Hərbi paradda LORA-lara BAXIŞ

2018/06/2_1530002366.jpg
Oxunub: 4710     16:37     26 İyun 2018    
Hərbi paradda ilk dəfə nümayiş etdirilən “LORA” (Long-Range Artillery Missile) əməliyyat-taktiki raket kompleksi İsrail Aerokosmik Sənayesi (IAI) şirkətindən alınıb.

Təkmilləşdirilən bir pilləli, sərt yanacaqlı kvaziballistik trayektoriyalı operativ taktiki raketlərin hazırlanmasına 2003-cü ildə başlanılıb. 2004-cü ildə Aralıq dənizində uğurlu sınaqlarını tamamlayan LORA OTR sistemləri İsrail şirkəti tərəfindən Türkiyəyə və Hindistana təklif edilsə də, onlar raketlərə ciddi maraq göstərmədilər. Potensial müştəri ola biləcək Hindistan daha uzun atəş məsafəsi tələb edirdi.

Raketin daha üzunmənzilli versiyasının sonrakı müvəffəqiyyətli sınaqları 2006-cı ildə reallaşıb və elə həmin ildə “Eurosatory” sərgisində, 2007-ci ildə isə Paris Aviaşousunda nümayiş etdirilib.

LORA raketləri düşmən qoşunlarının müdafiəsinin əməliyyat dərinliklərində xüsusi mühüm obyektlərə: HHM batareyalarına, dayanacaqda olan təyyarə və helikopterlərinə, hərbi hissələrin ehtiyat və cəmləşmə rayonlarına, komanda məntəqələrinə, atəş vasitələrinə (artilleriya və dəqiq atəş qurğularına), infrastruktur elementlərinə (idarəetmə məntəqələrinə, rabitə qovşaqlarını, elektrik stansiyalarına, bazalarına, rabitə qovşaqlarına) və sənaye infrastrukturunun əhəmiyyətli obyektlərinə qəfil və dəqiq raket zərbələri endirmək üçün nəzərdə tutulub.

Əsas taktiki və texniki xüsusiyyətləri aşağıdakılardır:

Atəş məsafəsi: 30- 400 km (döyüş başlığından asılı olaraq dəyişə bilir);
Hədəfdən yayınma ehtimalı: 10 m;
Döyüş başlığı:
Qəlpəli fuqas - 440 kq;
Nüfuzedici - 600 kq;
Daha böyük döyüş başlıqlı LORA-ların mənzili 250 kilometrdən az olur
Çəkisi: 1.7 t;
Uzunluğu: 5 m;
Çapı: 610 mm;
Uçuş yüksəkliyi: 45 km.

Raketin atışdan hədəfə qədər olan məsafəni 10 dəqiqədən daha az vaxtda qət etdiyi bildirilir. Universal atıcı qurğuya malik LORA kompleksi müxtəlif çaplı konteynerlərdən fərqli raketlərin buraxılmasını həyata keçirə bilir. Atıcı qurğu yük maşınlarına və döyüş gəmilərinin müxtəlif versiyalarına yerləşdirilə bilər.

LORA raketləri germetik atıcı-nəqlyyat konteynerlərində (TPK) yerləşdirilir və səhra şəraitində 7 il müddətinə qədər saxlanıla bilir. Kompleks 4 ədəd TPK paketi şəklində daşınır. LORA raketi, GPS ilə inteqrasiya edilən ətalətli naviqasiya sistemi tərəfindən bütün uçuş trayektoriyası üzrə idarə edilir.

Kompleks, dörd oxlu, 8x8 təkər formulasına və yüksək keçiricilik qabiliyyətinə malik "KamAZ-6350" ərazi vasitəsinin şassisi üzərində qurulub. Bu şassi yolsuzluq şəraitində yüksək manevr imkanlarına malikdir və maneələri dəf etmə qabiliyyəti ilə digərlərindən fərqlənir. LORA qutu formalı 4 hücrəli atıcıdan atılır. O, vasitənin üzərinə, yaxud qoşquya quraşdırıla bilər. Atıcının mühərriklərinin hamısı elektrikdir və hidravlik deyil. Atıcı 0 dərəcədə daşınan qurğu uzərində mövqeyə yerləşdirilir və raketlər 60-90 dərəcə bucaq altında buraxılır. LORA vasitəsilə döyüş gəmilərindən atəş açaraq quruda yerləşən uzaq məsafəli hədəfləri də vurmaq mümkündür.

LORA-nın idarəetmə sistemi GPS yardımlı daxili naviqasiya sistemidir. GPS ilə inteqrasiya edilən ətalətli naviqasiya sistemi sayəsində raketlərin bütün uçuş trayektoriyası üzrə hərəkətinə nəzarət edilir, tələbat yarandıqda trayektoriyaya düzəlişlər edilir. O, həm də terminal mərhələ zamanı TV bələdçiliyi ilə operatorun seçdiyi hədəfə doğru birbaşa yönələ bilər. Məlumata görə, o çox yüksək dəqiqliyə sahibdir – 10 m/CEP.

