“EFES-2018”: “Arnlandın işğal etdiyi ada” harada yerləşir? – EKSPERT ARAŞDIRMASI
Oxunub: 4127
21:01
10 May 2018
Türkiyə Silahlı Qüvvələri tərəfindn keçirilən “EFES” təlimləri hər ölkə miqyasında hər il, beynəlxalq miqyasda isə iki ildən bir keçirilir. Bu il artıq ikinci dəfə keçirilən təlimlərə 11 aprel tarixindən start verilib. 7- 11 may tarixlərində isə döyüş atışlı təlimlər icra ediləcəyi nəzərdə tutulurdu. Təlimlərin praktik döyüş atışları mərhələsiinin İzmir şəhəri ətrafında yerləşən Seferihisar bölgəsində keçirilməsi qərara alındı.
TSQ-nın Baş Qərargahı, Quru Qoşunları Komandanlığı, Dəniz Qüvvələr Komandanlığı, Hərbi Hava Qüvvələri Komandanlığı, Xüsusi təyinatlı Qüvvələr Komandanlığı və Sahil Təhlükəsizlik Komandanlığının təşkil etdiyi güniş miqyaslı təlimlərdə Türkiyə ilə bərabər Azərbaycan, ABŞ,Bəhreyn, Banqladeş, Bosniya- Hersoqovina, Gürcüstan, İngiltərə, İtaliya, Qazaxıstan, Macarıstan, Makedoniya, Monqolustan, Özbəkistan, Pakistan, Rumıniya, Slovakiya, Səudiyyə Ərəbistanı, Əlcəzair, İordaniya, Küveyt ve Malayziyadan gələn hərbi birlik və bölmələr də iştirak edirdi.
“EFES” təlimlərində müştərək iştirak edən quru, dəniz və hava bölmələrinin ancaq döyüş mərmilərindən istifadə edəcəyi öncədən məlum idi. Konvansional silahların istifadə ediləcəyi təlimlərdə terrorçuluqla mübarizə, kiber hücumlar, psixoloji və hibrit mübarizə metodlarının tətbiqi də planlara daxil idi.
Türkiyə Silahlı Qüvvələrinin təlim planına uyğun keçirilən müştərək "EFES 2018" təlimləri bu il 24 dost və müttəfiq ölkələrin iştirakı ilə keçirilir. Hazırda Türkiyə Respublikasında səfərdə olan Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi geniş tərkibdə nümayəndə heyəti müdafiə sənayesi sərgisini ziyarət edərək hərbi təyinatlı müasir silah və döyüş texnikaları nümunələri ilə tanış olublar. Sonra isə Azərbaycan nümayəndələri tam heyətlə yüksək səviyyəli müşahidəçilərlə birgə təlimin gecə saatlarında keçirilən mərhələsini izləyiblər.
Təlimlər Egey Ordusunun Komandanlığının rəhbərliyi altında dost və müttəfiq ölkələrin hərbi bölmələrinin iştirakı ilə Qərbi Anadolu, Orta Egey, İzmir Korfəzi və “Döğanbey” Atəş Təlim Bölgəsini əhatə edirdi. Təlimin əsas məqsədləri iştirak edən dost və müttəfiq ölkələrin birgə yaratdığı koalisiya qərargahının fəailiyyətinin koordinasiyasına, idarəetmə və qarşılıqlı əlaqənin təşkilinə, bölmələrin verilən tapşırıqların tam şəkildə yerinə yetirilməsinə və döyüş hazırlıq səviyyəsinin yüksəlməsinə nail olmaqdan ibarət idi.
“EFES- 2018” təlimlərinin ssenarisinin əsasını iki qonşu olan Arnland və Torrike ölkələrinin arasında baş verən gərginliyin mühaibəyə səbəb olması təşkil edirdi. Təlimlərdə bu ölkələr arasında baş verənlər, müharibə şərtlərinə uyğunlaşdırıldı. Əfsanəyə görə, Torrike Respublikası, adadan ibarət ərazisinin digər bir BMT üzvü olan Arnland Respublikası tərəfindən işğal edilməsi ilə əlaqədar BMT-yə yardım üçün müraciət edir. Birləşmiş millətlərin qəbul etdiyi qərara əsasən Azərbaycan, ABŞ, Bəhreyn, Banqladeş, Bosniya-Hersoqovina, Gürcüstan, İngiltərə, İtaliya, Qazaxıstan, Macarıstan, Makedoniya, Monqolustan, Özbəkistan, Pakistan, Rumıniya, Slovakiya, Səudiyyə Ərəbistanı, Əlcəzair, İordaniya, Küveyt və Malayziya, Türkiyənin liderliyini qəbul edərək ortaq silahlı hərbi birlik və bölmələr yaradaraq Torrikenin işğal etdiyi əraziləri azad edir və əsl sahibinə qaytarır.
