Böyük Qələbəyə doğru: "Şuşadakı erməni bayrağını endirib yerinə öz bayrağımızı asacağıq"

2018/04/14829500184255165121_1000x669_1522842332.jpg
Oxunub: 2322     19:44     04 Aprel 2018    
Ali Baş Komandan İlham ƏLİYEV:

Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun, bərpa edəcəkdir.

Azərbaycan Ordusunun sıralarında qəhrəmanlıq və mərdlik məktəbi keçən oğullar iki il əvvəl, 2016-cı ilin aprelində tariximizin ən şanlı bir səhifəsini yazdılar. Çox qısa bir müddətdə baş tutan aprel savaşı nəticəsində vacib yüksəkliklər işğaldan azad edildi və 2 min hektardan artıq ərazi düşmən tapdağından təmizləndi. Əslində, bu qələbənin miqyası təkcə statistik uğurlarla bitmir, bu zəfər xalqımızın mənəvi qələbəsi oldu. Bütün dünya ictimaiyyəti başa düşdü ki, Azərbaycan əzəli torpaqlarının işğalı faktı ilə heç vaxt barışmayacaq. Sadəcə olaraq dövlətimiz humanist dəyərlərə sadiq qalaraq ərazi bütövlüyümüzün heç bir tərəfdən itki verilmədən sülh yolu ilə təmin edilməsinə səy göstərir.

Ermənistan rəhbərliyi aprel hadisələrindən sonra aləmə car çəkdi ki, Azərbaycan silaha əl atıb, atəşkəsi pozub və sair. Amma Prezidentimizin dəfələrlə vurğuladığı kimi, qonşu dövlətin rəsmilərinə bir məsələni izah etmək lazımdır ki, beynəlxalq hüquqla tanınan qanuni torpaqlarımız işğaldan azad edilməlidir. "Əgər erməni əsgəri ölmək istəmirsə, onda Qarabağdan, Azərbaycan torpağından rədd olub getsin", - deyə dövlət başçımız bütün siyasi və diplomatik dairələrdə bəyan edir ki, Ermənistan öz xoşuna ərazilərimizdən geri çəkilməsə, aprel savaşı yenidən təkrarlana bilər. Bu gün müasir silah və texnikalarla tam təmin edilən Azərbaycan Ordusu qarşısında duran mühüm döyüş tapşırığını yerinə yetirməyə hazırdır.

Aprel döyüşlərinin ildönümü ərəfəsində "N" hərbi hissəsinin həmin savaşda fəal iştirak edən şəxsi heyətinin bir qrupu ilə görüşüb onların təəssüratlarını öyrəndik.

Cəlilabad rayon sakini kiçik çavuş Asim Əliyevlə söhbətə başlayırıq. Aprel döyüşlərində iştirakından ömrü boyu qürurlanacağını qeyd edən Asimə görə, Vətən üçün yaşamaq, bu yolda fədakarlığa hazır olmaq hər bir Azərbaycan gəncinin müqəddəs borcudur. "Bu döyüşlərin nəticələrini hər şeydən öncə vətənpərvərlikdə görürəm. Bacarıqlı əsgər kimi formalaşmaq üçün yüksək Vətən sevgisinə malik olmalısan, yəni, yaşadığın məmləkətə sıx tellərlə bağlanmalısan. Döyüşə məhz belə ülvi hisslərlə başladıq, ölümün gözünə dik baxaraq düşmənə gücümüzü sübut etdik. Mən də digər silahdaşlarım kimi bu qələbəyə azacıq da olsa töhfə verdiyim üçün özümü xoşbəxt sanıram".

Müqavilə əsasında xidmət edən əsgər Cümşüd Hüseynov müddətli hərbi xidmətini çətin dağlıq şəraitdə yerləşən hərbi bölmələrdən birində başa vurub, elə həmin dövrdə hərbi peşəni seçmək qərarına gəlib. Bu gün müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edən beyləqanlı hərbçinin də taleyinə aprel savaşının iştirakçısı olmaq yazılıb.


- Aprel döyüşlərində qələbəmizi təmin edən ən başlıca amillərdən danışan kiçik çavuş Əliyevin dediklərinə bir vacib məsələni əlavə etmək istəyirəm ki, güclü dövlətin, xalqın, millətin dəstəyi olmadan ordu savaşda qalib gələ bilməz, - Cümşüd dedi. - Ordu onda qüdrətlidir ki, dövlətin, xalqın qayğısı ilə əhatə olunur. Bu baxımdan aprel döyüşlərini bir örnək, nümunə hesab etmək olar. Əgər torpaqlarımızın işğaldan azad olunması üçün əmr, göstəriş olarsa, yenə də qələbə bizimlədir.

Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Xəzər Nəhmətov bildirir ki, əslində, aprel zəfəri ulu öndərimiz Heydər Əliyev ideyalarının təntənəsidir. "Bir vaxt əsgər kimi xidmət edəndə də komandirlərimiz, xüsusən ictimai-siyasi məşğələlərdə qrup rəhbəri olan zabitlər bizə izah edirdilər ki, müasir Azərbaycan Ordusunun bünövrəsini dahi rəhbər Heydər Əliyev yaradıb. Məhz onun rəhbərliyi ilə ordumuz ilk dəfə Horadiz istiqamətində düşmənə gücünü sübut edib və bununla müharibədə əsaslı dönüş yaranıb. Bu gün onun ideyaları, başladığı inkişaf kursu Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu isə bizə yüksək əhval-ruhiyyə, qələbəyə inam hissi aşılayır."

"Aprel döyüşləri şanlı tarixi qələbəmizdir", - deyən dövlətimizin başçısı bu savaşda əldə olunan uğurların bir səbəbini də zabit və əsgərlərimizin yüksək vətənpərvərliyi ilə izah etdi. Bu qələbə bir daha sübut etdi ki, Azərbaycan Ordusunun şəxsi heyəti milli-mənəvi dəyərlərə, yüksək əxlaqi keyfiyyətlərə malikdir.

Kapitan Rüfət DƏMİROV:

Aprel döyüşləri Azərbaycanın ordu quruculuğunun məntiqi nəticəsidi, desək, yanılmarıq. Bəzən bu döyüşləri Dağlıq Qarabağ münaqişəsində dönüş nöqtəsi də hesab edirlər. Bu döyüş sübut etdi ki, Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Aprel döyüşləri torpaqlarımızın bütövlüyünə də yol açdı.


Aprelin 2-də təmas xəttində təxribata əl atan düşmən mövqelərimizi iriçaplı silahlardan atəşə tutaraq hərbi üstünlük əldə etməyə çalışdı. Lakin düşmən Azərbaycan Ordusunun hissələrinin onların planlarından xəbərdar olduğunu unudurdu. Düşmən unudurdu ki, Murad Mirzəyev, Samid İmanov, Şükür Həmidov kimi oğulları olan orduya qalib gəlmək mümkün deyil. Minlərlə vətəndaşımız ruhən Azərbaycan əsgərinin yanında idi və torpaqlarımızın işğaldan azad olunmasında şəxsən iştirak etmək istəyirdi.

Aprelin 1-dən 2-nə keçən gecə düşmən təxminən saat 4 radələrində hücuma keçdi. Komandanlıqdan əmr gəldi ki, düşmən yenə də ön cəbhədə təxribat törədib. Hücumun qarşısı alınmalıdır. Səhər saat 04:50-də bölüyün döyüşçüləri düşmənin illərlə əlində saxladığı postu vurub keçdilər. Torpaq əsgərlərə güc verirdi. İrəlilədikcə əsgərlərdə döyüş ruhu yüksəlirdi. Yaddaşımda iz buraxan amil Lələtəpədə bayrağımızın dalğalandığını gördüyüm andı. Qələbədən sonra şəxsi heyətimizin yaşadığı sevinc anını sözlə ifadə etmək çətindi.

Lələtəpədə dalğalanan bayrağımızı görəndə qeyri-ixtiyari diz çökdüm. Özümü o ucalıqda hiss etdim. Bayrağımız dalğalanır, ürəyim tellənirdi: bayrağımızın dalğalandığı yerlərdən biri - Lələtəpə! Azərbaycan əsgəri bayrağımızın istəyini yerinə yetirdi. Ürəyim deyirdi ki, oğullarımızın Lələtəpədə, Bayraqtəpədə dalğalandırdığı bayrağın növbəti ünvanı Şuşa, Xankəndi... olacaq...

Gizir Sənan MƏMMƏDOV:

- 12 ildir, yenidən ordu sıralarına qatıldığım, ömrümü bu yolda fəda etməyə qərar verdiyim gündən həyat missiyamı anlayıb, nə üçün yaşadığımı dərk edirəm.

