Ermənistan ordusunda "yanacaq mafiya"sına kim başçılıq edir? - ARAŞDIRMA

2018/06/345_1529673382.jpg
Oxunub: 2587     21:13     22 İyun 2018    
Ermənistan təhlükəsizlik xidmətinin növbəti korrupsiya faktı aşkarlaması nəticəsində məlum olub ki, 2017-ci ilin dekabr ayından 2018-ci ilin iyun ayınadək olan müddət ərzində "N" nömrəli hərbi hissənin bir neçə bölmə komandirləri külli miqdarda yanacaq silərək mənimsəyiblər.

Ordu.az-ın araşdırmasına görə, yanacaq sürtkü materialları xidməti rəisi əvvəlcədən hərbi hissə rəhbərliyi ilə razılığa gələrək qanuna zidd əməllər törədib. Xidmət rəisi hərbi hissədən yanacağı hissə-hissə çıxararaq, bölgədə fəaliyyət göstərən yanacaq doldurma məntəqələrinə satıb. Əldə edilən məbləğin əsas hissəsini hərbi hissə komandirinə verməklə, qalan qismini bölmə komandirləri arasında bölüşdürüb.

Təhlükəsizlik xidmətinin əks-kəşfiyyat baş idarəsinin əməkdaşları növbəti satış zamanı yanacaq doldurma məntəqəsinin sahibkarını və yanacaq sürtgü materialları xidməti rəisini həbs edib. Fakt üzrə cinayət işi açılıb.

Xaçaturovun "yanacaq mafiyası"

Erməni hərbi qulluqçular tərəfindən yol verilən digər qanun pozuntusu 2018-ci ilin yanvar-iyun ayları ərzində baş verib. "N" nömrəli hərbi hissənin maddi texniki təminatına cavabdeh olan hərbi qulluqçular, yenə də vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, hərbi hissələrin avtomobil texnikalarının təmiri məqsədilə göndərilən yeni ehtiyyat hissələrini, mühərrikləri, təkərləri əvvəlcədən planlaşdırılmış qaydada, istismara yararsız hesab etməklə alqı-satqısını həyata keçiriblər. Əldə edilmiş maddi vəsaitləri isə mənimsəyiblər. Həmin vəzifəli şəxslər təmir üçün ayrılan yeni ehtiyyat hissələrini sataraq, köhnə yararsız ehtiyyat hissələrini təmir edilən avtomobillərə yerləşdiriblər.

Əldə edilmiş faktlar əsasında təhlükəsizlik xidmətinin istintaq orqanı tərəfindən vəzifə mövqeyindən istifadə edərək, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda mənimsəmə faktı üzrə cinayət işi qaldırılıb.

Orduda yanacaq oğruluğunun geniş yayılması barədə dəfələrlə səsləndirilib. Ancaq Ermənistan MN rəhbərliyi və prokurorluq bu sahədə heç bir iş görməyib, üstəlik mətbuatda da işıqlandırılmasına yol verməyib. Kim ki, bu oğurluqların qarşısını almağa cəhdlər edibsə, hərbi hissələrdə həmin adamlara qarşı vəhşicəsinə davranıblar.

Əksinə, yanacaq oğruluğuna qarşı mübarizə aparan Narek Ayvazyanı bu sistem cəzalandırıb.

2009-cu ildə Ararat vilayətində yerləşən “Zod hərbi hissəsi” adlanan hərbi hissədə bir qrup hərbi qulluqçu yanacaq oğurlamışdı. Bu oğurluğun qarşısını alan erməni zabit, baş leytenant Ayvazyanı həvəsləndirilmək əvəzinə, hərbi hissədə xüsusi imtiyazlara sahib oğru hərbi qulluqçular tərəfindən döyülüb. Həmin hərbi hissənin komandiri, erməni ordusunun sabiq BQ rəisi, indiki KTMT katibi Yuri Xaçaturovun oğlu Qrişa Xaçaturov olub. Bu qruplaşma illərlə benzin oğurluğu biznesi ilə məşğul olub, Ermənistan hüquq mühafizə orqanları isə biznesin təhlükəsizliyini təmin edib. Xaçaturov qruplaşması isə onlara mane olan zabit Ayvazyanın həbs edilməsinə nail olublar. O, daha sonra azad edilsə də, zabit kimi xidmət edə bilməyib.

Valeri Muradyanı kim öldürüb?

2010-cu ildə Xankəndindəki hərbi hissələrdən birindəki idman alətindən asılmış, dizləri yerə qatlanmış vəziyyətdə erməni əsgəri Valeri Muradyanın meyiti aşkar edildi. Ölən erməni əsgərinin anası illərdir, iddia edir ki, onun oğlunu hərbi hissədəki qanun pozuntularına şahid olduğu üçün öldürüblər.

O, bildirir ki, ölümündən 4 gün əvvəl oğlu ilə danışarkən, yanacaq oğurluğuna şahid olduğu və ona susmaq üçün 3 min dram təklif edildiyini bildirib. Erməni əsgər anasının sözlərinə görə, oğlu bu puldan imtina etdiyinə görə onu öldürüblər. Bu günədək onun ölüm işinin detalları araşdırılmayıb.

Silah xəzinəsinə görə ölüm faktı

25 aprel 2016-cı ildə İcevanda yerləşən hərbi hissədə odlu silah yarasından Hovhanes Petrosyan öldürülüb. Ancaq ölən erməni əsgərin atası iddia edirdi ki, oğlunu yanacaq oğurluğunun qarşısını almağa cəhd etdiyinə görə öldürüblər. Oğlu ölmədən öncə atasına zabitlərdən biri ilə münaqişəli olduğuna dair məlumat verib.

Ona təhkim edilən "Qaz-66" markalı avtomobildən mütəmadi olaraq benzin oğurluğu edildiyinə görə, yanacaq çəlləyni bağladıqdan sonra həmin zabitlə münaqişələri başlayıb. Qısa vaxtdan sonra onun meyiti təhkim edilən "Qaz-66" markalı avtomobilin yük hissəsindən, silah sursat dolu olan qutuların yanında aşkar edilib. Onun burun və alın nahiyyəsində avtomatdan 2 zərbə izi olub.

Lakin bu halda da detallı araşdırma aparılmayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Yanacaq   Oğurluq  


Bizi "telegram"da izləyin