Təlimlərin maraqlı formatı var idi. Belə ki, sırf hərbi məzmunlu məşqlər toplumundan ibarət bu təlimlərdə müxtəlif siyasi və hərbi bloklara məxsus ölkələrin hərbiçiləri iştirak edirdilər. Məsələn, təlimə qoşulan ABŞ, Türkiyə, İngiltərə, İtaliya, Macarıstan, Makedoniya, Rumıniya, Slovakiya NATO üzvü, Gürcüstan və Bosniya-Hersoqvina NATO üzvlüyünə namizəd, Bəhreyn, Qatar, İordaniya, Küveyt, Səudiyyə Ərəbistanı, Özbəkistan, Мonqolustan və Malayziya NATO və ABŞ-la müxtəlif dərəcəli partnyorluq əlaqəli, Pakistan, Əlcəzair və Banqladeş NATO ilə qeyri-stabil əlaqəli, Qazaxıstan isə KTMT təşkilatının üzvü olan ölkələrdəndir. Azərbaycanın bu təlimlərə dəvəti isə qardaş Türkiyənin ordumuzun döyüş hazırlığınun artırılmasında həmişə marağı olduğundan irəli gəlir.
Bu ölkələrin özlərinin qarşılıqlı münasibətləri də aydın və buludsuz deyil. Pakistan dövləti Banqladeşi müsəlman dövlətlərinin xahişindən sonra tanıyıb, diplomatik əlaqələr qursa da, Pakistan cəmiyyətinin böyük bir hissəsi həmin ölkəni separatçı qurum hesab edir. Soyuq münasibətlər tam qət edilməyib. Qazaxıstan və Monqolustan elitası arasında da Çingiz xanın hansıların babası olması haqqında kəskin mübahisələr gedir. Nə qədər gülməli olsa da, özlərinin Çingiz xana gedib çıxan şəcərələri yazılmış kağızları döş ciblərində gəzdirən qazax elitası Çingiz xanla nəfəs alan monqol cəmiyyəti arasında soyuqluq hökm sürür. Zatən, bu fakt bir birləşdirici, eyni identifikasiya yaradan fakt olmalı idi. Lakin hər iki etnos özünü tam başqa qaynaqlardan yaranmış etnos hesab etdiyindən, bu fakt birləşdirici əvəzinə konfrontasiya faktına çevrilib.
Qatar və Səudiyyə Ərabistanı arasında münasibətlərin də bir neçə ay bundan əvvəl hərbi münaqişəyə çevrilə bilmək şansı çox böyük idi. Lakin müəyyən səbəblərdən, Səudiyyə Ərəbistanı Qatarın öz ərazisindən keçən quru kommuniksiyalarını blokada ilə kifayətləndi. Sonradan blokada götürülsə də, əlaqələr əvvəlki səviyyəsinə qaytarılmadı.
ABŞ və Pakistan arasında, ABŞ-la bir neçə iştirakçı ölkə arasında anlaşılmazlıq problemləri mövcuddur. Pakistan və Böyük Britaniya arasında əlaqələr bu ölkənin Britaniya imperiyasına daxil olmuş ölkələr birliyini nümayişkar şəkildə, 1972-ci ildən tərk edən vaxtdan indiyə qədər müxtəlif səviyyələrdədir. Sovet-əfqan müharibəsi dövründə qərbin Pakistanla əlaqəsi yaxşı olduğu halda, “Taliban”a himayədarlıq münasibətləri pisləşdirdi. Beləliklə, əlaqələr dalğavari irəliləyir və tam güvənlik yoxdur.
