Aprelin 23-də nəşrin daimi müəllifi Deyv Məcumdar "The Buzz and Security" bölməsində "S-300 və S-400: real F- 35 qatilləri və ya şişirdilən boşluq" məqaləsi ilə çıxış edib. Məqalənin adından göründüyü kimi, Rusiya zenit-raket sistemlərinin döyüş effektivliyi üçüncü bir şəxs tərəfindən qiymətləndirilib.
Məqalənin əvvəlində D.Məcumdar, ABŞ hərbi komandanlığının Rusiya havadan müdafiə sistemlərinin effektivliyini sual altında qoyduğunu vurğulayır. Bundan sonra o, mövcud hadisələrin təfsirini təqdim edir. "The National Interest" Pentaqonun Rus silahlarına dair son şərhlərinin Türkiyəyə təsir etməsi arzusuyla əlaqəli olduğuna inanır. Ankarada Rusiya S-400 zenit raket kompleksinin satın alınmasına qərar verilib və bu da Vaşinqtonu narahat edir. Eyni zamanda, son ABŞ bəyanatları müşahidə olunan faktlar ilə ziddiyyət təşkil edir. Bununla yanaşı, Rusiya tərəfindən istehsal olunan ZRK-nın istehsalçıları, ABŞ və onun müttəfiqləri tərəfindən milyardlarla dollar investisiya yatırılan müasir təyyarə və uzaq mənzilli qanadlı raketlərin effektiv olmadığını iddia edirlər.
Həmçinin D. Məcumdar xatırladır ki, 19 aprel tarixindəki brifinqdən əvvəl ABŞ hərbi birliyi S-400 kompleksini daim ciddi təhlükə hesab edirdi. Əvvəllər belə bir sistemin A2/AD (giriş və manevrlərin məhdudiyyəti və qadağası) zonasının yaradılmasına və düşmən fəaliyyətini istisna etməyə qadir olduğu bildirilirdi.
Rusiya tərəfinin Suriya HHM qüvvələrinin koalisiya raketlərinin əksəriyyətini vurmasını təsdiq edən şübhəli açıqlamalarına baxmayaraq, Pentaqon rəsmi olaraq bütün koalisiya raketlərinin Suriyada öz hədəflərini vurduğunu bildirib. Raket hücumundan sonra, ABŞ Müdafiə Nazirliyinin sözçüsü Dana Uayt Rusiyanın Suriya ordusunun müvəffəqiyyəti ilə əlaqədar bəyanatının yanlış olduğunu və bütün hədəflərin məhv edildiyini söylədi. Həmçinin, Uayt Suriya hava hucumundan müdafiə sisteminin fəaliyyətinə də münasibət bildirib. Onun sözlərinə görə, ABŞ və koalisiyanın raketləri hədəflərinə çatdıqdan sonra Suriya HHM qüvvələri "yer- hava" raketləri buraxıb. Həmçinin, Pentaqonun nümayəndəsi Rusiya hava hücumundan müdafiə sisteminin səmərəsiz olduğunu qeyd edib. O, bu raket hücumundan iki gün sonra Suriyada mövcud olan Rusiya istehsalı HHM sisteminin təsadüfən döyüş rejiminə daxil olaraq baş verməyən raket hücumunu qeydə alması faktını isə, Suriyanın HHM sisteminin səmərəsiz olmasının göstəricisi kimi dəyərləndirib.
Baş Qərargah Rəisləri Komitəsinin nümayəndəsi general-leytenant Kennet F. Makkenzi az sonra Uaytın məlumatlarını təsdiqləyib. Onun sözlərinə görə, Suriyaya raket hücumu zamanı Rusiyanın hava müdafiə sistemi aktiv olub, lakin heç bir qarşı tədbir görməyib və daxil olan raketləri vurmağa cəhd etməyib. Ümumiyyətlə Rusiya tərəfi hava vəziyyətini sadəcə izləyib. Bundan əlavə, ərazidə uzun müddətli radar müşahidə və nəzarət təyyarələri mövcud olub. Rusiya hərbçiləri hadisələrə qatılmamaq qərarına gəlıb və Makkenzi niyə rusların bu şəkildə davrandığının səbəbini açıqlaya bilməyib.
