- hava" tipli raketlərlə silahlanaraq qırıcı funksiyasının bir qismini yerinə yetirən yeganə helikopterdir. Hər bir helikopterin ümumi cəhətləri ilə yanaşı onların sırf özünə məxsus ciddi bir üstünlüyü (məsələn güclü silahlar, uzaq məsafə, ağır yük qaldırma qabiliyyəti və s.) olması şirkətin istehsal konsepsiyasını əks etdirən əsas amildir.
Azərbaycan Müdafiə Nazirliyinin silahlanmasında "Bell 412" helikopterlərinin görünməsi Ermənistan tərəfindən növbəti dəfə səs-küylü bəyanatların səslənməsinə səbəb oldu. Faktiki olaraq, daim Rusiya istehsalı olan helikopterlərdən istifadə edən Azərbaycanın arsenalında ABŞ istehsalı vasitələrin də yer alması düşmən ölkədə təşvişə səbəb olub. Azərbaycanın son illərdə müasir vasitələrin istehsalına və idxalına kifayət qədər diqqət və vəsait ayırmasının tərkib hissəsi kimi, "Bell" helikopterləri alması İrəvandan başqa heç kimi ciddi narahat etmir. Xatırladım ki, Azərbaycanın ABŞ-dan əldə etdiyi vasitələrin kataloqu yalnız bu helikopterlərlə bitmir.
Ümumiyyətlə, bu helikopterlər birbaşa hərbi təyinatlı vasitələr deyil. "Bell 412" helikopterləri fövqalədə, xilasetmə, tibbi, nəqliyyat və yükdaşıma təyinatları üzrə istifadə edilə bilər. Bir çox dövlətlərin polis və yangınsöndürmə qurumları da bu modellərə üstünlük verir.
"Bell 412" modelinin səciyyəvi fərqlərindən biri də kompozit materialdan hazırlanan dörd pərvanəli rotora sahib olmasıdır. İlk model 1979-ci ildə sınaqdan keçirilib, iki il sonra sertifatlaşdırılaraq silahlanmaya qəbul edilib və sifarişçilərə göndərilməyə başlanıb. Sonralar isə daha uzaq mənzilli və ağır yük götürmə qabiliyyətli "Bel 412 SP" modeli, yüksək uçuş xüsusiyyətlərinə malik "Bell 412 HP" modeli, uçuşu ikiqat rəqəmsal rejimdə avtomatik idarə olunan "Bell 412 EP", FADEC elektron bloku vasitəsilə mühərrik idarəetməsinə sahib "Bell 412 EPİ" və şüşəkabinli "Bell 429" modelləri yaradıldı. "Bell Griffin HAR2" modeli axtarış- xilasetmə tədbirlərini həyata keçirmək üçün nəzərdə tutulur. Helikopterlərdə sensor tipli "Garmin" GPS sistemi tətbiq edilir. Dünyanın 40-dan çox ölkəsinin müxtəlf qurumlarında bu helikopterlərin müxtəlif modifikasiyasından istifadə edilir.
Ümumi texniki xüsusiyyətlər
Ekipaj bir pilotdan ibarətdir, maksimum qalxa biləcəyi kütlə 5397 kq-dır. Uzunluğu 17.1 metr, hündürlüyü 4.6 metr, pərlərin diametri 14 metr, füzelyajın uzunluğu 13.1 metrdir. Boş çəkisi 3084 kq, daxili yükün çəkisi isə 2313 kq olan helikopter havada 3.8 saat qala bilir.
Helikopter 167000 saat fəaliyyət resursuna və 1800 at gücünə malik olan Kanadanın "Pratt & Whitney" şirkətinin PT6T-3DF "Twin-Pac Turbo" mühərriklərinin biri ilə təmin edilir. 1251 litr yanacaq tutan helikopterin maksimum sürəti 259 km/saat, kreyser sürəti 226 km/saat, uçuş hündürlyü 6096 metr, uçuş məsafəsi isə 980 km-dir.
"Bell 412EP" hər gün dünyanın ən ekstremal iqlimlərində etibarlı şəkildə çalışa bilən gündəlik işçi helokopteri hesab edilir. Geniş açılan qapılar 6.2 kub metr həcmində olan universal kabinə müxtəlif təyinatlar üçün istifadə edilə bilər. Geniş kabinə malik helikopter standart konfiqurasiyada pilotdan başqa 14 nəfərlik şəxsi heyət də daşıya bilir. Ən az sayda qəzalara məruz qalan helikopter modellərindən biri olan "Bell 412 EP" helikopterinin dəyəri 9 milyon dollardır. Bu helikopterlər mülki təyinatlı olduğuna görə Azərbaycana satılması ilə bağlı heç bir məhdudiyyət mövcud deyil. Dəyərini ödəyən əldə edə bilər. Ermənistanının isə bu helikopterləri bizə üçüncü ölkənin ötürməsi ilə qaldırdığı vay-şüvənə isə artıq ictimaiyyət çoxdan alışmalı idi. DANA-ları alanda da, "Harop"lar görünəndə də, "Spayk"lar tankları axtaranda da eyni ssenarilərlə qaşılaşdıq. İndi də əks reaksiya olsaydı təəccüblənmək olardı.
Qaldı, "Bell"in belinə, daxilinə, xaricinə yerləşdiriləcək avadanlıqlara, o artıq Azərbaycanın problemidir. Hər işə qarışmaq isə hər millətə xas olan xüsusiyyət deyil.
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az