Belə problemlərin mövcudluğuna baxmayaraq, həmin dövlətlər birgə təlimlərdə iştirak edir. Zabitləri hərbi birləşmə tərkibində müxtəlif formada və səviyyədə ünsiyyət qururlar. Bu da Türkiyənin artan nüfuzundan, ölkələr arasında moderator ola bilməsi qabiliyyətindən irəli gəlir. Bu, Türkiyənin qərb ilə İslam dünyası arasında bir mental körpü olmasını nəinki ictimai səviyyədə, həm də hərbi-strateji səviyyədə doğruldur. Bu rol çox çətin bir rol olsa da, 80 milyonluq Türkiyənin başqa bir yolu yoxdur. Ya beynəlxalq hüququn subyekti olmalı, ya da zəif inkşaf etmiş dövlətlər səviyyəsində enmək. Həmin səviyyəyə enmək üçün heç “çalışmalar" da lazım deyil. Demoqrafiya və ondan asılı sosial problemlər öz işini görəcək. Bu isə geç-tez həmin ölkələri, ya işğala məruz edəcək, ya da ərazisini müxtəlif terrorçu qrupların mübarizə səhnəsinə çevirəcək.
Bu təlimlərdə gecə və gündüz şəraitində dəniz-desant əməliyyatı, aviasiyanın dəniz desantı ilə uzlaşması, dəniz piyadalarının xüsusi təyinatlılarla taktiki uzlaşma qurub, birgə xüsusi əməliyyat keçirməsi, sonda isə atıcılıq və s. yarışmalar keçirilib. Bu əməliyyatlara hal-hazırda dəniz-desant əməliyyatlarına böyük ehtiyacı olan Səudiyyə Ərəbistanının qoşulması, türk rəhbərliyinin Yəməndə kimlərə dəstək olmalarını dolayı yolla aydın edir. Hətta təlimlərin əfsanəsindəki təcavüzkar ölkə Arnlandın təcavüz edərək, Torrike adlı bir ölkənin adasını zəbt etməsi və Türkiyə başda olmaqla koalisiyanın onu azad etməsi, söhbətin haradan və nədən getməsini çətin maskalayır. Çünki dəniz desantı əməliyyatının adaya, yarımadaya tətbiqinin demək olar ki fərqi yoxdur. İslam dövlətləri terror əleyhinə hərbi koalisiyasının harada desant əməliyyatlarına ehtiyacı olması da heç bir dərrakəli adama qeyri-müəyyən deyil. Bəziləri bu məsələdə Türkiyənin məhzəb təəsübkeşliyinə görə məhz bu addımı atmasını iddia edir. Lakin, məsələ heç də sxematik şəkildə izah olunan deyil.
1972-ci ildə Pakistan-Banqladeş münaqişəsi zamanı Banqladeşin əhalisinin də müsalman xalqı olmasına görə bir çox nüfuzlu müsəlman ölkələri Pakistan rəhbərliyindən sülh məramı göstərərək, qardaş müsəlman xalqının öz müqəddəratını təyin etmək hüququnu tanımasını xahiş etmişdi. Baxmayaraq ki, bu məsələdə rəqib Hindistan daha çox maraqlı idi. Canfəşanlıq səviyyəsində benqal müsəlmanlarına kömək edirdi. Sonradan bu Qərarın yalnız Hidistana əlverişli olması, onun mövqeylərini regionda daha gücləndirməsi, hətta əvvəllər Banqladeşə kömək edən Hindistanın artıq onu sıxışdırması, sərhədçilərinin benqal müsəlmanlarına xəbərdarlıqsız atəş açması, geopolotik məsələlərin dini təəssübkeşlik məsələləri ilə ayrı müstəvidə yerləşdiyinə sübut oldu.