Makkenzi Suriyadakı hava hücumundan müdafiə sisteminin aşağı effektivliyi barədə məlumatları təsdiqləyib və mühüm bir qeyd də edib. O, Suriya ordusunun arsenalında köhnə komplekslər ilə Rusiya hərbçiləri tərəfindən idarə olunan müasir sistemlər arasında əhəmiyyətli bir fərqin varlığını qəbul edib. General həmçinin qeyd edib ki, Rusiya hərbi qulluqçuları tərəfindən idarə olunan Suriya hava hücumundan müdafiə sisteminin bir hissəsi raket hücumu zamanı aktiv fəaliyyət göstərərək hücuma qarşı hərtərəfli qarşılıq verib. Bu baxımdan general, iki ölkə hərbi personalının nəzarəti altında müxtəlif komplekslər arasındakı fərqlər haqqında nəticələr çıxarır. Rusiya tərəfinin heç bir tədbir görməməsini general onların Suriyadakı HHM sistemlər ilə birbaşa bağlılığı ilə əlaqələndirib.
Məcumdar hesab edir ki, Rusiya hava hücumundan müdafiə sistemlərinin təsirsizliyi haqqında ABŞ rəsmilərinin bütün bəyanatları, son raket hücumundan çox NATO çərçivəsində tərəfdaşlardan birini Rusiya ilə əməkdaşlıqdan çəkindirmək məqsədi ilə əlaqəlidir. Onun fikrincə, bütün bu sözlər Şimali Atlantika ittifaqında ABŞ-ın müttəfiqi olan Türkiyəyə ünvanlanır. Ankara Rusiyadan S-400 "Triumf" almaq istəyir və Vaşinqton, öz növbəsində onu bu qərardan daşındırmaq istəyir.
Daha əvvəl Uayt məlumat verdi ki, ABŞ türk həmkarları ilə danışıqlar aparıb və onlara texnologiya uyğunsuzluğu problemləri haqqında xəbərdarlıq edilib. Beləliklə, Rusiya istehsalı olan komplekslərin NATO-nun standart kommunikasiya və nəzarət qurğuları ilə birgə fəaliyyət göstərməsi inandırıcı görünmür. Uayt sonunda qərarın Türkiyəyə aid olduğunu da əlavə edib. Ankara strateji maraqlarına uyğun hərəkətlər barədə özü qərar verməlidir.
Hadisələrin gedişatı aprelin 25-də Rusiya Müdafiə Nazirliyinin brifinqindən sonra kəskin şəkildə dəyişdi. Rusiya ordusunun açıqladığı məlumatlara görə, Suriya HHM qüvvələri buraxılan 105 rəqib raketindən 46-nı vurmağa müvəffəq olub. Yalnız 22 koalisiya raketi hədəflərinə çatıb. Brifinqdə əsas sübut NATO ölkələri tərəfindən istehsal edilən müxtəlif raketlərin parçaları idi. Rusiya hərbçiləri SCALP, "Tomahawk"və s. raketlərinin fraqmentlərini təqdim etdi. Bu raketlərdə ZRK məhvetmə elementlərinin izləri olduğu iddia edilir. Bu iddialar doğrudursa, o zaman Suriya HHQ-nın dünyanın ən güclü zenit raket potensialına malik olan dövlətlərdən biri olduğunu deyə bilərik. Sual doğuran məqamlardan biri isə raket zərbəsi endirilən təyyarələrə, o cümlədən Suriyanın hava məkanında və sərhədlərində, həmçinin dəniz akvatoriyasındakı gəmilərə cavab verilməməsi ilə bağlıdır. Adətən bir milyonluq raketdənsə, 50-130 milyon dollarlıq təyyarəni vurmaq HHM qüvvələrinə daha çox şöhrət gətirərdi.