Şabran rayonunun Təzəkənd kəndində dünyaya göz açmışam. Sənan adını atam verib mənə. Hüseyn Cavidin əsərlərindən birinin qəhrəmanıdı Sənan. Bu adı verərkən, yəqin Vətənim üçün yaşayacağımı düşünüb. Atamı hələ uşaq yaşlarımda itirmişəm. İnanıram ki, bu gün həyatda olsaydı və məni hərbçi görsəydi, ürəyi dağa dönərdi. Əminəm ki, ruhu məni görür və qəbri nurla dolur.


Uşaqlıqda məni yaşıdlarımdan fərqləndirən elə də üstün xüsusiyyətlərim olmayıb. Hər kəs dərslərdən əla qiymətlər almağa çalışarkən mən bayraq, silah rəsmləri çəkərdim. Yəqin o günlərdən şüuraltıma həkk olunan düşüncəydi ki, hərbi xidmətə yollandığım ilk gündən nizam-intizamlı olmaqla yanaşı, silahlara böyük maraq göstərirdim. Hərbi xidmətə yollandığım ilk günü əsla unutmaram.

2002-ci il idi. Səhər saatlarında xidmət keçəcəyim hərbi hissəyə çatdıq. Nəzarət-buraxılış məntəqəsində əlində silahla növbə çəkən əsgərləri görəndə, “mən də əsgərəm, bir neçə saat sonra hərbi forma geyinəcəm” düşüncələri sevindirdi məni. Hərbi hissədə ucalan üçrəngli bayrağımızın gözəlliyinə diqqət edərkən əsgər əlini çiynimə qoyub "biz o bayraq daima dalğalansın deyə, əlimizdə silah Vətənin keşiyindəyik" dedi. O gün orduda aldığım ilk dərs oldu mənim. Sonra gənc əsgər dövrünü başa vurduq. Ön xəttə yollandım. Əvvəlcə qumbaraatan, sonra isə manqa komandiri vəzifəsinə təyin olundum. Xidmətimi düzgün qurmaq ən başlıca qayəm idi. Formanı əynimdən çıxarmağı heç istəmirdim.

Tərxis olunub ailəmin yanına yollandım. Mülki həyatın məni sıxdığını hiss edirdim. Ona görə də ordu sıralarına qatılmaq qərarımı əvvəl qardaşım Sərdara, daha sonra anam Solmaza bildirdim. Qardaşım 4 ildən artıq hərbi xidmətdə olduğu üçün anam hərbçi olmağımı istəmirdi. Lakin arzumu bildirdim, qarşımda maneə olmayın deyə, xahiş etdim. Nəticədə anamın xeyir-duası ilə gizir olaraq hərbi xidmətə qayıtdım.

Təyin olunduğum vəzifənin öhdəsindən layiqincə gələ bilmək üçün öz üzərimdə çalışdım. Hər gün, hər an Ali Baş Komandanın əmrini gözlədim. 2 il öncə aprelin əvvəllərində gözlədiyimiz məqam gəldi. Mənfur qonşularımız yenə təxribat törətmək istədi, postlarımıza hücuma keçdi. Düşməni məhv edərək geri oturtmaq əmri gəldi. Vaxt itirmədən erməni zirehli texnikalarını, mövqelərini məhv etmək üçün döyüşə başladıq. Döyüş maşınlarıyla düşmən texnikalarını, postlarını məhv etdikcə, heyətin sevinc qışqırıqlarını işləyən texnikanın səsinə baxmayaraq eşidirdik. Aprelin 3-ü gecəyə doğru Qapanlı istiqamətində yanımıza minaatan mərmisi düşdü. Döyüş maşınının tuşlayıcısı olan kiçik çavuş Allahverdi Babayev kürəyindən, mən ayağımdan yaralandıq. Aprelin 6-sı ailəmlə əlaqə saxladım. Anam dözməyib dərhal yanıma gəldi. 8 yaşlı oğlum Ramazan da gəlmişdi. Məni yaralı görüb "ata, səni ermənilər yaraladı, böyüyüb onların cəzasını verəcəm", dedi. Uşaq yaşlarından məni formada görən Ramazanın da hərbçi olacağına inanıram. Hər evə gələndə papağımı başına qoyub, qarşıma keçərək hərbi salam verməsi, "mən də komandir olacam" deməsi qürurlandırır məni. Onun üçün aldığım formanı həvəslə geyinir. "Açıq qapı" günlərində mənimlə hərbi hissəyə gəlir. Ən böyük arzum oğlumu hərbi dənizçi kimi görməkdir.

