Bu gün evimizdə rahat yatmağımıza görə Ordumuza borcluyuq - Vətəndaş mövqeyi

2018/06/45645_1529748667.jpg
Oxunub: 2754     18:07     23 İyun 2018    
PS: Ön xətdə xidmət edən gənc zabitin qeyd dəftərçəsindən
Hərbçinin gözlərinə baxsan, onun ruhunun cismindən güclü, yaşlı olduğunu görərsən.
Hərbçinin dodaqlarına baxsan, özü susuz olduğu halda belə qanını Vətən, suyunu isə son damlasına qədər əsgər yoldaşına verən birini görərsən.
Hərbçinin qollarına baxsan, qoruduğu dağlardakı tikanların izini görərsən.
Hərbçinin çiyninə baxsan, güclü ata əlinin izini görərsən.
Sadəcə hərbçinin özünə bir nəzər salsan, sevə-sevə, gülümsərəyək gəncliyini Vətən üçün fəda edən bir İNSAN görərsən.

Bəzi saytlarda, sosial şəbəkələrdə bəzən etik normalara sığmayan, hərbi qulluqçuların və onların ailə üzvlərinin heysiyyatına toxunacaq, lağlağa, təhqiramiz ifadələrlə dolu açıqlamalar, paylaşmalar, yersiz fotolar və video sujetlər yer alır, qeyri-dəqiq məlumatlar yayılır. Bu yolverilməzdir və ictimai qınaqdan da aktiv istifadə olunmaqla belə halların qarşısı alınmalıdır. Belə hallar barədə fikirlərimi bölüşdüyüm bu yazı da elə bu mövzudadır.

Mənimlə atamın taleyi demək olar ki, tam fərqlidir. Atam ömrünü təhsilə, mən isə hərbi xidmətə həsr etmişəm. Amma hər ikimizi ən çox qürurlandıran bir məqam var. İkimizdə üç əsgər atasıyıq. Ancaq atam məndən dəfələrlə çox fəxr edir, çünkü onun Vətənə xidmət edən xeyli sayda əsgər nəvələri də var.

Atamla bizi oxşar edən hər ikimizin, Ordu, əsgər mövzusuna həssaslıqla yanaşmağımızdır.

Hərbçilərimizin uğurlarından qələbələrindən yazılanları oxuyanda həmişə qəlbimiz duy¬ğu¬lar¬dan coşub daşır.

Amma bəzi naxələflərin yazdıqlarını oxuyanda, atam nə qədər yanıb tökülür, əsəbləşir, onu da hiss etmək, görmək çətin deyil. O, Ordumuz haqqında səsləndirilən haqsızlıqlara yanğı ilə yanaşır. Axı o da üç əsgər atasıdır və o da ordumuzun bir parçasıdır, onun qayğıları ilə maraqlanır, uğurlarına sevinir, itkilərinə məyus olur.

Məsələyə bu tərəfdən baxanda deməli əsgərimiz haqqında ədalətsiz fikirləri qələmə alanda yazı müəllifi ən azı iki ailəni mənfi təsirə məruz qoyur. Əsgər kollektivini və ataları. Bir az cox uzun oldu deyəsən. Amma, dedim axı Ordu mövzusu ən ağrlı, yandıran movzudur ailəmizdə.

Mətbuatda oxuduğum, sosial şəbəkədə rast gəldiyim bəzi məqamlar bəzən yumşaq desək, xətrimə dəyir, qəlbimi incidir. Xüsusi ilə də ordu mövzusu.

Keçmiş hərbçiyəm. Atamdan fərqli olaraq, deyib-gülən, lətifəni xoşlayanam. Lakin onun kimi mən də lağlağıya nifrət edən birisiyəm. Müəyyən mövzularda mənimlə zarafat etməyə heç kimə imkan vermirəm və başqasını da lağa qoymaqdan zəhləm gedir. Oxuduğum bəzi məqalələr və sosial şəbəkədə paylaşmalar da məhz bu cəhətinə görə diqqətimi xüsusi cəlb etmişdi. Nə vaxtsa fikirlərimi qələmə alacağıma qərar vermişdim. Bu yaxınlarda atamla olan söhbətdən və Tovuz rayonundan olan el ağsaqqalının şəhid ailəsi ilə bağlı yayılan məlumat və foto materiallarla bağlı verdiyi açıqlamasında qeyd etdiyi fikirləri oxuduqdan sonra bu barədə yazmaq qərarımı qətiləşdirdim.