İndi Pentaqon və Rusiya ordusu silah effektivliyi məsələlərinə şərh verməlidir. Bunu edərkən nüfuza xələl gətirilməməsi də nəzərə alınmalıdır. Rusiyanın versiyası ilə razılaşan ABŞ hərbi silahların səmərəsizliyini etiraf edir. ABŞ isə öz növbəsində səmərəsiz ZRK sistemlərinin versiyasını dəstəkləməyə davam edərək, çox baha və mürəkkəb texnologiyanın ən müasir nümunələrini nümayiş etdirir. Əlavə olaraq Məcumdar bildirib ki, Senatda Rusiya ZRK-nın yenidən ciddi və təhlükəli olması ilə bağlı yeni dinləmələr smetaların artırılmasına səbəb olacaq.
Mövcud vəziyyətdə, "The National Interest" yazısına görə, maraqlı bir məsələ ortaya çıxır. Pentaqon nümayəndələrinin Rusiyanın ZRK sistemlərinin səmərəsizliyi ilə bağlı sözlərinə inansaq xoşagəlməz bir sual yaranır: əgər belədirsə o zaman niyə ABŞ stels texnologiyaya və bu texnologiyadan istifadə edən avadanlıqlara yüzlərlə milyard dollar sərmayə yatırır? Rusiya hava müdafiə sisteminin səmərəliliyindən uzun müddət gizli texnologiyanın yüksək qiymətinə haqq qazandırmaq üçün istifadə edilirdi. Və son ifadələrdən sonra belə bir arqument yox olur. Deməli, stels texnologiya tərəfindən cavablandırılmalı olan təhlükə sadəcə olaraq ümumiyyətlə mövcud deyil.
Daha sonra Məcumdar aşağı görünüşlü aviasiya sahəsində ən məşhur proqramların dəyərini xatırladır. "Northrop Grumman" şirkətinin B-2 "Spirit" bombardmançısının hazırlanma və istehsalat proqramı vergi ödəyicilərinə 45 milyard dollara qiymətləndirib. "Lockheed Martin" kompaniyasının F-22 "Raptor" layihəsi təxminən 67 milyard dollara başa gəldi. "Lockheed Martin"in F-35 "Joint Strike Fighter" proqramının dəyəri təxminən 406 milyard dollara çatacaq. ABŞ Hava Qüvvələri yeni "Northrop Grumman" istehsalı olacaq B-21 "Raider" bombardmanı layihəsi üçün maliyyə planlarını hələ açıqlamayıb, lakin müxtəlif hesablamalara görə, bu layihəyə 56 milyard dollar xərclənəcək. Əhəmiyyətli olan isə bu rəqəmlərin yalnız təyyarələrin inkişaf etdirilməsi və qurulması xərclərini əks etdirməsi, istismar xərclərinin bura daxil edilməməsidir.
Birləşmiş Ştatlarda təyyarələr ilə yanaşı, özünəxas xüsusiyyətləri və imkanları olan aviasiya silahları da istehsal olunur. Aşağı gürünüşlü JASSM-ER və LRSO-nun uzun məsafəli qanadlı raketlər də yaradılır. Onlarla birlikdə HHM sistemini aşa bilən digər silah növləri də inkişaf etdirilir.
Demək olar ki, hər dəfə bu cür raketlərin yaradılmasında potensial rəqib Rusiyanın istehsalı olan zenit raket kompleksləri hesab olunur. Yenə də sual yaranır: Rusiya ZRK əslində belə faydasızdırsa, yaradılan raketlərin mənası nədir? Çin tərəfindən gələn təhlükəni xatırlaya bilərik, lakin bu belə yaranan sualları aradan qaldıra bilməz. Çinin HHM sistemləri, əsasən Rusiya istehsalı olan məhsulların nüsxələridır.
