Ordu.az xəbər verir ki, bu barədə “CBS News” məlumatlı mənbələrə istinadən xəbər yayıb.
Söhbət FTB-nin Riçmond şəhərindəki regional ofisi tərəfindən hazırlanmış və “Riçmond memorandum”u kimi tanınan sənəddən gedir. Hesabatda etnik motivli ekstremistlərlə katolik icmalarında mövcud olan radikal dini baxışlar arasında mümkün əlaqələr araşdırılıb.
Sənəd FTB-nin keçmiş direktoru Kristofer Reyin rəhbərliyi dövründə dövriyyədən çıxarıldıqdan sonra daxili araşdırma aparılıb. Araşdırma nəticəsində müəlliflərin qərəzli niyyət daşımadığı müəyyən edilsə də, hesabatın peşəkar standartlara tam uyğun gəlmədiyi və bir sıra analitik səhvlər ehtiva etdiyi bildirilib.
Yoxlamaların nəticəsinə əsasən, analitik materialların təsdiqlənməsi prosedurlarını sərtləşdirmək məqsədilə yeni mexanizmlər tətbiq olunub. Hesabatın hazırlanmasında iştirak edən əməkdaşlara əvvəlcə intizam tənbehləri verilib.
ABŞ Ədliyyə Nazirliyinin baş müfəttişi tərəfindən aparılan ayrıca araşdırma da analitiklərə ekstremist qruplarla dini icmalar arasında əlaqələr axtarmaq barədə göstəriş verildiyinə və ya onların fəaliyyətində ayrı-seçkilik motivlərinin olduğuna dair hər hansı sübut aşkar etməyib.
Buna baxmayaraq, sənəd ABŞ Prezidenti Donald Trampın tərəfdarları tərəfindən sərt tənqid olunub. Onlar hesabatın mühafizəkar katoliklərə qarşı qərəzli münasibətin göstəricisi olduğunu iddia ediblər.
Memorandum xristianlara qarşı ehtimal olunan qərəzlilik hallarını araşdıran işçi qrupun hesabatına da daxil edilib. Həmin qrup Trampın imzaladığı fərmanlardan biri əsasında yaradılmışdı.
Hesabatda FTB-nin heç bir cinayət törətməmiş ənənəçi katolikləri araşdırdığı, izlədiyi və təhlil etdiyi iddia olunub. Sənəddə həmçinin FTB analitiklərinin nəticələr hazırlayarkən “Southern Poverty Law Center” qeyri-hökumət təşkilatının məlumatlarına istinad etməsi tənqid edilib.
Bundan əlavə, SPLC təşkilatı da ABŞ Ədliyyə Nazirliyinin hüquqi araşdırmasının hədəfinə çevrilib. Təşkilat donorları məlumatlandırmaq məsələsində onları çaşdırmaqda ittiham olunur. SPLC isə bu ittihamları rədd edir. Analitiklərin işdən çıxarılması Tramp administrasiyası tərəfindən tənqid olunan işlərlə məşğul olmuş əməkdaşlara yönəlmiş daha geniş kadr dəyişikliklərinin tərkib hissəsi hesab olunur.
Daha əvvəl məxfi sənədlərin saxlanılması və 2020-ci il prezident seçkilərinin nəticələrinin mübahisələndirilməsi cəhdləri ilə bağlı araşdırmalarda iştirak etmiş əməkdaşların da vəzifədən uzaqlaşdırıldığı bildirilmişdi. Bundan başqa, Ədliyyə Nazirliyi reproduktiv sağlamlıq klinikalarına çıxışın qarşısının alınmasına dair “FACE Act” qanununun pozulması işləri ilə məşğul olmuş bir sıra prokurorları da işdən azad edib.
Sevinc Əliyeva
Ordu.az