"Təyyarə daşıyıcılarının qatili": Çinin "Şərq küləyi" hansı istiqamətlərdə əsir? – ARAŞDIRMA

2018/02/3-_missile_240_223423_1518076928.jpg
Oxunub: 2308     15:58     08 Fevral 2018    
2018-ci ilin yanvarın sonunda Çin ordusu təkmilləşdirilən DF-21D raketini sınaqdan keçirdi. Çinin CCTV kanalının verdiyi məlumata görə, Çin Xalq Azadlıq Ordusunun (ÇXAO) nümayəndələri raketin effektivliyinin artırılmasına nail olublar. Kanalın yayımladığı süjetdə, raketin yolsuzluq şəraitində hərəkət edə bilən yeni bir mobil qurğudan buraxıldığı barədə məlumat verilib.

DF-21D (DongFeng, Çin dilindən "Şərq küləyi" kimi tərcümə olunur), Çinin ağır yanacaqlı iki pilləli orta mənzilli ballistik raketidir. Bu silahın unikal olması dünyanın ilk və yeganə gəmi əleyhinə ballistik raketi olmasındadır. DF-21D, yerüstü mobil qurğuların yardımı ilə böyük məsafədə yerləşən düşmənin hücum təyyarə daşıyıcı qruplarını (HTDQ) məhv etməyə qadir olan ilk silahlanma sistemidir. Artıq "təyyarə daşıyıcılarının qatili" adlanan bu balistik raket ABŞ Müdafiə Nazirliyinin mütəxəssisləri tərəfindən tərtib edilən Çinin ən nəhəng silahlarının sıralamasında birinci yerdədir. Qeyd etmək lazımdır ki, 1974-cü ildə Sovet İttifaqı Çinin DF-21D raketi kimi eyni məqsədli R-27K ballistik raketini hazırlasa da, hansısa səbəblərdən Sovet raketi heç vaxt silahlanmaya qəbul edilməyib.


2010-cu ilin avqustunda "Washington Times" qəzeti "Şərq küləyi" raketinin Soyuq Müharibədən bəri dənizdə ABŞ HDQ-nin qlobal üstünlüyü üçün ilk real təhlükə ola biləcəyi və ən yaxşı Amerika təyyarə daşıyıcılarının qorunmasını yara biləcəyi barədə analitiklərin rəyini dərc edib. Hal-hazırda, ABŞ ordusu, yeni növ raketlərin ÇXR-də aparılan sınaqlarını yaxından izləyir. Beləliklə, ABŞ kəşfiyyatından alınan məlumatlara görə, 2017-ci ilin noyabr ayında gizli şəraitdə Çin səsdən sürətli qlayder ilə təchiz edilən yeni DF-17 ballistik raketindən iki uçuş sınağını həyata keçirib.

Yanvarın sonunda sınaqdan keçirilən və modernləşdirilən DF-21D gəmi əleyhinə ballistik raket DF-21G yeni indeksi ala bilər. Sonuncunun sələfindən 30 % daha güclü olduğu qeyd olunur. Artan potensialı və raket üçün yeni bir mobil atıcı qurğunun yaradılması barədə açıqlanmalardan əlavə Çin nəşrləri tərəfindən heç bir əlavə məlumat verilmir. Biz yalnız əvvəllər Çin hərbi ekspertlərinin dəfələrlə yenidən ballistik raket buraxmaq üçün DF-21D raket sisteminin unikal atıcı qurğusuna bir neçə dəqiqə vaxt lazım olması barədə fikirlərini qeyd edə bilərik.

DF-21D raketləri haqqında etibarlı məlumata çox kiçik bir həcmdə rast gəlmək mümkündür. Son sınaqlar barədə də Çin mediyası sadəcə iki cümlə ilə kifayətlənib. DF-21D ballistik raketinin buraxılması üçün quraşdırılması ictimaiyyətə yalnız 2015-ci ilin sentyabrın 3-ü tarixində göstərildi. Onlar İkinci Dünya Müharibəsinin 70-ci ildönümünə həsr olunan böyük bir hərbi paradın tərkib hissəsi kimi Pekində nümayiş etdirildi.

DF-21D yaranma tarixi və xüsusiyyətləri

Əvvəlcə, orta mənzilli DF-21 mobil raket kompleksləri düşmənin komanda məntəqələrinə, idarəetmə, inzibati və siyasi mərkəzlərinə, eləcə də sahə hədəflərinə: dəniz limanlarına, aeroportlarına, neft və qaz terminallarına, elektrik stansiyalarına zərbə endirmək üçün nəzərdə tutulurdu. DF-21 strateji silah kimi yaradılsa da, daha sonralar bu raketlər həm nüvə (başlığın gücü 300 kt), həm də adi silahların daşıyıcısına çevrildi.


