Ordu.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, İŞİD terror qruplaşması Nyu-York şəhərində 8 nəfərin həlak olması ilə nəticələnən terror aktına görə, məsuliyyəti öz üzərinə götürməsi barədə məlumat yayıb.
Oktyabrın 31-i gündüz saat 15:05 radələrində Özbəkistan vətəndaşı Seyfulla Saipov Manhettenin cənub-qərb hissəsində, “Home Depot” şirkətindən kirayəyə götürdüyü yük maşınını velosipet çığırına sürərək, velosipedçiləri və piyadaları vurub. Yük maşını habelə məktəb avtobusunu vuraraq 4 nəfəri yaralayıb.
Terrorçu, maşınında hücumun İŞİD tərəfindən edildiyi barədə qeyd buraxıb. Federal Təhqiqat Bürosunun məlumatına görə, Saipovun mobil telefonundan əksər hissəsi İŞİD təbliğatı ilə bağlı olan, xüsusən terrorçular tərəfindən həyata keçirilən edamlar, həmçinin terror qruplaşmasının və onların liderinin şəkillərindən ibarət 90-a yaxın video və təxminən 3800 ədəd şəkil aşkar edilib.
Ağalar Qəribov
Ordu.az