"AXC" sözünə uyğun 642 nəticə tapıldı!

Düşmən avqustda atəşkəsi 648 dəfə pozub

2019/06/41223-1561787900.jpg
Oxunub: 617     10:00     31 Avqust 2019    
Avqust ayında Ermənistan silahlı bölmələri atəşkəs rejimini 648 dəfə pozub.

Ordu.az-ın Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi məlumatlar əsasında apardığı monitorinqin nəticələrinə görə, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlar və əsasən snayper tüfənglərindən istifadə etməklə Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutub.

Silahlı Qüvvələrin Ağdam, Füzuli, Cəbrayıl, Xocavənd, Tərtər, Goranboy, Qazax, Gədəbəy, Tovuz, Göygöl və Ağstafa rayonlarında yerləşən mövqeləri Ermənistan silahlı bölmələrinin atəşinə məruz qalıb.

Bütün cəbhə boyu əməliyyat şəraiti Silahlı Qüvvələrimizin tam nəzarəti altında olub.

Avqustun 12-si səhər saatlarında cəbhənin Füzuli rayonu istiqamətində düşmən tərəfindən fərarilik etmiş hərbi qulluqçu Kazaryan Aro Xaykoviç bölmələrimizin sayıqlığı nəticəsində saxlanılıb.

İlkin dindirilmə nəticəsində müəyyən olunub ki, düşmən hərbiçisinin fərarilik etməsinə səbəb xidmət etdiyi hərbi hissədə baş verən özbaşınalıq, hərbi qulluqçulara qarşı edilən dözülməz və qeyri-insani münasibətdir.

"Erməni hərbi qulluqçu A.X.Kazaryanın uzun müddət ərzində dəfələrlə komandirləri və digər hərbi qulluqçular tərəfindən fiziki və mənəvi təzyiqlərə məruz qalması onun baş nahiyəsindəki hematomaları və bədənindəki yaralardan da aydın görünür", - deyə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı bəyanatda bildirilirdi.

Təbii ki, dəfələrlə təxribat və fərarilik hadisələrini hərbi qulluqçularının psixoloji çatışmazlığı kimi təqdim edən düşmən, bu dəfə bu versiyanı səsləndirməkdən çəkindi. Lakin hərbi qulluqçunun qardaşının dilindən guya onun ordudan heç bir narazılığının olmadığını, hətta məzuniyyəti əsnasında müqaviləli xidmət keçmək istədiyini ifadə etdilər.

Lakin qısa müddət sonra Ermənistanın yaydığı informasiyaların əsassız olduğu təsdiq edildi. Erməni əsgər saxlanma şəraitindən razılıq etməklə yanaşı, ona qarşı insan hüquqlarının pozulmasına yol verilmədiyini bildirdi.

Ardınca, erməni KİV-lərində hadisənin detalları üzə çıxmağa başladı. "Hraparak" nərşi yazırdı ki, Arayik Kazaryanla eyni hərbi hissədə qulluq edən 8 zabit hərbi polisdə istintaqa cəlb olunub və araşdırma aparılır. Sıravi əsgərə qarşı qeyri-qanuni münasibət faktları yoxlanılır.

Nəticədə fərari erməni hərbi qulluqçunun qardaşı Armen Kazaryan, "Haykakan Jamanak"a açıqlamasında, ona hərbi hissəyə getməyə icazə verilmədiyindən şikayətləndi və öncəki açıqlamasını təkzib edərək qardaşının hərbi hissədə problemi olduğunu etiraf etdi:

"Mən yalnız Xankəndindəki hərbi polisə getmişəm, oradan məni geri göndərdilər, məni ora getməyə qoymadılar. Müdafiə Nazirliyi məlumatları gizli saxlayır. Qardaşımın azaraq, yoxsa başqa şəraitdə Azərbaycan tərəfinə keçməsini bilmirik. Qardaşımın hərbi hissədə təzyiqlərə məruz qalması barədə mətbuatda yayılan məlumatlar məni bir az düşünməyə vadar edir. Problemləri olduğunu bilirdim. Lakin elə alınıb ki, problemləri ilə bağlı gedib adamlarla görüşüblər, hər şey həll edilib, normal olub. Qardaşımın əsgərlə yox, zabitlərlə problemi olub. Buna görə də Müdafiə Nazirliyi arışdırmanın nəticələrini gizli saxlamağa çalışır. Müdafiə Nazirliyindən bizə hələlik heç bir açıqlama verilməyib. BQXK-nin əməkdaşları qardaşıma təkrar baş çəkəcəklər".

Avqustun 13-də isə Ermənistan ordusunun Tavuş vilayətində yerləşən hərbi hissələrindən birinin döyüş mövqeyində təxribata cəhd edən 27 yaşlı müqaviləli erməni hərbi qullquçu yaralanıb.

Məlumata görə, axşam, saat 23։50 radələrində təxribata cəhd edən O. Artak Camparak Tibb Mərkəzinə aparılıb. O, qarın nahiyəsindən yaralanıb.

Bununla kifayətlənməyən düşmən, iki gün gün sonra, avqustun 15-də saat 21:30 radələrində Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası istiqamətində iri çaplı silahlardan atəş açılmaqla atəş­kəs rejimini pozub.

Belə ki, Naxçıvan şəhərindən müddətli həqiqi hərbi xidmətə çağırılmış 2000-ci il təvəllüdlü əsgər Babayev Həsən Adil oğlu Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində mühəndis işləri aparılan zaman düşmən mövqeyindən açılan snayper atəşi nəticəsində sağ bud nahiyəsindən güllə yarası alıb.

Ayın sonlarına doğru isə düşmən təxribatlarını əsasən Qazax istiqamətinə mərkəzləşdirib.

Avqustun 29-da, saat 18:30 radələrində Ermənistan Silahlı Qüvvələrinin Noyemberyan rayonunun Şavarşavan kəndi yaxınlığındakı döyüş mövqeyindən Qazax rayonunun Fərəhli kəndi istiqamətindəki sərhəd döyüş məntəqəmiz snayper atəşinə tutulub, nəticədə arxa istiqamətdə təminat yolunda hərəkət edən hərbi yük nəqliyyat vasitəsi atəşə məruz qalıb, hərbi qulluqçular arasında xəsarət alma halı olmayıb.

Düşmən snayperlərinin atəş nöqtələri cavab atəşilə susdurulub.

Ümumən bütün ay ərzində Azərbaycan Silahlı Qüvvələrinin bütün istiqamətdə yerləşən bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində düşmən susdurulub.

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.

1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏM (1994-cü ilin dekabrında keçirilmiş Budapeşt sammitindən sonra ATƏT) Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.

1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.

Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT" BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT" BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Təxribat   Atəşkəs