İstehsal
2004-cü ilin aprelində İsrail Hərbi hava Qüvvələrinin jurnalı bununla bağlı proqramın mövcud olduğunu elan etdi və iki prototipin artıq uçuş etdiyini bildirdi. Növbəti ilin martında ABŞ-ın “Aurora Flight Sciences” kompaniyası təyyarəni “Orion” adı altında bazara çıxarmaqla bağlı ortaq təşəbbüsün irəli sürüldüyünü bəyan etdi. “Aurora” ümid edirdi ki, 2007-ci il ərzində təyyarənin uçuşu həyata keçiriləcək, lakin həmin ilin yarısına qədər kompaniya layihənin gedişatı haqqında heç bir məlumat yayımlamadı. Eyni zamanda “Eitan”ın 2006-cı il iyulun 15-də İsraildə ilk uçuşu həyata keçirməsinə dair məlumatlar meydana çıxdı. Halbuki əvvəlki xəbərlərdə PUA-nın iki il əvvəl uçduğu bildirilirdi. 2007-ci il yanvarın sonlarında “Yedioth Ahronoth” yaxın günlərdə ilk uçuşun baş tutacağına dair xəbərlər yaydı.
“Eitan” 2007-ci il oktyabrın 8-də Tel Nof aviabazasındakı media üçün təşkil olunmuş mərasimdə nümayiş etdirildi. Bu zaman üzərinə qoşulan sensorlara PUA-nın gövdəsinə bərkidilmiş sintetik aralıq radarı (SAR), burun tərəfindəki çoxsensorlu yük daşıyıcı və iki ədəd siqnal kəşfiyyat vasitəsi daxil idi. Ola bilsin ki, quyruğunun uc hissəsində də əlavə sensorlar var idi. Mediaya təqdim edilən bu konfiqurasiyanın analizi göstərir ki, PUA dərin dəlmə rolu və göyərtədə SIGINT emal etmə qabiliyyəti üçün nəzərdə tutulub. Lakin həmin media mərasimində İMQ-nin bir rəsmisi “İsrael Aerospace İndustries” və İMQ-nin bütün növ konfiqurasiya layihələrinə uyğun hər növ əlavə təchizatı sınaqdan keçirdiyini bəyan etdi. Onun kəşfiyyat, nəzarət, nişanalma və axtarış rolundan əlavə olaraq, “Eitan” havada yanacaq doldurma və raketdən müdafiədə, uzaq mənzilli strateji əməliyyatlarda silahlı rol da üstlənə bilər.
Konstruksiya
Orta yüksəklikli, uzun istifadə müddətinə malik “Eitan” kommersiya hava nəqliyyat xətlərindən daha yüksək hündürlükdə və bütün növ hava şəraitində əməliyyat apara bilər. O, avtomatik qalxma və enmə sistemlərinə malikdir. Yeganə turboprop mühərrik arxa füzelyaja bərkidilib. Konstruksiyası başdan-başa kompleks materiallardan ibarətdir.
Əməliyyat tarixi
İddialara görə, İsrail onu 2009-cu ildə Sudandan hərəkət edən və Qəzzaya gedən İran silahlarından ibarət karvana qarşı aviazərbələrdə istifadə edib.
2010-cu ilin fevralında İsrail Hərbi Hava Qüvvələri ilk “Eitan” filotiliyasını nümayiş etdirdi. İlk dəstə olan 210-cu eskadra 2010-cu ilin dekabrında Tel Nofda xidmətə başladı. 2012-ci ilin yanvarında “Eitan” dronu yeni cihazların sınağı zamanı Hafetz yaxınlığında qəzaya uğrasa da, heç kim xəsarət almadı.
İMQ dronların silahlandırılmasına dair şərh verməsə də, bəzi məlumatlarda “Eitan”ın çətin nöqtələrə qarşı və nişanalma üçün raketlərlə silahlandırılmış formada istifadə edildiyi bildirilir. Onun bir neçə əməliyyatda istifadəsi dövlət şirkəti olan IAI-nın dronlarını döyüş qabiliyyətini sübut etmiş sistem kimi təqdim etməyə imkan verəcək.
İxrac
2010-cu ildə IAI “Rheinmetall”la razılaşma əsasında dronu Almaniya Hərbi Hava Qüvvələrinin uzun müddətli “Saateg” PUA ehtiyacını qarşılamaq üçün təklif etdi. 2014-cü il mayın 21-də IAI “Airbus”la saziş imzaladı. Sazişin məqsədi 2015-2020-ci illər ərzində Almaniya Silahlı Qüvvələrinin “Heron TP” ilə təchizatına dair müqavilə təklifi irəli sürmək idi. “Airbus” Almaniya hökumətinin sistemləri almaq və yaxud kirayələmək kimi seçiminin olduğunu bəyan edib.
2011-ci ildə Fransa bu dronu Fransa ordusunun təchizatı üçün seçdi. Lakin müqavilə həmin ilin noyabr ayında ləğv edildi. Fransa senatı Fransa və Britaniyanın birgə təşəbbüsü əsasında yeni PUA-nın dizayn edilməsinə üstünlük verdi.
Britaniyanın Hərbi Hava Qüvvələri bu PUA-ların alınmasını nəzərdən keçirir.
Hindistan 10 ədəd silahlı “Heron TP”nin alınmasına dair 400 milyon dəyərində müqavilə imzalayıb.O, bu PUA-ları hazırda mövcud olan “Heron” filotiliyasına əlavə edəcək.
Xüsusiyyətləri
Ümumi xarakterlər
Yükgötürmə qabiliyyəti: 2700 kq
Maksimum qalxma ağırlığı 5400 kq
Uzunluğu: 14 m
Qanadlarının uzunluğu: 26 m
Enerji mənbəyi: 1 × Pratt & Whitney Canada PT6-67A, 900 kW
Göstəriciləri
Müddəti: 30+ saat
Maksimum sürəti: 407 km/saat
Uçuş yüksəkliyi: 14000+ m
Uçuş məsafəsi: 7400+ km
Ağalar Ağalarlı
Ordu.az