Atam deyir: “Orduda olan nöqsanlardan bəhs edən yazıları oxumaq məni o qədər yandırmır. Çünki müəyyən mənada sağlam tənqid çatışmazlıqların ortaya çıxmasına, səhflərin düzəldilməsinə kömək edən, yeniliyə, inkişafa müəyyən təkan verən amillərdən biridir. Hərçənd düşünürəm ki, mətbuat işçisi şahidi olduğu hansısa bir nöqsanı və yaxud neqativ halı ictimailəşdirməmişdən qabaq Müdafiə Nazirliyi ilə əlaqə saxlasa daha düzgün olar. Bu həm onun vətandaş mövqeyinin təcəssümü olar, həm də nazirlik dərhal nöqsanın aradan qaldırılması üçün addımlar atar. Çünki yazanda gərək unutmayaq ki, bunları bizi gözü götürməyənlər də oxuyur və düşmən daima bizə qarşı belə yazılardan çox məharətlə istifadə edir.

Amma ordumuzun, əsgərlərimizin göstərdiyi fəaliyyətləri, fədakarlığı, xidmətin müəyyən aspektləri barədə istezalı yazılar yazmaq, hətta internetdə lağa qoymaqla heç vaxt barışa bilmərəm. Bu yolverilməzdir.

Çox sadə misallar deyim, ay oğul. Erməni anaları “dubinka” yeyə-yeyə İrəvanda mitinq edir ki, “ay əclaf Saakyan, balalarımızı nahaq yerə qırğına göndərmə”. Bizimkilər isə hərbçilərimizi lağa qoyan məqalə yazır, etikadan kənar şərhləri internetdə sosial şəbəkədə yerləşdirir.

Ölən erməni dığasının özü, anası, atası barədə İrəvanda kimlər təsəlli vermək üçün yazılar yazır gəl görəsən. Bizdə isə internetdə yazılanlara bir baxın. Bəzən şəhidlərlə bağlı o qədər ağlasığmaz, dəqiqləşdirilməmiş faktlarla dolu, ümumi mənafeə zidd yazılar, fotolar, videolar, şərhlər olur ki, oxuduqca dəhşətə gəlirsən.

Erməni ombudsman işğal olunmuş ərazilərimizdə itmiş düşmən hərbçisinin “sürücülük vəsiqəsinin hüquqlarının müdafiəsi məqsədilə” BMT-yə müraciət etdiyi halda, bizim bəzi ağızdan göyçəklər torpaqlarımızı işğal altında saxlayan, kör¬pələrimizi qanına qəltan edən erməni quldurunun qarşısında canını sipər edən, gecə-gündüz səngərdə ayıq-sayıq dayanan əsgərlə rəqs etdiyinə görə yüksək rütbəli hərbçimizi yazdığı məqalədə lağa qoyur, sosial şəbəkədə istezalı şərhlər paylaşır.

Basa düşə bilmirəm hərbçilərimiz sizə nə pislik edib ki, onun qanını qaraldır, onun qəlbini incidirsiniz? Məgər hərbçinin deyib-gülməyə, əylənməyə, rəqs etməyə haqqı yoxdur?

Belə hərəkətlərlə həmin adamlar eyni zamanda əsgər övladını qəmli görmək istəməyən atanın da ürəyini incidirlər. Belə neqativ yazılar hərbçilərin mənəvi-psixoloji durumuna mənfi təsir edir, axı. Əslində müqəddəs olan amilləri lağa qoymağa cəhd göstərməyin özü elə bir mədəniyyətsizlikdir, oda ola ki, hələ bunu mətbuata, internetə çıxarasan. Çox narahat oluram oğlum. Ürəyə, heysiyyata toxunan məqamlar olanda susmaq düzgün deyil oğlum. Öz əlimdə deyil, ürək dözmür danışmasam.

