Hərbi paradda “Vena”lara BAXIŞ

2018/06/0fb17dd6b3f5307245a46fd8f270e802_1530014325.jpg
Oxunub: 3723     19:54     26 İyun 2018    
Hərbi paradda ilk dəfə nümayiş etdirilən ağır texnikalaran biri də 120 mm 2S31 "Vena" özüyeriyən topudur. Həm top, həm minaatan, həm də haubitsa keyfiyyətlərinə malik universal "Vena" 2010-cu ildən istehsal edilməyə başlayıb.

Yeni topun "Nona"dan əsas fərqi avtomatlaşdırılmasındadır. Maşında bütün kompleksi idarə edən kompüter var. Praktiki olaraq sistem avtomatik rejimdə işləyir. Hədəf barədə telekod kommunikasiya kanalları vasitəsilə komandanın qəbulundan topun hədəfə yönləndirilməsinə qədər bütün proseslər avtomatik rejimdə baş verir. Bundan əlavə, kompleks atəşdən sonra da tuşlamanı nəzarətdə saxlayır.

2S31-də ekipajın fəaliyyətinə kömək edən bir sıra sistemlər var. Bunlara silahın topoqrafik bağlanması sistemi, kəşfiyyat və hədəf təyinat sistemləri, hədəf məsafəsinin avtomatik olaraq təyin edən lazer məsafəölçəni və s. daxildir. Eyni zamanda mexaniki idarəetmə imkanları tam şəkildə saxlanılıb. 2S31 indi BMP-3 şassisi üzərindədir. Bu, sursat dəstini 70-ə qədər artırmaqla yanaşı, atəşdən sonra korpus dalğalanmasını tez bir zamanda aradan qaldırmaq üçün yeni bir mexanizm yaratmağa imkan verdi. Nəticədə nişangahı dəyişdirmədən bir neçə dəfə atəş açmaq mümkün olub. Silahlanması 2A80 topu və PKTM pulemyotundan ibarətdir.

Universal platformanın döyüş çəkisi 19.8 t, ekipajı 4 nəfərdən ibarətdir. Mühərrikin gücü 450 a.g., quruda 70 km/saat, suda isə 10 km/saat sürətlə hərəkət edir. Ehtiyat yürüş məsafəsi 600 km-dir.

Xatırladım ki, hərbi paradda nümayiş olunan 120 mm 2S31 "Vena" özüyeriyən topu quru qoşun variantında, yəni BMP-3 şassisində quraşdırılıb. Bu isə kifayət qədər ciidi manevr imkanlarını və mühafizəni təmin edir. Universal xüsusiyyətlərə malik platforma geniş potensiala malikdir. Dağlıq ərazilərdə "ölü zona"ların atəşlə bağlanmasında bu silahlar xüsusi əhəmiyyət kəsb edir. Müxtəlif təyinatlı yeni sursatlara sahib olmasını nəzərə alsaq, 2S31 "Vena"nın gələcək döyüşlərdə olduqca ciddi nailiyyətlərə imza atacağını müşahidə edəcəyik.

Hərbi eskpert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hərbi-parad   Vena  


Bizi "telegram"da izləyin