Məcumdar hesab edir ki, Silahlı Qüvvələr Komitəsində növbəti dinləmələrdə senatorlar yenidən S-300, S-400 və s. Rusiya zenit raket komplekslərinin yaratdığı təhlükələr barədə hərbi komandirlərin narahatedici hekayələrini dinləyəcəklər. Bir daha belə bir təhlükə müxtəlif layihələrin və proqramların görkəmli büdcələrinə haqq qazandırmaq üçün istifadə ediləcək. Şübhəsiz ki, məruzəçilər Kalininqrad vilayətində, Krımda və digər sahələrdə Rusiyanın A2/AD zonaları haqqında yenidən danışacaqlar. Beləliklə, dövriyyə yenidən başlanacaq.
Xatırladaq ki, Rusiya istehsalı olan zenit raket komplekslərinin effektivliyi ilə bağlı son müzakirələrin səbəbi NATO-nun Suriyadakı obyektlərə raket hücumu idi. 14 aprel gecəsi, Birləşmiş Ştatların təyyarələri və gəmiləri, İngiltərə və Fransada dörd növdən ibarət olan 105 qanadlı raketlə zərbə endirdi. Belə bir zərbənin nəticəsi hələ də beynəlxalq səviyyədə mübahisələr mövzusudur və daim mövcud məlumatı düzəltməyə imkan verən yeni informasiyalar aşkara çıxır.
Rusiyanın Müdafiə Nazirliyi aprelin 14-də Suriya hava hücumundan müdafiə sisteminin 71 raketini ələ keçirməyə müvəffəq olduğunu bildirdi. Zərbə onlarla gədəfə yönəlib və onların çoxu zərər görməyib. Bundan əlavə, bir çox hallarda raketlər əhəmiyyətli obyektləri deyil, köməkçi strukturları vurub.
Bir neçə gün sonra ABŞ hərbi nazirliyi öz versiyasını açıqladı. Pentaqona görə, kütləvi hücumun məqsədi yalnız üç Suriya hədəfindən ibarət idi. Bütün raketlərin müvəffəqiyyətlə hədəflərinə çatdıqları və Suriyanın HHM qüvələrinin gücsüz olduğu iddia edildi. Nəticədə, bütün hədəflər uğurla, fərqli tipli bir neçə raketlə vurulub. Bu bəyanatlardan sonra ABŞ rəsmiləri rus istehsalı zenit- raket komplekslərinin qeyri-effektivliyindən danışmağa başladılar.
Məcumdarın haqlı olaraq qeyd etdiyi kimi, bu cür bəyanatlar Rusiya ilə bağlı deyil. Onların əsas ünvanı Rusiyada hazırlanan zenit raket silahlarını almaq istəyən Türkiyədir. Xarici ZRK-ların satın alınması üçün Türkiyə tenderinin tarixi bir neçə ildir uzadılır və demək olar ki, başından bəri rəsmi mübahisələrlə müşayiət olunur. Ankaranın qərarından narazı olan Vaşinqton əvvəlcə Türkiyəni xarici texnologiyaların NATO sistemlərinə uyğunsuzluğu ilə bağlı problemlər barədə xəbərdarlıq etdi, sonra isə Rusiya ZRK-ları qarşısında raketlərindən istifadə edərək onların kifayət qədər effektiv olmadığı barədə bağlı mübahisələr yaratdı.
Bundan əlavə, Rusiya ZRK-larının effektiv olmadığı barədə iddialar ABŞ hərbçilərinin nüfuzuna ciddi xələl gətirir. Əvvəllər onlar bu sistemləri ciddi təhdid hesab edərək heç də ucuz olmayan aviasiya texnikalarının və sursatlarının yaradılmasını vacib hesab edirdilər. İndi belə çıxır ki, əslində heç bir təhlükə olmayıb və bütün çəkilən xərclər mənasız olub.
Yazı Kril Ryabovun məlumatları əsasında hazırlanıb
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az