Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu erməni əsgər valideynləri “Avrora Media” mərkəzinə Ermənistan ordusunda tüğyan edən çoxsaylı ədalətsizlik və nöqsanlarla bağlı şikayət zənglərində bildiriblər.
Şikayətlərin əksəriyyəti Ermənistan ordusunun təminat məsələləri ilə bağlıdır. Məlum səbəblərdən şikayətçi valideynlər özlərini təqdim etməsələr də, problemin həll edilməsini istəyirlər.
Bütün şikayətçilər eyni mövzuda narazılıq edirlər. Onlar əsasən hərbi geyimlərin keyfiyyətsiz olmasından, ilk yumadan sonra rənginin solması və üzülməsindən, hərbi çəkmələrin geyinməyə yararsız olması və narahatlıq yaratmasından, şəxsi gigiyenaya aid bütün ləvazimatların, o cümlədən hərbi geyim, çəkmə və alt paltarların valideynlər tərəfindən göndərilməsindən şikayətlənirlər.
İşğal altında olan Ağdərədəki qanunsuz hərbi hissədə qulluq edən hər beş erməni əsgərindən birinin şikayətçi valideynləri bildirib ki, həmin hərbi hissədə bu vəziyyət daha ağırdır. Valideynlər əlavə olaraq qeyd edirlər ki, andiçmə mərasimində məlum olmayan səbəblərdən 1000-6000 dram arası pul toplanıb və üstəlik əsgərlər üçün nəzərdə tutulan maliyyə təminatı da verilmir, rəislər tərəfindən mənimsənilir.
Ordu.az