“EFES 2018” təlimlərində iştirak edən dost və müttəfiq ölkələrin birgə yaratdığı koalisiya birliyinin təlimləri çərçivəsində hava hücum əməliyyatı ilə bərabər dənizdən sahilə desant çıxarılması mərhələsi də nəzərdə tutulurdu.
Təlimlərin son mərhələsində döyüş atışları, onlardan əvvəl isə hava hücum əməliyyatı icra edildi. 7-11 may tarixlərində keçiriləcək təlimlərin döyüş atışı mərhələsində iştirak etmək üçün Menteş rayonunun Urla qəsəbəsindəki hərbi təlim bazasından 4 ədədi iki mühərrikli olan 19 ədəd helikopter Seferihisar təlim bölgəsinə eniş etdi. Helikopterdən enən müştərək birliklər təlim planına uyğun olaraq ərazidə mövqelərə yerləşdi. Mövqelərdən hədəflərə doğru irəlləyən şəxsi heyət verilən tapşırıqları müvəffəqiyyətlə yerinə yetirdi. Azərbaycan Ordusunun da iştirak etdiyi hava hücümu əməliyyatında 8 ölkədən 318 nəfər şəxsi heyət iştirak edib. Təlim rəhbərliyi tərəfindən Azərbaycan Ordusunun döyüş hazırlıq səviyyəsi yüksək qiymətləndirilib.
Ən çox marağa səbəb olacaq mərhələ təbii ki, tanklardan, zirehli döyüş maşınlarından, zenit və tank əleyinə komplekslərdən, toplardan, minaatanlardan döyüş atışlarının icrası olacaqdı. Təlimlərdə HHQ-yə məxsus qırıcıların, helikoptelərin raket zərbələri və döyüş başlıqlı PUA-ların hədəflərə dəqiq nöqtə zərbələri endirməsi daim xüsusi coşqu ilə qarşılanıb.
Təlimləri ev sahibi Türkiyə Ordusunun rəhbərliyindən başqa Azərbaycan müdafiə naziri ilə yanaşı 10 ölkənin Baş Qərargah rəisi, müxtəlif Qüvvə Komandanları və 38 ölkədən 65 hərbi attaşe müşahidəçi qismində izləyib. Şəhid ailələri, müharibə əlilləri və iştirakçıları üçün təlimləri izləmək üçün xüsusi yerlər quraşdırılıb. “EFES- 2016” təlimlərində iştirak edən ölkələrin sayı 8 idisə, artıq “EFES-2018” təlimlərində 24 ölkənin iştirakı layihənin uğurundan xəbər verir. 945 nəfəri xarici iştirakçı olmaqla 7500 nəfərin qatıldığı təlimlərdə Azərbaycan Respublikası 100 nəfəlik şəxsi heyətlə təmsil olunub.
Yerli müşahidəçilərin də marağına səbəb olan təlimlərdə SAT və SAS komandoları dənizdən, Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyəti isə havadan desant çıxarma əməliyyatı ilə “EFES-2018” təlimlərinin döyüş atışlı mərhələsinə start verildi. Digər mərhələlərdə olduğu kimi, bu mərhələdə Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti yüksək bacarıq nümayiş etdirdi və pentatlon növü üzrə yarışda birinci yerə çıxdı.
XTQ ərazinin kəşfiyyatını həyata keçirdikdən sonra artilleriya vasitələrinin quruda olan düşmən hədəflərinə kütləvi atəş zərbəsi endirildi. Müttəfiq ülkələrin F- 16 qırıcıları aşkar edilən və PUA-larla göstərilən hədəflərə raket zərbəsi endirdi. Davam edən artilleiya zərbəsinin növbəti dalğasında hücum helikopterləri özlərinin seçdikləri hədəflərə atəş açdılar. Gəmilərdən açılan hücum atəşlərinin ardından SAT və SAS komandoları dənizdəki minaları aşkarlayıb təmizlədi. Artilleriya atəşinə parallel olaraq müttəfiqlərin 2 ədəd F-16 təyyarəsi əraziyə bomba atdı.
Hücum helikopterlərinin desant çıxarılacaq bölgədə xüsusi təyinatlı qrupun aşkar etdiyi hədəfləri məhv etməsindən sonra desant bölmələrin dənizdən sahilə çıxarılması üçün lazım olan kəşfiyyat tədbirləri icra edilir. Qrupun fəaliyyəti daim hücum helikopterləri tərəfindən havadan dəstəklənir, əməliyyat bölgəsi daim atəş altında saxlanılır. Havadan endiriləcək qüvvələrin fəaliyyət rayonunda yerləşən düşmən hədəfləri, döyüş başlıqlı PUA-lar tərəfindən yüksək dəqiqliklə vuruldu. Döşmən tankları qırmızı nöqtələr 4 ədəd “Atak” helikopterləri tərəfindən atılan raketlərlə yox edildi. Bununla hava hücumu mərhələsi yekunlaşdı.
