Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistanın hərbi istintaq komitəsi tərəfindən aparılan geniş miqyaslı istintaq tədbirləri çərçivəsində, həlak olmuş və ya əlil olmuş hərbi qulluqçuların ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə Ermənistan müdafiə nazirliyi tərəfindən maddi vəsait ayrılması işində bir sıra sui-istifadə halları müəyyən edilib.
Mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə, maddi vəsait ayrılması işinin tezləşdirilməsi və onların xeyrinə qərar qəbul edilməsi işində müdafiə nazirliyinin məsul vəzifəli əməkdaşı və bəzi şəxslər arasında razılıqlar əldə edilib.
Nəticədə, əldə edilmiş razılığa əsasən maddi vəsait bank hesabına köçürülüb və daha sonra iri həcmdə rüşvət komissiyanın katibi, müdafiə nazirliyinin bölmə rəisi K. Harutyunyana çatdırılıb. Əldə edilən sübutlar əsasında, 4 fakt xüsusilə iri həcmdə rüşvət vermə halları daxil olmaqla, 5 nəfərə qarşı ittiham irəli sürülüb. Ermənistan müdafiə nazirliyinin artıq keçmiş bölmə rəisi olan K. Harutyunyana qarşı axtarış elan edilib.
Xatırladaq ki, 2017-ci il ərzində Ermənistan müdafiə nazirliyinin artıq ikinci əmakdaşı haqqında axtarış elan edilib. 2017-ci ilin aprel ayından Ermənisan müdafiə nazirliyinin maddi texniki departamentinin texniki təminat idarəsinin baş mütəxəssisi polkovnik-leytenant Arsen Qəribcanyan haqqında da axtarış elan edilmişdi. Axtarışdan 7 ay keçməsinə baxmayaraq o, hələ də tapılmayıb.
Alpər Mövludoğlu
Ordu.az