Sonda hərbi xidmətə hazırlaşan, eləcə də həyatını orduya bağlayan gənclərimizə demək istəyirəm ki, həyatda ən böyük səadət Vətən sevgisi ilə bu torpağa xidmət etməkdi. Atalar yaxşı deyib "Güc birlikdədir". Gəlin, gücümüzü birləşdirib üçrəngli bayrağımızı bütöv Azərbaycanın hər qarışında dalğalandıraq. Şuşada dalğalanan erməni bayrağını endirib yerinə öz bayrağımızı asaq, erməni kilsələrinin yerində ucaldılacaq məscidlərimizdə Şükür namazı qılaq.

* * *

Xalqımıza aprel qələbəsini yaşadan oğullardan biri ilə "N" hərbi hissəsində görüşürəm. "Vətən mərd oğulların çiyinləri üstə ucalar", - deyir kapitan Şəhriyar Quliyev.


Şəhriyar Salyan rayonunda anadan olub. Onda zabit olmaq həvəsi uşaqlıqdan yaranıb. Zabit olan bibisi oğlu və xalası oğluna baxıb o da böyüyəndə hərbçi olmaq həvəsinə düşüb. 8-ci sinfi bitirəndə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə sənəd verib. Zabit olmağı qarşısına məqsəd qoyan Şəhriyar dərslərini yaxşı oxuyub və liseyi uğurla başa vurduqdan sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. Leytenant rütbəsi alıb və xidmətə başlayıb.

- Həmin gün çox sevincli idim. Valideynlərimizin, yaxınlarımızın iştirakı ilə buraxılış mərasimi keçirildi. Bizə rütbələrimiz təqdim olundu, xidmət edəcəyimiz yer bildirildi. İlk xidmətimə ön xətdən başladım. Düşmənlə təmas xəttində yerləşən bölməyə təyin olundum. Oraya gəldiyim ilk gün uşaqlığım yadıma düşdü. “Böyüyəndə nə olacaqsan?” sualına həmişə "hərbçi olacam, düşmənlərimizi məhv edəcəm" cavabını verirdim. Arzum reallaşmışdı, zabit olmuşdum, düşmənlə təmas xəttində Vətənimi yağılardan qorumağa gəlmişdim. Düşmənə nifrətim uşaqlıqdan var idi. Xalqımıza qarşı soyqırımlar edib, bacı-qardaşlarımızı vəhşiliklə öldürən, körpə, yaşlı, qız-gəlin demədən mərmi yağışına tutan düşməni məhv edəcəyim günün arzusunda olmuşam hər zaman. Bu yolu seçməyimdə düşməndən qisas almaq hissinin də təsiri olub. Özümə söz verdim ki, xidmətimdə ikiqat məsuliyyətli olacam və düşmənə qəti göz açmağa imkan verməyəcəm. Bölmədə xidmət edən əsgərlərin vətənpərvərliyi, ordumuza, dövlətimizə bağlılıq da peşəmə olan sevgimi daha da artırdı. Hərbçi oldum.

O, ailəlidir, iki uşaq atasıdır. Dəfələrlə nümunəvi xidmətinə görə fəxri fərman və təşəkkür alıb. Aprel döyüşlərində göstərdiyi şücaətə görə növbəti hərbi rütbə ilə təltif olunub. Danışdıqca gözlərindəki qüruru görürəm. Peşəsinə ürəkdən bağlılığı, Vətənə sədaqəti, vətənpərvərliyi hər cümləsindən duyulur. Aprel döyüşlərindən danışırıq. Ali Baş Komandanın əmri ilə Böyük Qələbəni qazanmağa hər an hazır olduqlarını deyir.

