Ankarada AXC və Silahlı Qüvvələrin yaradılmasının 100 illiyi ilə əlaqədar mərasim təşkil edilib

2018/05/2128_1526374204.png
Oxunub: 3007     16:48     15 May 2018    
Türkiyənin paytaxtı Ankara şəhərində Ulu öndər Heydər Əliyevin adını daşıyan parkda Azərbaycan Xalq Cumhuriyyətinin və eyni zamanda Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubleyi münasibətilə mərasim təşkil olunub.

Tədbirdə hər iki ölkənin ay-ulduzlu bayraqları və çiçəklərlə bəzədilmiş parkın girişində iki qardaş ölkənin liderlərinin tarixi görüşlərinin yer aldığı fotolardan ibarət sərgi açılıb. Tədbirə Türkyədən və Azərbaycandan dövlət və hökümət nümayəndələri, ziyalılar, siyasətçilər, millət vəkilləri, 15 iyul hadisəsinin qaziləri, Türkiyədə təhsil alan Azərbaycan hərbiçiləri iştirak edib. Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra hər iki ölkənin dövlət himinləri səslənib.

Mərasimdə Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, Türkiyə Böyük Millət Məclisinin sədri İsmayil Kahraman, Baş nazirin müavini Hakan Çavuşoğlu, Türkiyə prezidentinin köməkcisi Yalçın Topçu çıxış edib. Çıxışlarda möhkəm təməllərlə qurulan Azərbaycan-Türkiyə münasibətlərinə diqqət çəkilib, zaman-zaman tarixin ən ağır sıanaqlardan keçən iki qardaş ölkənin bütün tövürlərdə bir-birinə dayaq olduğu dilə gətirilib.

Türkiyənin Baş naziri Binəli Yıldırımın mərasimə göndərdiyi təbrik məktubunu onun müavini Hakan Çavuşoğlu oxuyub. “Müstəqillik yolunda yanındayıq, səninləyik can Azərbaycan” deyə müraciət edən baş nazir son illərdə Azərbaycanın uğurlu inkişaf yolundan da söz açıb.

Tədbiriin fəxri qonağı, Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov çıxışında Azərbaycan-Türkiyə münasibətlərinin dərin köklərindən söz açıb, hər iki ölkənin atdığı addımlarda, verdiyi qərarlarda birlik nümayiş etdirdiyini deyib.

Mərasim konsert proqramı ilə davam etdirilib. Xalq artisti Alim Qasımov və əməkdar artist Fərqanə Qasımovanın ifasında muğam səsləndirilib. Proqram atəşfəşanlıqla sona çatıb. (Report)

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   AXC   Silahlı-Qüvvələr  


Bizi "telegram"da izləyin