Ordu.az siyasi və hərbi elmlər doktoru, professor Vaxtanq Maisaya ilə müsahibəni təqdim edir:
- Yaxın vaxtlarda Gürcüstan, Türkiyə və Azərbaycan müdafiə sahəsində qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında memorandum imzalayıblar. Gürcüstanla Azərbaycan arasında hərbi əməkdaşlığı necə qiymətləndirirsiniz?
- Müdafiə sahəsində tərəflər arasında rəsmiləşdirilən Memorandum üçüncü ölkələrə qarşı yönəlməyib və regional təhlükəsizliyin möhkəmləndirilməsinin birbaşa təzahürüdür. Ölkələrimiz arasında bu cür əməkdaşlıq çox dərin tarixi köklərə malikdir. Ötən əsrin əvvəllərində, xüsusən 1919-cu ildə, demokratik Gürcüstan və Azərbaycan arasında, müdafiə ittifaqı haqqında ilk beynəlxalq saziş imzalanıb. Bu sazişə əsasən hər iki tərəf başqa bir ölkənin hücumu zamanı bir-birinə birbaşa hərbi yardım göstərməyi öhdəlik kimi qəbul edirdi.
Bu memorandum Gürcüstan və Azərbaycanın müdafiə potensialının gücləndirilməsi və enerji təhlükəsizliyi baxımından regional təhlükəsizliyin möhkəmləndirilməsi kimi beynəlxalq əhəmiyyətə (Bakı-Tiflis-Supsa, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum enerji layihələri nəzərdə tutulur) malikdir.
Beləliklə, Gürcüstan və Azərbaycan arasında hərbi əməkdaşlıq tarixi həqiqətə hörmət kimi qiymətləndirilə bilər. Bununla yanaşı, bu hərbi əməkdaşlıq, xüsusilə regional təhlükəsizlik təşkilatı olan GUAM çərçivəsində vacibdir və digər dövlətlərə qarşı yönəlməyib. Həmçinin bu memorandum hər iki dövlətin milli müdafiə sahəsində milli maraqlarını da təmin edir.
- Gürcüstanla Türkiyə arasında hərbi əlaqələr barədə nə deyə bilərsiniz?
- Türkiyə ilə Gürcüstan arasındakı hərbi əməkdaşlığa gəldikdə bu bir az fərqli məna daşıyır. Bu əməkdaşlıq Gürcüstanın xarici siyasətinin əsas məqsədi olan NATO-ya qoşulmaqla bağlıdır və buna da əsaslanır. Bundan əlavə, müdafiə sahəsində Gürcüstan-Türkiyə əlaqələri 1996-cı ildən başlayır və bu Qara dəniz regionunda regional təhlükəsizliyin möhkəmləndirilməsi ilə bağlıdır.
Gürcüstan, NATO ölkələri ilə, xüsusilə qonşu dövlətlərlə, ilk növbədə, Türkiyə ilə hərbi əməkdaşlığı genişləndirməlidir. Bu, Gürcüstan standartlarının NATO-nun STANAG hərbi standartlarına tam uyğunlaşdırılmasının və xüsusi tapşırıq şərtlərinin müvəffəqiyyətlə yerinə yetirilməsinin Alyansla razılaşdırılmasından ibarətdir.
Gürcüstan üçün Türkiyə ilə əməkdaşlıq vacib vəzifələrdən biridir. Eyni zamanda, Türkiyə və Gürcüstan Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak edir ki, bu da strateji tərəfdaşlıq kontekstində birbaşa əlaqələrin nümunəsi hesab olunur. Yeri gəlmişkən, Türkiyə yaxın vaxtlarda hərbi əməkdaşlıq çərçivəsində Gürcüstana 5 milyon türk lirəsi ayırıb. Bundan əlavə, Gürcüstan silahlarının 15% -i , o cümlədən "Kobra" ordu avtomobilləri də daxil olmaqla, Türkiyə istehsalıdır.
- Azərbaycanın müdafiə potensialını necə qiymətləndirirsiniz?
- Azərbaycan hərbi personal və hərbi texnika gücünə görə regionda liderdir. Bundan əlavə, Azərbaycan yaxın gələcəkdə öz silahlı qüvvələrinin ehtiyaclarını tam şəkildə qarşılayacaq öz milli hərbi-sənaye kompleksinə malikdir və bu, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsində mühüm amildir. Və bu fakt özü artıq çox şeydən xəbər verir.
- Qonşu Ermənistanda Gürcüstan, Azərbaycan və Türkiyənin hərbi əməkdaşlığı kəskin reaksiyalara səbəb olur. Bir çoxları bu hərbi əməkdaşlığın Ermənistanın təhlükəsizliyinə təhdid olduğunu düşünür. Bu barədə nə deyə bilərsiniz?
- Hesab edirəm ki, bu ifadələr şişirdilib. Hərbi əməkdaşlığımız Ermənistan üçün təhlükəli deyil, çünki bu üçtərəfli ittifaq enerji təhlükəsizliyi ilə əlaqədar yaradılıb, beynəlxalq əhəmiyyətə malik olan böyük enerji layihələrinin hərbi müdafiəsini nəzərdə tutur. Bu hərbi əməkdaşlıq Cənubi Qafqazda ümumi sabitliyi təhlükə altına qoyan beynəlxalq terrorizm, narkotik ticarəti və s. kimi asimmetrik hərbi çağırışlara da xüsusi diqqət ayırır.
Nizam Bəkirov
Ordu.az