- Həmin gün adi günlərdə ki, kimi vəzifə borcumuzu yerinə yetirirdik. Gecəyarı güllə səsləri eşidildi. Düşmən qüvvələri hücuma keçmişdi. Onlar atəşkəsi tez-tez pozurdular, lakin bu dəfə niyyətləri başqa idi. Bölməyə həyəcan komandası verildi. Tez bir zamanda tanklarımızı və döyüş maşınlarımızı işə saldıq. Heyət nəfərləri cəld olaraq silahlarını götürüb döyüş maşınında yerlərini tutdular. Əks-hücuma keçdik. Döyüşlər başlandı. Şəxsi heyətin hər biri sanki, bu günü gözləyirmiş kimi düşmən üzərinə şığıdı. Düşmənin arzusunu ürəyində qoyduq, onları bir addım da olsun irəliləməyə qoymadıq. Tanklarımızla qarşımıza çıxan bütün maneələri darmadağın edə-edə Talış yüksəkliyinə qədər irəlilədik. Düşmən özünü itirmişdi, geri çəkilirdi. Bir məqamı qeyd edim ki, döyüş ancaq silah, texnika, taktika ilə olmur. Bizim gücümüz Vətən sevgimizdədi. Biz savaşı ürəyimizdə qazanmışdıq. Mən bunu bütün əsgərlərimdə gördüm. Rütbəsindən, vəzifəsindən asılı olmayaraq hər kəs bir yumruq olmuşdu və bu yumruğun zərbəsi düşməni məhv etdi. Düşmən bizim gücümüzə tab gətirməyib geri çəkiməyə məcbur oldu, silahlarını, texnikasını döyüş meydanında qoyub qaçmağa başladı. Həmin döyüşlər bir daha sübut etdi ki, erməni əsgəri Azərbaycan əsgərindən qat-qat zəifdi. Və bütün dünyaya bir daha göstərdik ki, ermənilər ata-baba torpaqlarımızı sülh yolu ilə tərk etməsələr, onları məhv etməyə qadirik. Torpaqlarımıza bəd niyyyətlə ayaq basan sağ qalmaz. Xalqımız əmin olsun ki, tez bir zamanda onlara Böyük Qələbə sevincini yaşadacağıq.

...2016-cı il aprelin əvvəllərində erməni mənfurları atəşkəsi yenidən pozub, dinc əhalini atəşə tutdular. Silahlı təxribat törətməyə cəhd etdilər. Həmin gün əsgərlərimiz Vətənin keşiyində daim ayıq-sayıq dayandıqlarını bir daha sübut etdilər. Gecəyarı təxribat törətməyə cəhd edən düşmən qüvvələrinə ağır zərbə endirdilər. Düşmənin xeyli canlı qüvvəsini məhv edən döyüçülərimiz ölkəmizə bayram əhval-ruhiyyəsi, qələbə havası bəxş etdilər. İllər öncə işğal etdikləri torpaqlarımızdan çıxmaq istəməyən yağılar ordumuzun gücü qarşısında aciz qaldılar. Döyüş meydanında silahlarını qoyub qaçdılar. Strateji cəhətdən əhəmiyyətli olan Talış yüksəkliyi, Lələtəpə azad olundu. Həmin yüksəkliklərdə Azərbaycan bayrağı dalğalandı. Bu zəfər bir daha sübut etdi ki, düşmən tapdağında olan torpaqlarımızı müharibə yolu ilə azad etməyə qadir güclü ordumuz var.

Bu tarixi qələbənin iştirakçılarından daha birinin fikirlərini qələmə alıram. O da erməni təxribatının qarşısının alınmasında qəhrəmancasına döyüşüb, şücaət göstərib. Ona təhkim olunan tankı ilə düşmənə ağır zərbələr endirib. Düşmən mövqelərini dəqiq və sərrast vurub. Gizir Teymur Tağıyev Goranboy rayonundandır. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. Əsgəri xidmətini Naxçıvan Muxtar Respublikasında keçib. Vətən qarşısında övladlıq borcunu layiqincə yerinə yetirib. Əsgəri xidməti başa çatsa da, ordu sıralarından ayrılmayıb. Hərbçi olmaq, bu şərəfli peşəyə yiyələnmək istəyini yuxarı komandanlığa bildirib. 1999-cu ildə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində gizirlik kursunu bitirib. 20 ildən çoxdur ki, ordu sıralarında xidmət edən gizir döyüşlərdə göstərdiyi şücaətə görə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif olunub. Teymur qüsursuz xidmətlərə görə Müdafiə naziri tərəfindən 1-ci, 2-ci və 3-cü dərəcəli medallara da layiq görülüb.