Sahilə desantın çıxarılması üçün hazırlıqlar başa çatan kimi şəxsi heyətin, tank və zirehli vasitələrin olduğu desant gəmiləri sahilə yaxınlaşdı.
Dəniz piyada bölmələrinin avanqard qrupu dənizdən sahilə çıxır və desant bölmələrinə havadan zərbə endirməyə cəhd edən düşmən qüvvələri HHM vasitəsilə məhv edilir. Əsas qüvvələrin adaya çıxarılması, vacib obyektlərin ələ keçirilməsi, koalisiya qüvvələrinin azad edilən hüdudlarda möhkəmlənməsi təlimin son mərhələsinə aid epizodlar idi. Üst qərargahın döyüşü idarəetmə hazırlığı da təlimlərə daxil edilən vacib mərhələlərdən hesab olunur.
“EFES- 2018” təlimlərində qərargah hazırlığı, hava hücumu, desant çıxarılması, döyüş atışları ilə bərabər artıq konvansional müharibənin tərkib hissəsinə çevrilən terrorçuluqla mübarizə də yer alır. “Ağ Dəniz Qalxanı”, “Fərat Qalxanı” və “Zeytun Budağı” əməliyyatlarında Türkiyənin əldə etdiyi terrorçuluqla mübarizə metodları təlimlərdə əyani sürətdə nümayiş etdirildi.
İlk dəfə “Milgem” layihəli TCG “Büyükada” gəmisi, TCG “Bayraktar” desant gəmisi, “Cirit” lazer başlıqlı raketlər, “Korkut” HHM kompleksi, “L-UMPAS” uzun mənzilli lazer başlıqlı raketlər, MPT-76 müasir piyada tüfəngi, “AZMİM/Kunduz” üzə bilən zirehli mühəndis istehkam maşını, 203 mm özüyeriyən artilleriya qurğuları döyüş atışlarında istifadə edildi. 3 saat havada qala bilən, 537 km uçuş məsafəsinə sahib “ATAK” helikorterlərinin nöqtə atışları təlimlərə xüsusi rəng verdi. Təlimlərdə üç ədəd TB2 “Bayraktar” döyüş başlıqlı PUA-dan ilk dəfə istifadə edildi. Beləliklə terrorla mübarizə hərəkatlarında Türkiyə Silahlı Quvvələrinə böyük dəstək verən bu sistemlər ilk dəfə beynəlxalq təlimlərdə imkanlarını təsdiqlədi. Türkiyə Silahlı Qüvvələrinin silahlanmasına 2016-cı ildə daxil olaraq "uşan qala" adlandırılan CH-47F “Chinook” helikopterleri də “EFES 2018” təlimlərində debüt etdi. İki mühərrikə və iki pərvanəyə sahib ağır helikopter 8 ton yük daşımaqla müxtəlif vacib məqsədlərlə istifadə edilə bilər.
Təlimlərə Türkiyənin Milli Müdafiə Nazirliyi, XİN, DİN, Nəqliyyat və Dənizçilik Nazirliyi, Səhiyyə Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi, “Qızıl Ay” Baş İdarəsi, Baş Nazirliyin İnformasiya İdarəsi və s. çox sayda qurumlar dəstək verdi.
Təlimlərə çəlb edilən Azərbayçan Ordusunun şəxsi heyəti ayrı-ayrı mərhələrdə daim ilk yerlərə layiq görülüb. Yekun nəticə hələ elan olunmadığına görə, ümumən dəqiq nəticəni deyə bilmirik. Lakin gecə döyüş atışlarını izləyən Müdafiə Nazirimizin iştirak edən şəxsi heyətlə görüşməsi və fərqlənən həbçiləri mükafatlandırması ən azı ilk 3 pillədən birinin Azərbaycan Əsgərinə aid olacağından xəbər verir.
Eşitdiklərimizdən, oxuduqlarımızdan, bildiklərimizdən toplayıb Sizin üçün “EFES-2018” təlimləri barədə müəyyən təssəvvür yaratmağa çalışdıq. Təlimim hazırlığı, məqsədləri, ssenarisi, cəlb edilən tərkibi, mərhələləri, yeni siahların tətbiqi, qərargahların hazırlığı, qabaqcıl təcrübə mübadiləsi və s. barədə müsbət fikirlərimizi nəzərinizə çatdırmağa cəhd etdik.
Özümün də hər bir yazıda bəyənmədiyim və ya çox bəyəndiyim bir məqam olur. Bu yazımda isə ən çox bəyəndiyim təlimlərin ssenarisi idi. Əminliklə deyirəm ki, təlim rəhbərliyi ssenaridə “Torrikenin işğal etdiyi ada” dedikdə məhz Azərbaycanın işğal altında olan Dağlıq Qarabağı və ətraf rayonları nəzərdə tuturdular. Təlim təşkil edənlərə, Qarabağımızı unutmayanlara və hər zamankı kimi bayraqlarımızı uca tutanlara dərin təşşəkür edirik!