Beynəlxalq araneda və səngərdə döyüşən qəhrəmanlarımız – Ulu Öndəri anırıq (REPORTAJ)

2018/05/8_12207629448.jpg
Oxunub: 4310     19:59     10 May 2018    
“Vətənin, torpağın və millətlərin birliyi və çiçəklənməsi üçün bir olaq!” şüarını əlində bayraq tutan “Facebook” sosial şəbəkəsində və gündəlik həyatda fəaliyyətdə olan “Legion” hərbi vətənpərvərlik klubu, müasir Azərbaycan KİV-ləri içərisində qısa zaman ərzində dayanıqlı fəaliyyət və sözə malik olan Ordu.az saytı bir-birindən fərqli layihələri ilə bu dəfə də oxucularını sevindirdi.

Müasir Azərbaycanın qurucusu olan Ulu Öndər Heydər Əliyevin doğum gününü fərqli olaraq qeyd etmək üçün qarşımıza məqsəd qoyaraq, Azərbaycan Silahlı Qüvvələrinin yaradıcısı mərhum prezidentimizin bu gününü Vətəni qoruyan əsgərlərimiz, rəşadətli zabitlərimiz və düşmənin azğınlığına mətanətlə sinə gərən cəbhəyanı ərazilərdə yaşayan zəhmətkeşlərimizlə birlikdə qeyd etməyi qərara aldıq.


Bu səfərə bizimlə dövlətimizin bayrağını dəfələrlə böyük çempionatlarda qaldırmış Avropa və dünya çempionlarımız – güləşçilərimiz də qatıldılar. Gənc güləşçilər “Şöhrət” ordenli yeniyetmə və gənclər arasında Avropa çempionu, böyüklər arasında dünya çempionu, Dünya Olimpiya oyunlarının qalibi və Olimpiya üçünçüsü Rəsul Cunayev, “Tərəqqi” ordenli Azərbaycan Respublikasının əməkdar idman ustası, Avropa Oyunlarının qalibi, İslam Oyunlarının gümüş mükafatçısı Rafiq Hüseynov, yeniyetmə gənclər arasında dəfələrlə Avropa çempionu, dünya çempionu, böyüklər arasında Avropa çempionu Eldəniz Əzizli Ulu Öndərin doğum gününün bu şəraitdə keçirdiklərini ömürləri boyu heç zaman unutmayacaqlarını sevinc hissi ilə bəyan etdilər.


Layihəmizin realizəsinə ilkin olaraq təmas zonasına yaxın olan Xocavənd rayonundan başlanıldı. Əvvəlcə Rayon İcra Hakimiyyətinin qarşısında Ulu Öndər Heydər Əliyevin büstünə tər güllər qoyularaq onun xatirəsi yad edildi. Rayonun İcra hakimiyyətinin başçısı Eyvaz Hüseynovla görüş mehribançılıq və sevinclə yadda qaldı. Başçı idmançılarımızı rayonun tarixi və zəhmətkeşləri ilə tanış edərək hər zaman bir nəfər kimi Ali Baş Komandanın “İrəli!” əmrini gözlədiklərini bəyan etdi. Görüş zamanı idmançılarımız Azərbaycanda idmanın inkişafına görə əməkləri və çalışmaları, “Legion” qrupunun admin heyəti isə vətənpərvərliyin tərənnümü, bu sahədə fasiləsiz xidmətləri üçün Abuzər Əbilov və İlqar Həsənov “Fəxri fərman”la mükafatlandırıldılar.


Bundan sonra idmançılarımız “N” saylı ordu birləşməsinin komandanlığı ilə görüşləri oldu. Komandanlıq qonaqları və Azərbaycan xalqını əmin etdi ki, bu gün əsgər və zabitlərin xidmət və məişət şəraiti yüksək səviyyədə təşkil olunub. Silahlı Qüvvələr torpaqların qısa müddətdə azad olunması üçün Ali Baş Komandanın əmrini səbirsizliklə gözləyirlər. Görüş səmimi söhbət məcrasında davam etdi.


Növbəti ziyarətimiz ön xətt və azad olunmuş Lələtəpə yüksəkliyi, burada xidmət aparan əsgər və zabitlərimizin apardığı xidmət şəraiti ilə tanışlıq oldu. Əsgərlərimizin mətin, zabitlərimizin hərbi elmli olmasının bir daha şahidi olduq. Mənfur düşmən qarşısında mətin dayanan hərbçilərimiz hər an irəliyə atılmaq və düşməni qovaraq torpaqlarımızı azad etmə arzusu ilə yandıqlarını dilə gətirdilər. “N” saylı hərbi hissənin komandiri səngərdə yaradılan xidmət və məişət şəraiti ilə bizləri tanış etdikdə, bir daha əmin olduq ki, Azərbaycan Ordusu Cənubi Qafqazın ən müasir, təminatlı və nizami ordusudur.


Buradan Ali Baş Komandan, Prezident İlham Əliyevin “Böyük Qayıdış” layihəsi əsasında bərpa olunmuş Cocuq Mərcanlı kəndinə yol aldıq. Burada görülən abadlıq işləri, müasir və səliqəli binalar, məktəblər, mascid, dövlət idarəsi binaları, müasir kommunikasiya bizləri bir daha heyran etdi. Bu böyük iş və əmək üçün ölkə prezidentinə bir daha vətəndaş kimi təşəkkür ünvanladıq.

Səfər başa çatdı. Qayıdarkən Rəsul Cunayev “Əgər bu gün Azərbaycan Ordusunun hərbçiləri öz həyatları bahasına vətəndaşlarımızın, bizim, övladlarımızın sakitliyini qoruyursa, bizim vəzifə borcumuz Azərbaycana böyük arenalardan daha da böyük mükafatlar gətirmək və onun bayrağını birincilik kürsüsündə öpərək yüksəklərə qaldırmaqdır. Bu, müqəddəs borcdur” dedi. Var ol Azərbaycan!








Hərbi ekspert Abuzər Əbilov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ulu-Öndər-Heydər-Əliyev   Cəbhə   Azərbaycan-ordusu  


Bizi "telegram"da izləyin