Yəməndə vətəndaş müharibəsi sadəcə məhzəb məsələsi deyil. “Husi” adlandırılan Zeydilərin qeyri-aqressiv dini dünyagörüşləri olmasına baxmayaraq, mövcud stabil müharibə potensiallarının mənbələri şübhə doğurur. Qırmızı dənizin və “Afrika buynuzu” rayonunda olan bu ölkəyə nəzarət, dünya dəniz daşımalarının böyük bir hissəsinin keçdiyi Süveyş kanalına və Qırmızı dənizə nəzarət deməkdir. Bundan əlavə, İran körfəzindən bütün daşımalara, o cümlədən də, neft daşımalarına nəzarət deməkdir. Bu ölkədə konflikti qızışdıran qüvvələr böyük ehtimalla həmin məqsədi güdürlər. Həmin konfliktdə zeydiləri silah və bazalarla gizli təmin edən qarışıq sünni və xristian əhalisi olan Eritreyanın iştirakı onu göstərir ki, məhzəb və əqidə məsələləri bu müharibədə müxtəlif qüvvələrin geopolitik maraqlarından sonra 4-cü 5-ci məsələlərdir. Qırmızı dənizin çıxışındakı dar boğazda Eritreya kimi aqressiv və qeyri-stabil dövlətdən sonra ikinci belə tipli siyasi formalaşmanın yaranması, hamının əsəbləri ilə oynamaq demək olardı. Qonşuları Somaliyə və Cibutiyə ərazi iddiaları edən Eritreyaya bir neçə hərbi münaqişədən sonra 2009-cu ildə BMT tərəfindən silah ixracına embarqo qoyulub. Lakin Təhlükəsizlik Şurasının bir üzvü – Çin, bu səsvermədə bitərəf qalıb. Məlumatlara görə, silah satışı və rəhbərlərinin hər hansı bir BMT üzvü olan ölkəyə girişi qadağan olan bu ölkəyə Çinin münasibəti elə də kəskin deyil. Eritreya Yəmənə məxsus Xaniş adalarına görə 1995-ci ildə bu ölkə ilə hərbi münaqişəyə başlamışdı. Tərəflərin heç biri tam hərbi üstünlük qazanmasalar da, BMT birmənalı Yəmənin tərəfini saxladı. İndi isə Eritreyanın həmin ölkədəki hərbi müxalifətinə dəstəyini ideya və ədalət təəssübkeşliyi kimi qiymətləndirmək çox çətindir.
“Efes-2018” egidası altında keçirilən desant əməliyyatlarının təkmilləşdirilməsi, müxtəlif ölkələrin hərbi birləşmələrinin operativ uzlaşmasının məşqi, NATO və ərəb ölkələrinin Yəməndə xaosa son qoymaq kimi əsaslı planının hazırlıq mərhələsi ola bilər.
Əlbəttə, bu təlimlərdə iştirak edən Azərbaycan hərbiçilərinin heç bir qonşu ölkəyə dəniz desantı çıxarmaq fikirləri yoxdur. Yəqin ona görə təxminən bir aya yaxın davam edən təlimlərin mayın 7 dən 11-dək davam edəcək quruda xüsusi əməliyyatlar, paraşüt hazırlığı və atıcılıq təlimləri mərhələsində qoşulmuşuq. Bu mərhələdə xüsusi təyinatlılarımız gecə və gündüz təyyarədən atılma təlimlərində iştirak edərək, öz yüksək məharətlərini göstərib, topçularımız və helikopterlərimiz sutkanın işıqlı cə qaranlıq saatlarında taktiki təlimlərdə iştirak edərək, öz döyüş hazırlıqlarını artırıblar.
Təlimlərin yekun mərhələsini Türkiyə və iştirakçı dövlətlərin hərbi rəhbərliyi ilə birlikdə müşahidə etmək üçün ölkəmizin Müdafiə naziri Zakir Həsənov Türkiyəyə gedib. Zakir Həsənov Türkiyə ordusunun Baş Qərərgah rəisi Hülusi Akarla Doğanbəy təlimlər poliqonunda və təlim qərərgahında görüşlər keçirib, yeni silah növləri ilə tanış olub, təlimlərdə fərqlənən hərbiçilərə mükafatlar təqdim edib.
Həmin poliqonda həm də “açıq qapı günü” elan edildiyindən, təlimlərin gedişinə 38 ölkənin 65 müxtəlif vəzifəli hərbiçiləri nəzarət ediblər. Onların içərisində bir çox ölkə ordularının Baş Qərərgah rəisləri də olub. Belə ki, iştirakçılar və müşahidəçilər içərisində Gürcüstan, Qazaxıstan, Sudan, Bosna-Hersoqvina, Küveyt, Nigeriya, Özbəkistan, Qətər, Rumıniya ordularının Baş Qərərgah rəisləri, islam ölkələrinin antiterror koalisiyasının baş komandanı Rahil Şərif də vardır.
