Ordu.az İsrail müdafiə naziri Aviqador Libermanın “İsraelhayom”a müsahibəsindən ən önəmli məqamları təqdim edir.
Libermanın çıxışı Həmasın Misir, Qəza və İsrail sərhədlərinə qədər uzanan tunellərə qarşı keçən həftəsonu aparılan əməliyyatlardan sonraya təsadüf edib.
Bu son aylarda aparılan artıq üçüncü belə əməliyyatdır. Birincisi oktyabrın 30-da, digəri isə dekabrın 9-da baş tutub.
Tunel təhdidini aradan qaldırmağa imkan verən yeni texnoloji inkişafdan ağız dolusu danışan Liberman bildirib ki, İsrail 2018-ci ilin sonuna qədər Həmasın bütün tunellərini məhv edəcək. Lakin nazir, bunun daha tez də başa çata biləcəyini istisna etməyib.
Kərəm Şalom sərhəd-keçid məntəqəsi hissəsində sərhədin İsrail tərəfinə çıxan tunelin tapılmasından danışan nazir, Həması keçid məntəqəni riskə atmaqda ittiham edib. Kərəm Şalom malların Qəza zolağına keçməsini təmin edən yeganə keçid nöqtəsidir. Orta hesabla hər gün 15 milyon ton yük aparan 1500 yük maşının keçdiyi bu xətt Qəza üçün həyati əhəmiyyət daşıyır.
“Tunel İsrailin suverenliyini pozur. Bu addım yardımların Qəzaya girə bildiyi yeganə xətti riskə atır. Bu özü də bizim kimlərlə üz-üzə olduğumuzu bir daha ortaya qoyur. Heç bir xətaya yol vermək olmaz”, - deyə Liberman bildirib.
Liberman qeyd edib ki, bütün təzyiqlərə baxmayaraq Həmas gərginliyi artırmağa cəhd etməyəcək.
“Həmasın müharibəyə maraqlı olduğunu düşünmürəm. Məncə onlar da bu müharibənin necə bitəcəyini yaxşı bilirlər”, - deyə o əlavə edib.
Tunellərin tapılmasına baxmayaraq, nazir İsrailin öz cari təhlükəsizlik strategiyasına sadiq qalmalı olduğunu qeyd edib.
“Bizim strategiyamız tamamilə aydındır. Onu minaatanlardan dağınıq şəkildə həyata keçirilən atışlara, yaxud da vəziyyətin hansısa mütəxəssis tərəfindən şərhinə uyğun dəyişmirik. Terror tunellərinin məhvi, yeraltı tunel bariyerlərinin tikilməsi və sərhəd yaxınlığındakı sakinlər üçün narahatlığımıza baxmayaraq strategiya dəyişməzdir. Həmasın bütün strateji imkanlarını aradan qaldırırıq”, - deyə Liberman bildirib.
Ağalar Ağalarlı
Ordu.az