Mali məhkəməsi Fransa səfirliyinin əməkdaşını casusluğa görə 20 il azadlıqdan məhrum edib

2026/05/1777734547.jpg
Oxunub: 221     14:11     06 İyun 2026    
Mali məhkəməsi Fransa səfirliyinin əməkdaşını casusluq və dövlət təhlükəsizliyinə zərər vurmaq ittihamı ilə 20 il müddətinə azadlıqdan məhrum edib.

Ordu.az xəbər verir ki, bu barədə AFP agentliyi məhkəmə mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, məhkum barəsində həbs cəzası ilə yanaşı 5400 avro məbləğində cərimə də tətbiq olunub. Həmçinin onun 20 il müddətinə Mali ərazisinə girişinə qadağa qoyulub. O, 2025-ci ilin avqustundan etibarən həbsdə saxlanılır.

Mali hakimiyyəti bildirib ki, saxlanılan Yan V. Fransa xüsusi xidmət orqanları ilə əməkdaşlıq edib və ölkədə vəziyyəti sabitlikdən çıxarmağa çalışıb. O, çevriliş cəhdində şübhəli bilinən mali hərbçilərinin işi üzrə aparılan istintaq çərçivəsində həbs olunub.

Fransa Xarici İşlər Nazirliyi isə ittihamları rədd edib. Qurum bəyan edib ki, səfirlik əməkdaşı yalnız təhlükəsizlik sahəsində xidməti vəzifələrindən irəli gələn tapşırıqları yerinə yetirib və Malinin sabitliyinə qarşı yönəlmiş heç bir fəaliyyət göstərməyib.

Qeyd olunub ki, Mali ilə Fransa arasındakı münasibətlər 2021-ci ildə baş vermiş hərbi çevrilişdən sonra kəskin şəkildə pisləşib. Həmin hadisələr nəticəsində hakimiyyətə Assimi Qoitanın rəhbərlik etdiyi hərbi keçid şurası gəlib.

Son illərdə Mali rəhbərliyi xarici siyasət kursuna yenidən baxaraq Rusiya ilə daha sıx əməkdaşlığa üstünlük verib. Ölkədə təhlükəsizlik böhranı isə davam edir. Buna səbəb “Əl-Qaidə” və İŞİD-lə əlaqəli silahlı qrupların fəallığı, eləcə də Sahel bölgəsində yerli silahlı toqquşmaların artmasıdır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mali   Fransa  


Bizi "telegram"da izləyin