DF-21 Çin kompleksinin aparıcı layihə müəllifi, bu gün "China Changfeng Mechanics and Electronics Technology Academy" (CCMETA) kimi tanınan Çin Xalq Respublikasının İkinci Aerokosmik Akademiyası idi. Bu akademiya Çin Aerokosmik Şirkəti olan Çin "Aerospace Science & Industry Corporation"nın bir hissəsidir. 1970-ci illərin ortalarından etibarən Çində orta səviyyəli ballistik raket yaratmaq üzrə işlər fəal şəkildə aparılır. Bu hazırlıqlar ölkənin JL-1 sualtı qayıqları üçün ilk ağır yanacaqlı raketlərinin yaradılması işlərinə paralel olaraq inkişaf edirdi. Yeni orta ölçülü raket DF-21 dizaynında JL-1 raketinin gövdə və mühərrikindən geniş istifadə edilib. Hər iki raketlərin əsas konstruktoru Xuan Veylu olub. Texniki baxımdan DF-21, Çinin ayrılan başlıqla təchiz edilən iki pilləli ağır yanacaqlı ilk yerüstü ballistik raketdir.

Yeni raketin ilk müvəffəqiyyətli uçuş sınaqları 1985-ci ilin mayın 20-də Çində keçirilib. İki il sonra, 1987-ci ilin mayında, 25-ci Uçjay raket bazasında raketin ikinci uçuş sınağı keçirildi. 1988-ci ildə DF-21 kompleksinin sınaqları müvəffəqiyyətlə başa çatdı, lakin yeni raketin silahlanmaya qəbul edilməsi təxirə salınıb. Daha sonra raket davamlı olaraq modernləşdirildi.

Nəhayət 1996-cı ildə hədəfdən dairəvi yayınma ehtimalı 100-300 metr olan DF-21A modifikasiyalı raket silahlanmaya qəbul edildi. 2006-cı ildə ilk dəfə hədəfdən dairəvi yayınma ehtimalı 30-40 metrə qədər azalan DF-21C raketi ilk dəfə nümayiş etdirildi. Ən son seriya istehsal versiyası olan DF-21D raketləri hesab olunur, bu raketlərin hədəfdən dairəvi yayınma ehtimalı 30 metrdən də az olduğu düşünülür. Hədəfdən dairəvi yayınma ehtimalı göstəricisinə görə, Çin raketləri Amerikanın orta mənzilli MGM-31C "Pershing II" raketləri ilə eyni səviyyəyə yüksəlib. 1989-cu ildə silahlanmadan çıxarılan Amerikalı analoqu kimi, Çin raketi də manevr edən başlıqla təchiz olunur. Mütəxəssislər, bu raketlərin bir çox eyni xüsusiyyətlərə sahib olduqlarını qeyd edirlər.


DF-21D-nin manevr edən döyüş bloku bir neçə müxtəlif hədəfə istiqamətləndirmə sistemi ilə birləşdirilə bilər. Atəş üçün başlanğıc məlumatlar aviasiya, peyk hədəf təyinetmə sistemləri və ya üfüqarxası radiolokasiya stansiyaları ilə təmin edilə bilər.

Gəmi əleyhinə ballistik raketlərin buraxılmasını səmərəli hədəf göstərmə ilə təmin etmək üçün Çin əvvəlcədən kosmosa bir sıra ardıcıl peyk buraxılışını həyata keçirdi:

- 2009-cu ilin dekabrın 9- da optik- elektron peyki "Yaogan-7";
- 2009-cu ilin dekabrın 14-də diapazonu sintez edən RLS peyki "Yaogan-8";
- 2010-cu ilin martın 5-də dəniz radio elektron kəşfiyyat peykləri "Yaogan-9" adlı üç peykdən ibarət seriya.

Bu günə qədər peyklərin buraxılışı davam edir. Sonuncu üç yeni peykin orbitə buraxılması 2017- ci ilin noyabrın 24-də həyata keçirilib.

DF-21D raketinin başlıq hissəsinin ayrılmasından sonra surəti 10M (12250 km / saat) çatdığı güman edilir. Uçuşun passiv hissəsində raketin hədəfə tuşlanması, radar-izləmə sistemi vasitəsilə rəqəmsal kompüter sistemindəki siqnalları emal etməklə həyata keçirilir.

