Ordu.az Rusiya Strategiya və Texnologiyalar Təhlili Mərkəzinin direktor müavini, "Fırtına gözlənilməsi: Cənubi Qafqaz" kitabının redaktoru Konstantin Makiyenko ilə müsahibəni təqdim edir:
- Rusiya ilə Azərbaycan arasında mövcud olan hərbi-texniki əməkdaşlığın səviyyəsini necə qiymətləndirirsiniz? Rusiyadan silah alınmasının həcmi pik səviyyəyə (son illərdə Bakı Rusiyadan 5 milyard dollarlıq silah alıb) çatıb, yoxsa gələcək üçün inkişaf perspektivləri hələ də mövcuddur?
- Hesab edirəm ki, Rusiya ilə Azərbaycan arasında hərbi-texniki əməkdaşlıq 2012-2013-cü illərlə müqayisədə, müvəqqəti fasilədədir. 2010-2011-ci illərdə imzalanan müqavilə paketləri əsasən həyata keçirilib, yeni irihəcmli müqavilələr haqqında isə qeyri-hökumət ekspertlərinə məlumat verilmir. Silahlarin alınmasında fasilə çox güman ki, həm siyasi, həm də 2015-ci ildən 2017-ci ilin birinci yarısına qədər davam edən neftin aşağı qiyməti ilə ələqədər olan maliyyə və iqtisadi problemlərə əsaslanır.
Rusiya ilə Azərbaycan arasında ikitərəfli hərbi-texniki əməkdaşlığın perspektivləri bir çox amillərdən, o cümlədən Ermənistanın yeni rəhbərliyinin real xarici siyasət kursundan və Rusiya Federasiyasının rəhbərliyinin bu siyasətə münasibətindən asılı ola bilər.
Mənim fikrimcə, ölkələrimiz arasında hərbi-texniki əməkdaşlığın aktivləşdirilməsi həm Azərbaycan, həm də Rusiyanın milli maraqlarına cavab verir.
- Rusiya hərbi sənaye kompleksi daim inkişaf edir. Bəzi konkret adlar barədə danışmasaq belə, sizin fikirimizcə Rusiya Hərbi-Sənaye Kompleksinin hansı yenilikləri Azərbaycanı maraqlandıra və müdafiəsini gücləndirə bilər?
- Əslində Azərbaycan bütün ümumqoşun silah və hava hücumundan müdafiə sistemlərində, eləcə də əlavə döyüş və nəqliyyat helikopterlərinin bütün növlərinə maraq göstərir. Azərbaycan uzaq mənzilli artilleriya sistemlərinə də xüsusi maraq göstərir. Bundan əlavə, quru qoşunları ilə müqayisədə, hazırda müasir standartlara görə effektivsiz hesab edilən MiQ-29 qırıcıları ilə silahlanan HHQ-nin moderniləşdirilmə templəri daha aşağıdır. Azərbaycanın Hərbi Hava Qüvvələri, təhdidlərə adekvat cavab vermək üçün müasir MiQ-35 və ya daha güclü Su-30SME qırıcılarının alınmasını tələb edir.
- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ehtimalını necə qiymətləndirirsiniz?
- Hal-hazırda bu xarici amillərdən daha çox asılıdır, çünki bütün nüfuzlu xarici oyunçular (Qərb və Rusiya) bu münaqişənin bərpasını arzu etmir. Eyni zamanda, Azərbaycan 2016-cı ilin aprelində olduğu kimi qısamüddətli, lakin intensiv hərbi əməliyyatlar vasitəsilə öz hərbi və siyasi mövqelərini təkrar yaxşılaşdıra bilər. Uzun müddətli prespektivdə vaxt Azətbaycanın lehinə işləyir: demoqrafik, iqtisadi, hərbi və hərbi-texniki balans Azərbaycanın xeyrinə dəyişir.
Ermənistanda yaşayan, biznes və siyasi intriqalarda möhkəmlənən Qarabağ hərbi elitası istəmədən hakimiyyəti populistlərə verdi və bu, erməni tərəfinin hərbi potensialını gücləndirmədi. Yəni, zaman keçdikcə münaqişənin alovlanması ehtimalının artacağını düşünürəm.
Bəhram Batıyev
Ordu.az