Müdafiə Nazirliyinin rəhbər heyəti Baş Klinik Hospitalı ziyarət edib - VİDEO+FOTOLAR
Oxunub: 251
16:19
25 İyun 2026
İyunun 25-də Müdafiə Nazirliyinin rəhbər heyəti 26 İyun – Silahlı Qüvvələr Günü və Azərbaycan Ordusunun yaradılmasının 108-ci ildönümü münasibətilə Baş Klinik Hospitalı ziyarət edib.
Bu barədə Ordu.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Ziyarət çərçivəsində əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin hospitalın ərazisindəki abidəsi önünə gül dəstələri düzülüb, Ulu Öndərin xatirəsinə dərin hörmət və ehtiram nümayiş etdirilib.
Sonra müdafiə naziri general-polkovnik Zakir Həsənov hospitalın tibb personalı və burada müalicə olunan hərbi qulluqçularla görüşüb, onların müalicə prosesi və səhhəti ilə yaxından maraqlanıb.
Nazirliyin rəhbər heyəti hərbi qulluqçuların tezliklə sağlamlıqlarını bərpa edərək xidmət yerlərinə qayıtmalarını arzulayıb. Daha sonra şəxsi heyətə bayram sovqatları təqdim edilib.
Hospitalın peşəkar tibb kollektivinin hərbi qulluqçuların müayinə, müalicə və reabilitasiyasındakı səmərəli fəaliyyəti rəhbərlik tərəfindən yüksək qiymətləndirilib.
Müdafiə naziri hərbi qulluqçulara daha keyfiyyətli tibbi xidmət göstərilməsi barədə vəzifəli şəxslərə müvafiq tapşırıqlar verib.
Hospitalın kollektivi və müalicə olunan hərbi qulluqçular müəssisədə yaradılan yüksək şəraitə, göstərilən diqqət və qayğıkeşliyə görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.