Bu gün nəşr edilən məlumatlara əsasən, uçuşun bu hissəsində manevr edən başlığın idarəolunması aerodinamik sükanın və qaz axınının nizamlanması blokunun hesabına həyata keçirilir. Çinin gəmi əleyhinə ballistik raketlərinin döyüş səmərəliliyi və texniki imkanları haqqında nəsə yazmaq çətindir, çünki açıq mənbələrdə kifayət qədər məlumat yoxdur. Ehtimal etmək olar ki, kiçik uçuş vaxtı (12 dəqiqə), yüksək uçuş sürəti və böyük bucaq altında başlığın hədəfə doğru yönəlməsi Çin raketlərinin ələ keçirilmə vəzifəsini hazırda mövcud olan bütün raket əleyhinə sistemlər üçün çox çətinləşdirir.

Gəmi əleyhinə balistik raketin 15 tona qədər kütləyə malik olduğu ehtimal olunur. Onun uçuş məsafəsi 1450 km-dir. Lakin, bəzi ekspertlər hesab edirlər ki, raket 2700 km-ə qədər məsafə qət edə bilər.


Qeyri-nüvə versiyasında, iki pilləli raket 500 kq ağırlığında adi bir partlayıcıya sahib olan döyüş başlığı ilə təchiz olunur. Bu, təyyarə daşıyıcıları da daxil olmaqla bütün böyük suüstü gəmilərə ciddi ziyan vurmaq üçün kifayətdir. Bəzi ekspertlər hesab edirlər ki, belə bir raket bir təyyarə daşıyıcısının batırılması üçün kifayətdir.

Ayrıca olaraq qeyd etmək lazımdır ki, DF-21 raketi Çinin peyk əleyhinə silahının sınaqları zamanı da istifadə edilib. Məsələn, 2007-ci ilin yanvarın 11-də dünya mətbuatı bu sistemin uğurlu sınaqları barədə məlumat verdi. Təkmilləşdirilən DF-21 raketi daha əvvəl istismardan çıxarılan Fengyun 1C (FY-1C) Çin hava peykini müvəffəqiyyətlə məhv edən KKV xüsusi kinetik qurğusunu orbitə çıxardı. Hədəfin ələ keçirilməsi Çinin mərkəzi bölgələrindən 537 km yüksəklikdə və 8 km/s surətlə toqquşma kursunda həyata keçirildiyi bildirilir.

Yerləşdirmə rayonları və məhvetmə zonaları

DF-21D gəmi əleyhinə ballistik raketlərin yerləşdirilmə rayonlarının Çanbayşan dağlarında olduğuna bildirilir. Hərbi ekspertlər bu dağlarda yerləşdirilən DF-21D gəmi əleyhinə ballistik raketlərin Yaponiya ərazisindəki bütün açar hədəfləri daim əhatə etməyə imkan verdiyini vurğulayırlar.

Mümkün hərbi münaqişə vəziyyətində, gəmi əleyhinə ballistik raketlər Yapon dənizində bütün giriş və çıxış nöqtələrini bağlayaraq, ÇXAO hərbi dəniz qüvvələrinin Yaponiya qarşısında nisbi zəifliyini kompensasiya etməyə imkan verəcək.


Çanbayşan dağ silsiləsi Çinin şimal-şərq əyalətləri boyunca uzanır və ÇXAO-nu Şərqi Çin dənizində şərtləri diktə etmək üçün kifayət qədər əlverişli strateji mövqe ilə təmin edir. Yəni raketlərin bu dağ silsiləsində yerləşdirilməsi çinli hərbçilərə şimaldan Laperuza boğazını (bu boğazın cənubu Rusiyanın Saxalin adasına, şimalı isə Yaponiyanın Xokkaydo adasına məxsusdur), cənubdan isə Yapon və Şərqi Çin dənizini birləşdirən Tsusima boğazını tam nəzarətdə saxlamağa imkan verir.

Çanbayşan dağlarında yerləşdirilən DF-21D raketlərinin məqsədlərindən biri də mümkün münaqişə zamanı Tayvan adasına və ətraf akvatoriyaya nəzarət etməkdən ibarətdir. ÇXR-in şimal-şərq və cənub-şərq sahillərində yerləşdirilən raketləri, Tayvan adasına görə mümkün regional münaqişə vəziyyətində ABŞ-ı müdaxilə etməkdən çəkindirə bilər.

İstənilən halda DF-21D raketləri ÇXAO-ya Tayvan ətrafında ABŞ-ın dəniz əməliyyatlarına qarşı çıxmaq imkanlarını əhəmiyyətli dərəcədə genişləndirir.

Araşdırma Sergey Yuferevin yazıları əsasında hazırlanıb
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   DF-21D  


Bizi "telegram"da izləyin