Ermənilərin, bizi gözü götürməyənlərin pulu ilə dolananların, Vətəndən qaçıb Almaniyadan, Hol¬landiyadan, Fransadan uzaqdan-uzağa bizə daş atan bəzi üzdəniraq soydaş¬ları¬mızın yaydığı xəbərləri tirajlayan və o cür adamlara, rəsmi verilən məlumatlardan daha çox inananlardan yaxşılıq gözləmk də əslində düz deyil, sadəlövlükdür.

Bu gün hamımız evdə rahat yatmağımıza, sakit yaşamağınıza görə məhz dövlətimizin fəaliyyəti sayəsində daima qüdrətlənən Ordumuza borcluyuq. Öz övladını sevən, yaxşı olmasını istəyən hər kəs Ordumuzu sevməli və nəsə yaxşı bir iş görməlidir, a bala. Yox əgər bacarmırsa, heç olmasa bunu etdənlərə mane olmasınlar barı”.

Ömrünün 40 ilini elmə, təhsilə həsr etmiş atamın, el ağsaqqalının dilindən ordumuz, əsgərimiz üçün səsləndirilən bu fikirləri kim necə istəyir elə də qəbul etsin. Onun sözlərinə heç bir şərh vermədən bəzi məqamlara aydınlıq gətirmək pis olmazdı.

Ermənilərdən fəqli olaraq, biz adam öldürməklə fəxr edən, öyünən deyilik. Amma bütün dünyəvi dinlərin ən böyük hökmü: Vətən, torpaq, ailən üçün, mal-mülkünü qorumaq üçün SAVAŞDIR. Odur ki, biz də torpaqlarımızı işğal edən ermənini hər halda gözümüzün üstündə qoruyub saxlayan deyilik ki! Düşmənin son əsgəri torpaqlarımızı tərk edənə qədər yuxusuna haram qatmaq, onu itkilərə məruz qoymaq, təxribatlarının qarşısını almaq, əks zərbələr endirmək biz hərbçilərin borcudur, vəzifəsidir. Bu gün Ordumuz bütün bu vəzifələrin öhdəsindən uğurla gəlir, düşmən hər an dərsini alır. Eyni zamanda “Savaşda itkisiz ötüşə bilərik!” deyə düşünmək də ağla sığan deyil, gülüş doğuran diletantlıqdır. Bu yolda canından keçənlərə hörmətlə yanaşmaq, onların özləri ailəsi ilə bağlı yazanda mövzunun nə dərəcədə həssas olduğu mütləq mənada nəzərə alınmalıdır. Dinimizdə də şəhidlik insanın bu dünyada ucalacağı ən uca zirvədir. Biu zirvəni fəth edənlərlə bağlı nəsə yazdıqda həddən artıq diqqətcil olmamız şərtdir və mənəvi borcdur. Övlad itkisi acısından ağlayan insanın dərdinə şərik olmaq, bundan sensasiya, şou düzəltməkdən daha şərəflidir. Şəhidlik mövzusundan ancaq qəhrəmanlığı, vətənpərvərliyi, igidliyi təbliğ etmək daha düzgün və təsirli olardı fikrimcə.

O ki, qaldı internetdə, sosial şəbəkələrdə hərbi məsələlərin, hərbi qulluqçuların, zabit əsgər münasibətlərinin əndazədən kənar müzakirə edilməsinə! Bunu lağa qoymağın adını nə qoyasan bil¬mirəm! Əsgərlikdə olan hər kəs yaxşı bilir ki, orduda bütün münasibətlər nizamnamələrlə tənzimlənir. Amma kim olursan ol, hansı rütbədə olursan ol, hansı vəzifənin sahibi olursan ol, insanlıq deyilən analyış var və bunu bir daha bəzi müəlliflərin yadına salmaqla Amerikanı kəşf etmirsən, Vallah.