- Tankçı olmağı hələ hərbi xidmətə çağırılmamışdan arzulayırdım. Bu arzunun yaranmasına stimul verən iki dəfə Sovet İttifaqı Qəhrəmanı general-mayor Həzi Aslanov oldu. Görkəmli sərkərdəni özümə ideal bilmişəm. Orta məktəbdə tarix kitablarından iştirak etdiyi döyüşləri, qəhrəmanlıqları haqqında tez-tez oxuyurdum. Tank oyuncağım ən sevdiyim əşyam idi. Arada bu oyuncağın real tank olduğunu və onunla erməniləri məhv etdiyimi xəyal edərdim. Tankçı olmaq istəyim də o vaxtlardan yaranmışdı. Əsgəri xidmətimi başa vurduqdan sonra könüllü olaraq hərbi xidmətdə qaldım və uşaqlıq arzumun arxasınca getdim. Gizirlik kursunu uğurla keçdim, tankçı oldum. İlk xidmətim ehtiyat bölmələrdən birində oldu. Düzdür, tankçı olmuşdum, lakin hələ də arzuma çatmamışdım. Axı mən tankımla düşməni məhv etməliydim. İllər keçdi. Xidmətimi ön xətt bölməsində davam etdirdim. Və o gün döyüş əmri gəldi. Cəld tankı işə saldım. Tapqaraqoyunlu və Talış istiqamətində döyüşlərə atıldıq. Mövqedə yerimizi tutduq. Ağır döyüşlər başladı. Düşmənin bir çox zirehli texnikasını, onlarla canlı qüvvəsini məhv etdik. Düşmən tərəfə mərmi atdıqca, döyüş maşınlarını, canlı qüvvəsini məhv etdikcə sanki illərin ağrı-acısı çıxırdı canımızdan. Hər kəsin üzündə qələbə əzmi vardı. İllərdir ürəyimizi coşduran intiqam hissini az da olsa dindirirdik. Düşmənin bu hücumu gözlənilməz idi. Qəfil təxribata əl atmışdılar. Lakin, biz hər zaman döyüşə hazır olduğumuzu bir daha sübut etdik. Əks-hücuma keçərək onları məhv etdik. Düşmən geri çəkilməyə məcbur oldu.

Mən döyüş qabiliyyətimizin, təcrübəmizin yüksək olmasında keçirilən irimiqyaslı təlimləri xüsusi vurğulamaq istəyirəm. Belə təlimlər bizi döyüşə daha da hazırlıqlı edir, təcrübəmizi artırır.

Hər kəs əmin ola bilər ki, tez bir zamanda bu qələbəmizi yenidən təkrarlayacaq, torpaqlarımızı işğaldan azad edəcəyik.

Tarix boyu xalqımız qəhrəmanlıq ənənələri ilə ad-san çıxarıb, yadellilərə qarşı mərdliklə döyüşüb. Xalq şairi Zəlimxan Yaqubun şeiri var: "Ordun varsa, yurdun var". Doğrudan da, nizami ordu, mərd və qorxmaz oğullarımız olmasa, Vətəni nə qorumaq, nə də yaşatmaq olar. Güclü ordumuz olmasa, müstəqilliklə, azadlıqla bağlı bütün arzularımız puça çıxar. Ümummilli liderimiz Heydər Əliyev deyirdi: "Müharibə etmək, sadəcə, müxtəlif istiqamətlərdən atəş açmaq deyil. Bu, mükəmməl təcrübə, hazırlıq və yüksək döyüş ruhu tələb edir". Aprel döyüşləri də bir daha sübut etdi ki, yüksək maddi-texniki baza ilə yanaşı, ordumuzun peşəkar, vətənpərvər, qorxmaz, igid döyüşçüləri var. Belə igidlərdən biri də çavuş Sərvan Cəfərovdur. Düşmən təxribatının qarşısının alınmasında Sərvan da şücaət göstərib, qəhrəmanlıqla döyüşən hərbçilərimizdəndi.