Yüksək dəqiqlik raketi "Navstar" kosmik radionaviqasiya sisteminin tətbiqi nəticəsində əldə olunur. "Israel Aircraft Industries" şirkəti tərəfindən hazırlanan idarəetmə bloku, GPS, TCS və datalink hesabına 10 metrə qədər hədəfdən yayınma ehtimalı əldə edilir ki, bu da LORA raketlərini sinfinin ən dəqiq raketlərindən birinə çevirir. Bir neçə müxtəlif təyinatlı raketlərin istehsalı mövcuddur. Məsələn, özütuşlanan kiçik kalibrli kumulyativ raketlə zirehli texnikaları və ya aerodromda aviasiyanı məhv etmək mümükündür.

Raketlər həm yerüstü, həm də dəniz bazasından buraxıla bilər. Buraxılış nəqliyyat atıcı konteynerlərinin şaquli vəziyyətində həyata keçirilir. İlkin mərhələdə uçuş dörd nəzarət sensoru ilə nizamlanır və uçuş sabitləşdirilir. Raket, hədəfə aşağı sürətlə enməni, atəş məsafəsinin artırılması üçün istifadə edir. Eyni zərbədə LORA atıcı nəqliyyat konteynerində yerləşən 4 ədəd raketin hər biri müxtəlif hədəflərə yönəldilə bilər.

Müxtəlif mənbələr İsrail Müdafiə Qüvvələrinin LORA-ları yerləşdirib yerləşdirmədiklərinə dair mübahisə edirlər. Bəzi mənbələr bildirir ki, LORA İMQ-nin xidmətinə 2007-ci ildə daxil edilib, lakin bu, bir sıra mənbələr tərəfindən təsdiqlənmir. Əksinə olaraq digər mənbələr bildirir ki, İMQ LORA proqramını 2008-ci ildə dayandırıb. Belə ki, İsrail Hərbi Hava Qüvvələri hökuməti öz təyyarələrinin LORA-nın Quru Qoşunları üçün təmin etdiyindən daha yaxşı, uzaq mənzilli hücum qabiliyyəti təmin etdiyinə inandırıb.


Bəzi mənbələrə görə, Hindistan Quru Qoşunlarının LORA-ya maraqlı olduğunu ifadə etdiyini bildirib, lakin o, 500 kilometr mənzilə sahib versiyasını tələb edib. Lakin LORA-nın bu mənzilə nail olması üçün tamamilə modifikasiya edilməli olması və bəzi beynəlxalq müqavilələrin həmin mənzilə sahib ballistik raketlərin yayılmasını qadağan etməsi problem yaradıb. Bəzi mənbələr isə Hindistanın artıq LORA-nı aldığını iddia etsə də, bu məlumat da təsdiqlənməyib.

Hazırda İsrail Aerokosmik Sənayesi LORA-nı bazara çıxarmağa davam edir. Bu raketlərdən neçə ədəd istehsal olunması, yaxud nə qədər xarici sifariş qəbul olunmasına dair məlumat yoxdur. Bir dəstinin qiyməti rəsmi olaraq açıqlanmayıb. LORA-nin iki əsas raket növündən başqa bilinən versiyası yoxdur.

Azərbaycanın isə son zaman aldığı müasir “Polonez”, “Smerç”, “Lynx”, 9K79-1 “Toçka” və s. sistemləri dünyanın ən dəqiq silah sistemləri hesab edilir. Alınan silahlara diqqət etdikdə “Lynx” ilə “Polonez” arasında oxşar cəhətlər də nəzərə çarpır.

Qeyd edək ki, bu silah uzaq mənzilli kvaziballistik raket sistemidir. Raket hədəfə doğru ballistik trayektoriyanı izləyir, lakin izləmə və yaxud raket zərərsizləşdirmə prosesində qarışıq, proqramlaşdırılmış manevrlər həyata keçirir. Əslində bu, yeni konsepsiya deyil və daha öncə yuxarıda qeyd edilən “Toçka” (SS-21 Scrab), MGM-140 ATACMS, DF-21D və digər çoxsaylı raketlərdə istifadə olunub. Bu baxımdan, oxşar cəhətlər kifayət qədər əsaslıdır.

Digər tərəfdən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin daha çox universal şassilərə üstünlük verdiyi də görməmək mümkün deyil. Bu gün yayılan fotolarda LORA operativ taktiki raketlərinin buraxılması üçün "Lynx" YARS şassisindən istifadə edildiyi diqqəti cəlb edir. Əslində önümüzdə YARS ilə OTRK-nın hibridindən ibarət yeni bir kompleks olduğunu deyə bilərik. Bir az dəqiqləşdirmək istəsəniz, YARS bazasında OTRK da yanlış olmayacaq.

İlk dəfə 2014-ci ilin yayında "Lynx" YARS kompleksinin maksimal məsafələrdə uğurlu sınaqlarını keçirən Azərbaycan ordusu, eyni atıcı qurğudan kompleksin özünə aid raketlərlə bərabər digər ölkələrin istehsalı olan analoji raketlərin də atışlarını həyata keçirib.

Bu qədər yeni alınan sistemlərə öncədən alınanları, yerli isehsalı və tərəfdaş ölkələrin dəstəyini də əlavə etsək, yerdə qalan məsələnin yalnız sistemlərin real döyüş şəraitində tətbiq edilməsinin qaldığını görərik.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: LORA   Hərbi-parad  


Bizi "telegram"da izləyin