Lap tutaq ki, hansısa yüksək rütbəli zabit əsgərin əlini sıxdı, bağrına basdı, igidlik göstərənin alnından öpdü, çörəyini kəsib əsgərlə bölüşdü, onunla birlikdə nahar etdi, bayram şənliyində əsgərlə birlikdə rəqs etdi, birlikdə şəkil çəkdirdi. Bunda qəbahət nə var ki? Əksinə, belə addımlar dünyanın hər yerində təqdir edilir. Birdə ki, yaxınlarınla, tanıdığın adamla görüşəndə və ayrılanda bağrına basmaq, əlini sıxmaq da mentalitetimizin bir atributudur, axı. Bunu şişirdib, lətifəyə çevirib, lağa qoymaq üçün hansı mərifətə sahib olmaq lazımdır? Bu cür məqamları lağa qoymaqla müzakirə oyektinə çevirnlərdən sorusan gərək, ermənilərin, erməni mətbuatının öz hərbçisinə belə yanaşdığını heç görmü¬sü¬nüz¬mü? Mən rast gəlməmişəm.

Bəzi yazıları qələmə alan, sosial şəbəkələrdə paylaşmalar edən “dəyərli dostlarımızın” ən çox qeyri səmimi olduğu məqam isə elə toxunduqları mövzulardır. Belələri bəyənməsə də, razılaşmasa da, ağız büzsə də (hərçənd ki, bu cür yanaşmağa da çoxunun mənəvi haqqı yoxdur) reallıq ondan ibarətdir ki, Respublikamızda gedən ordu quruculuğu, həyata keçirilən uğurlu islahatlar artıq öz bəhrəsini verməkdədir. İndi ölkəmizdə elə bir gənc yoxdur ki, bilərəkdən hərbi xidmətdən yayınmağa, boyun qaçırmağa çalışsın. Əksinə nazirliyin qaynar xəttinə yüzlərlə müraciətlər olduğunu eşimişəm. Telefon zənglərində, məktublarda möhlət hüququ olan, hansısa sağlamlıq problemi üzündən belə xidmətdə olmayan gənclər, hərbi xidmətə yollanması üçün ona köməklik göstərilməsini Müdafiə nazirliyindən rica edir. Bu isə Ordumuzda olan müsbət təsirindən irəli gəlir ki, bunu da danmaq heç düzgün deyil. Tək elə buna görə ölkə rəhbərliyinə, Ordumuza böyük “Sağ Ol” düşür.

Bu gün Ordumuzun 100 illik yubileyini qeyd etməyə hazırlaşdığımız ərəfədə fərəhlə deyə bilərəm ki, bütün müsbət amillərlə yanaşı,bizə baş ucalığı gətirən daha bir səbəb də var. İndi ölkəmizdə qürur duyulası igid əsgərlərimizlə birlikdə, artıq Azərbaycan Respublikasına xidmətdən fəxr edən “Əsgər Ataları Ordusu” da xidmət edir. Bəli bu belədir. Əgər əsgərlərimiz üçün yanırıqsa, onu düşünürüksə, qayğıları ilə yaşayırıqsa, ordumuzun qüdrətlənməsinə seviniriksə deməli biz də əsgər övladlarımızla birlikdə Vətənə xidmət edir, ordumuzun bir parçasına çevrilirik.

Qədim yunan filosofu deyirdi ki, əməllər, sözlərdən daha təsirli olur. Ordumuz da əməli ilə öz gücünü, qüdrətini, inkişafını, ən əsası isə torpaqlarımızı işğaldan azad etmək əzmini, ərazi bütövlüyümüzün təmin edilməsi yolunda gözünü qırpmadan canını verməyə hazır olduğunu artıq hər kəsə, ən əsası düşmənə sübut edib. Bu qüdrətin, bu əzmin qarşısında düşmənin dayanması qeyri-mümkündür.

Aprel döyüşləri və digər qələbələrimiz hər kəs üçün ən təsirli arqumentir.

İ.Eldaroğlu, ehtiyatda olan zabit
Xüsusi olaraq Ordu.az üçün

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan-Ordusu   Əsgər  


Bizi "telegram"da izləyin