- Milli Qəhrəman Mübariz İbrahimovun xidmət etdiyi postda xidmət edirdim. Onun qəhrəmanlığını daim özümə örnək bilmişəm. Əsgəri xidmətimi başa vurduqdan sonra könüllü olaraq ordu sıralarında qaldım. Torpaqlarımızın 20 faizə qədərinin işğal altında olduğu bir vaxtda ordu sıralarında xidmətimi davam etdirməyi, hərbçi olmağı özümə oğulluq borcu bildim. Əsgəri xidmətim ön xətdə olub. Səngərdə xidmət etməkdən daim qürur duymuşam. Çünki səngərlər müqəddəsdir. Burada minlərlə qəhrəman oğullarımızın xatirəsi var. Barıt qoxulu bu mövqelərdə Mübarizlər, Raquflar, Samidlər, Fəridlər kimi neçə-neçə igid oğullar döyüşüblər, şücaət göstəriblər. Bu yerlərdə xidmət etmək, daim ayıq-sayıq dayanmaq, torpaqlarımızı işğaldan azad etməyə hazır olmaq bizim ən ümdə vəzifəmizdir. Aprelin 1-dən 2-nə keçən gecə düşmən təxribata əl atanda mən də döyüşə qoşuldum. Həmin gün yalnız bir məqsədimiz vardı, düşmənin hücumunu dəf edib irəliləmək. Vətən sevgimiz bütün düşüncələri üstələmişdi. Bölməmizin hər bir üzvü kimi, mən də bütün qüvvəmlə döyüşdüm. Bir neçə ermənini döyüş meydanında məhv etdim. Çox sevincli idim. Düşməndən intiqam alırdıq. İrəliləyirdik. Qısa vaxtda Talış yüksəkliyini ələ keçirdik. İndi danışdıqca həyəcanlanıram, həmin günlərə qayıdıram. İnşallah, tez bir zamanda işğalda qalan torpaqlarımızı da azad edəcəyik. Oğlum Vaqifin 8 yaşı var. Onun da gələcəkdə hərbçi olmasını istəyirəm. Özü də həvəslidir. "Ata, böyüyəndə zabit olacam, sənin kimi döyüşəcəm", deyir. Bu, mənim üçün ən böyük sevincdir.

"Hər zaman fəxr edirəm ki, aprel qələbəsində mənim də payım olub", - deyən çavuş Nəcmulla Novruzəliyev əslən Qubadandır. Əsgəri xidmətini də hazırda xidmət etdiyi hərbi hissədə keçib. Xidməti dövründə hərbi hissədə gördüyü doğma münasibətdən, ölkə rəhbərliyi tərəfindən hərbçilərə göstərilən yüksək diqqət və qayğıdan təsirlənərək xidmətini davam etdirmək qərarına gəlib. Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində kurs keçdikdən sonra xidməti yerinə qayıdıb.

- Həmin döyüşlərdə şəhid olan kapitan Nəcməddin Savalanovu döyüş meydanından mən çıxarmışdım, - deyir. - Nəcməddin hərbi hissənin qərargah rəisi idi. Onunla eyni mövqedə döyüşə girmişdik. Döyüş meydanında komandirimizin mərdliyi bizə daha da güc verirdi, ruhlandırırdı. Sol çiyin və sol ayaq nahiyəsindən yaralandı. Yaralı olmasına baxmayaraq döyüşü davam etdirirdi. Cəld şəkildə çavuş Səid Əzizli, əsgər Fərid Əzimovla birlikdə komandirimizi döyüş meydanından çıxartdıq. Huşu özündə idi, "Gəlirəm, yaramı bağlasınlar qayıdıram" deyirdi. Şəhid oldu. Biz torpaqların keşiyində inamla dayanmışıq. Ali Baş Komandanın bir əmri ilə işğalda olan bütün torpaqlarımızı azad etməyə qadirik.

Nəcmədin Savalanov kimi igid oğullarımız nəinki xalqımıza, bütün dünyaya əsl cəsarət, igidlik nümunəsi oldular. Onların hər biri mətanət, dözümlülük nümayiş etdirdilər. Bu döyüşlər ordumuzun gücünü, yüksək döyüş ruhunu, sarsılmaz iradəsinin sübutu oldu. Qələbəmiz cəmiyyətdə də ruh yüksəkliyi yaratdı. Xalqın ordumuza olan inamını daha da artırdı. Hər bir Azərbaycan vətəndaşı bir daha əmin oldu ki, Ermənistan ordusu bizim ordumuzdan qat-qat zəifdi. Ermənilər torpaqlarımızı sülh yolu ilə tərk etməsələr, ərazi bütövlüyümüzü müharibə yolu ilə təmin edəcəyik.

Arif Pənahov, Məhəmməd Əliyev, Ceyhun Cəfərli, Mahmud Möhbalıyev,
Azərbaycan Ordusu"
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Aprel-döyüşləri   Qəhrəmanlar  


Bizi "telegram"da izləyin