Bu təlimlərə Qətərin və Səudiyyə Ərəbistanının hərbiçilərinin birlikdə dəvət olunması, Türkiyə hökümətinin bu iki ölkə arasında əlaqələrin yaxınlaşmasına maraqlı olmasını göstərir. Turkiyə bu hər iki vacib partntoru arasında seçim etməkdənsə, onları yaxın edərək, hər ikisini seçmək istəyir. NATO-dan kənar ölkələrin dəvət olunmasını da bu şəkildə izah etmək olar. NATO üzvu olan ölkələr öz alyansdaxili hərbi hazırlıq planlarına uyğun hərəkət edirlər. Ola bilsin ki, planlar əvvəlcədən qurulub. Lakin, iştirakçılardan görünür ki, burada da siyasətdən yan keçilməyib. Məsələn, Fransa, Belçika, Hollandiya, Almaniya, Norveç kimi NATO-nun əhəmiyyətli ölkələrindən hərbi nümayəndələrin dəvət olunmaması, alyans daxilində bu ölkələrlə əsaslı diskussiyalar olduğuna sübut ola bilər.
Azərbaycanın bu təlimlərə dəvəti isə qardaş Türkiyənin ordumuzun döyüş hazırlığınun artırılmasında həmişə marağı olduğundan irəli gəlir. Həmçinin bu münasibət Qazaxıstan və Özbəkistan ordularına da aiddir. Həmin ölkələrin ordularının möhkəmliyi, Orta Asiyada hərbi stabilliyin, əmin-amanlığın, müstəqilliyin ilkin faktorudur. Bu iki ölkə Orta Asiyanın onurğa sütunudur.
Bu dəfəki, “Efes-2018” təlimlərində Türkiyə özünün yeni silah növlərini də nümayiş etdirirdi. Bunlara gecə-gündüz istifadəli, lazer başlıqlı, müxtəlif platformalardan tətbiq olunan, müxtəlif mənzilli idarəolunan sursatlar daxildir. Məsafədən idarəolunan, silahlanması tam robotlaşdırılmış zirehli atəş-döyüş maşınları, yüksək enerjili mərmilərlə atəş açan yüngülləşdirilmiş desant topları daxildir. Bu təlimlərdə isə üç ədəd “BayraktarTB2” PUA-sı ilk dəfə iştirak etdi və iştirakçılara təqdim olundu. Türkiyə Silahlı Qüvvələrinin silahlanmasına 2016-cı ildə daxil edilmiş “uçan qala” adlandırılan CH-47F “Chinook” helikopterləri də “Efes-2018”də ilk dəfə göstərildi. Cüt mühərrikli, iki rotorlu, ümumi 8 ton yük daşıyabilən bu maşınların yaxın zamanlarda Türkiyədə lisenziyalı istehsalı gözlənilir. Türk sənayesinin öz donanması üçün istehsal etdiyi idarəolunan raket silahlı korveti “Böyükada”da ilk dəfə iştirak edirdi. İlk dəfə “Efes” təlimlərində iştirak edən silahların arasında yeni “KORKUT” hava hücumundan müdafiə sistemi, lazer başlıqlı hava-yer/yer-yer/gəmi-yer 78mm kalibri olan “Çirit” raketləri, uzun mənzilli lazer müşayətli L-UMPAS raketləri, modernləşdirilmiş MPT-76 modernləşdirilmiş piyada füfəngi, üzən zirehli istehkam və mühəndis maşını AZMUM/KUNDUZ, 203 mm-lik haubitsa da var idi. Bu, Türkiyənin yaxın 20 ildə öz ordusunu milli silahla tam təmin etmək istəyi kimi strateji ambisiyalı planını tam ciddiliklə yerinə yetirdiyini göstərir.
Hərbi ekspert Vüqar Miraslanov
Yazı
Ordu.az-a məxsusdur